Dünya Mahmud Əhmədinejadın bəyanatlarını heçə sayır - AÇIQLAMA

“Mahmud Əhmədinejadın radikal bəyanatları İranın xarici siyasət xəttini müəyyənləşdirmir”

"İran artıq bir nüvə dövlətdir. İranın nüvə proqramına görə təzyiq altında qaldığı müddətdə müzakirələrə getməyəcəyik. Ancaq düşmənlər silahlarını bizə doğru yönəltməkdən çəkinsələr, müzakirəyə müsbət baxarıq". İran prezidenti Mahmud Əhmədinejad belə deyib. "İranda ali dini lider Ayətulla Xamneyi və müddətinin bitməsinə çox az qalmış Mahmud Əhmədinejad arasında fikirayrılığı mövcuddur. Ona görə də Əhmədinejad çox radikal fikirlər səsləndirir. Bu yolla da İrandakı radikal qüvvələri öz tərəfinə çəkməyə çalışır" deyən politoloq Qabil Hüseynlinin sözlərinə görə İranın bu gün dünyaya meydan oxumasına gücü yoxdur: "Əhmədinejad prezident yox, politoloq kimi ölkəsinin ətrafında baş verən hadisələrə şərh verir və yorumlarla dünyaya meydanoxuyucu tərzdə bəyanatlar səsləndirir. Bəyanatlar İranın mövqeyindəki qeyri-konstruktivliyə dəlalət edir və "Altılıq" deyilən qurumu qıcıqlandırır. Hətta bu amil yeni sanksiyaların tətbiq olunması ilə nəticələnir. Mahmud Əhmədinejad məhz bu bəyanatları ilə İranı iflasın kənarına aparır. Artıq dünya ictimaiyyəti də Əhmədinejadın bəyanatlarını ciddiyə almır. Hamı İranda keçirilən prezident seçkilərindən sonrakı dövrü gözləyir, İsrail isə bunu gözləmək niyyətində deyil. Artıq İsrail İranın əsas nüvə bazası olan Fordoya zərbə endirdi. Növbəti zərbələrin də endiriləcəyi istisana deyil. Sözsüz ki, Əhmədinejadın bu çıxışları ABŞ, İsrail və Qərbi xeyli dərəcədə qəzəbləndirir, İrana qarşı münasibətlərdə radikal addımlar atmağa vadar edir. İranın nüvə məsələsinə görə müzakirə masasına əyləşməsi Əhmədinejadın səlahiyyətlərinə daxil deyil. Laricani isə bu tipli bəyanat versə, tam şəkildə demək olar ki, burada Xamneyinin dəsti-xətti hiss ediləcək. Əhmədinajadın bu bəyanatları İranın xarici siyasət xəttini müəyyənləşdirmir" ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00