Elxan Şahinoğlu: “Azərbaycanın mövqeyi həmsədrlərə çoxdan bəllidir ”
31 Oktyabr 2018 16:21 Siyasət"ATƏT-in Minsk Qrupunun həmsədrlərinin regiona növbəti səfərindən real nəticə əldə olunacğını gözləmirəm".
Bunu politoloq Elxan Şahinoğlu deyib.
Onun sözlərinə görə, çünki hazırda Ermənistanda seçkilərə hazırlıq prosesi gedir: "Yəni seçkilərin nəticələrini bilmədən, hansı hakimiyyətlə danışıqların aparılmasının özü sual yaradır. Bu baxımdan, səfərin elə də nəticə verəcəyini düşünmürəm. Çünki dediyim ki, Ermənistanın siyasi dairələrinin və Paşinyanın başı seçkilərə qarışıb. Seçkilər olmalı və hökumət formalaşmalıdır. Seçkilərdən ən azından 2-3 ay sonra Dağlıq Qarabağla bağlı hər hansı bir addım gözləyə bilərik. Azərbaycan üçün həmsədrlərin bu cür səfərlərinin elə də əhəmiyyəti yoxdur. Çünki Azərbaycanın mövqeyi həmsədrlərə çoxdan bəllidir. Burada əsas addım atmalı olan ölkə Ermənistandır ki, işğal altında olan Qarabağ ətrafı rayonları birinci mərhələdə boşaltmalıdır. Əgər bu olmasa ondan bu səfərlərin, danışıqların heç bir əhəmiyyəti olmayacaq. ATƏT-in Minsk Qrupunun həmsədrlərinin fəaliyyətini mənfi qiymətləndirirəm. Çünki münaqişənin həlli ilə bağlı heç bir irəliləyiş yoxdur. Demək olar ki, onların bu səfərləri ancaq turistlik səfərlərdən ibarətdir. Münaqişənin mərhələli həll planı güya özləri hazırlayıblar. Amma Ermənistana qəbul etdirə bilmirlər. Təəssüflər olsun ki, işğalçı ilə işğala məruz qalan ölkə arasında yenə də bərabərlik işarəsi qoyurlar. Bu da ən böyük problemdir".
SİA