Müsavatın kölgə kabineti şousu - SIYASI ŞƏRH
Ekspertlər bu cür metodların yararsız olduğunu deyir
11 Fevral 2013 16:26 SiyasətMüxalifətin daha bir kölgə kabineti üzə çıxıb. Müsavata yaxın saytların birində yayınlanan siyahı ilə bağlı müxtəlif fikirlər var. Xatırladaq ki, bu artıq son aylarda üzə çıxmış ikinci siyahıdır. Bundan öncəki də təxminən eyni məzmunlu idi. Son siyahıya əlavələr də olunub. "Kölgə kabineti" əslində İsa Qəmbərin xəyali komandası kimi də təqdim oluna bilər. Siyahıda maraqlı isimlər var. Arif Hacılı və Pənah Hüseynin beyninin məhsulu olan siyahıda baş nazir kimi AXCP sədri Əli Kərimlinin adını yazıblar. Azərbaycan təhsilinin evini yıxmış Elşad Abdullayev baş nazirin müavini göstərilib.
Xarici İşlər naziri Eldar Namazov, xarici İşlər nazirinin müavinləri Hikmət Hacızadə, Zəfər Quliyev, Qənimət Zahidov nəzərdə tutulub. Müdafiə naziri Üzeyir Cəfərov, daxili işlər naziri Pənah Hüseyn, fövqəladə hallar naziri Arzu Səmədbəyli, fövqəladə hallar nazirinin müavini - Oqtay Gülalıyev "nəzərdə tutulublar". İdeya müəllifləri Sabir Rüstəmxanlını (rabitə və informasiya texnologiyaları naziri), Fuad Qəhrəmanlını (nəqliyyat naziri), Mirmahmud Mirəlioğlunu (Dövlət Sosial Müdafiə Fondunun sədri) aşağılamağa çalışıblar. Bəzi şəxslər haqqında isə mənfi rəy formalaşdımağa çalışıblar. Onların adı hansı nazirliyin rəhbəri olaraq çəkilibsə, bu ona işarədir ki, "adaylar" indidən elə həmin nazirliklərlə əməkdaşlıq edirlər.
Siyahıda diqqəti çəkən məqam AXCP-nin aşağılanması, Ziyalılar Forumunun Müsavatın, İctimai Palatanın kölgəsində qaldığını göstərmək istəyidir. Kölgə kabineti Müsavat başqanı İsa Qəmbərindi. Siyahıda "prezident" kimi o göstərilir. Əli Kərimlinin baş nazir olaraq göstərilməsi AXCP sədrinin ikinci planda təqdim olunması cəhdidir. Ziyalılar Forumunun əsas simalarının nazir və digər qurumlara "rəhbər göndərilməsi", üçüncü qüvvəni təmsil edən REAL hərəkatı lidelərinin yaddan çıxarılması siyahını tutanların siyasi mövqeyini açıq-aydın ortaya qoyur. Siyahı sırf türklər demiş, xəyal ürünüdür və reallıqla heç bir əlaqəsi yoxdur. Sadəcə, diqqəti Müsavat rəhbərlərinin, onların timsalında ənənəvi müxalifətin hazırkı istəyi, arzuları maraqlıdır. Belə çıxır ki, iflas olmuş ənənəvi müxalifət hələ meydanı tərk edib getmək fikrində deyil. Onlar meydanı nə gənclərə, nə ziyalılara, nə də üçüncü qüvvə adınan iddia edənlərə buraxmaq niyyətində deyillər. Əkrəm Əylisli hadisəsi göstərdi ki, Müsavat və AXCP, İP-də gizlənmiş Pənah Hüseyn kimi mürtəce ünsürlər başqa qüvvənin meydana çıxmasında maraqlı deyillər. Onlar üçün hazırkı durumun qalması faydalıdır. Onlar istəyir ki, meydanda həmişə bunlar olsun, mandatı bunlar alsın, xarici donorların pulları bunların cibinə axsın. Müsavatın siyahısının üzə çıxmasında yeganə məqsəd cəmiyyətə, yeni qüvvələrə verilən mesajdır: biz hələ ölmədik, nə pay bölgüsü olacaqsa, bizlə olacaq! Siyahının üzə çıxmasında Müsavatın başqa marağı da var. Bu da AXCP-nin kiçik düşürmək, Əli Kərimliyə yerini göstərməkdir. Amma siyasi ekspertlər əksini düşünür. Hesab olunur ki, bu cür bayağı metodlarla, yalançı sorğularla ictimai rəyi dəyişmək mümkün deyil. Baş verən son hadisələr göstərdi ki, Azərbaycan cəmiyyətinin Müsavata, AXCP-yə, müxalifətdə olan bütün siyasi partiyalara inam və etimadı sıfırdır! Bu cür sorğu və siyahılarla "biz də varıq", "yenə əvvəlki gücdəyik" mesajları vermək olmaz. Daha ağıllı, daha ağlataban və real piar texnologiyalarından istifadə etmək lazımdır.