Penitensiar xidmətin nümayəndə heyəti Belarusda səfərdə olub
31 Oktyabr 2018 14:27 SiyasətAzərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar xidmətin nümayəndə heyəti 23-27 oktyabr 2018-ci il tarixində Belarus Respublikasının Cəzaların İcrası Departamentinin rəhbərliyinin dəvəti ilə bu ölkədə səfərdə olub. Xpenitensiar xidmətdən "Olaylar"a verilən məlumata görə, ədliyyə nazirinin müavini - Penitensiar xidmətin rəisi ədliyyə general-mayoru Ceyhun Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti Belarus Respublikası Daxili İşlər Nazirliyi Cəzaların İcrası Departamentinin rəisi milis general-mayoru Oleq Vladimiroviç Matkin tərəfindən qəbul edilib. Oleq Matkin ikitərəfli münasibətlərə xüsusi önəm verərək Belarus Respublikasına səfərlə bağlı dəvəti qəbul etdiyi üçün Ədliyyə Nazirliyinin və Penitensiar xidmətin rəhbərliyinə öz minnətdarlığını bildirmişdir.
Görüş zamanı ikitərəfli əməkdaşlıq münasibətlərinin daha da dərinləşməsi, təcrübə mübadiləsinin genişlənməsi məqsədilə gələcəkdə bu cür qarşılıqlı səfərlərin təşkili müzakirə edilmişdir. Xalqlarımız və ölkələrimiz arasında tarixi dostluq, eləcə də Prezidentlərimiz arasında səmimi münasibətləri fonunda hər iki ölkənin cəza icra orqanları arasında əlaqələrin möhkəmləndirilməsi üçün mövcud olan imkanlardan tam olaraq istifadə edilməsinin zəruriliyi xüsusilə vurğulanmışdır. Səfər çərçivəsində həmçinin nümayəndə heyətimizin Belarus Respublikası Daxili İşlər Nazirliyinin Minsk şəhər İcra Komitəsinin Baş idarəsinin rəisi milis general-mayoru S.İ.Doroşko ilə Belarus Milli Kitabxanasının dövlət binasında görüşü keçirilmişdir.
Proqrama uyğun olaraq nümayəndə heyəti Belarus Respublikasının bir neçə cəzaçəkmə müəssisəsinə və istintaq təcridxanasına baş çəkmiş, burada məhkum və həbs edilmiş şəxslərin saxlanma şəraiti, müəssisələrdə aparılan yenidənqurma işləri, informasiya-kommunikasiya vasitələrinin imkanlarından istifadə, cəzaçəkmə müəssislərində yaradılmış istehsal şəraiti və istehsal prosesi ilə tanış olmuşlar. Bundan əlavə, nümayəndə heyətimizin "Belavejskaya puşşa" Milli parkı, "Brest qəhraman qala" Memorial kompleksi, Müasir və yeni texnologiyaların tətbiq edilərək inşa edilmiş və qurulmuş Belarus Milli Kitabxanası, Belarus Böyük Vətən Müharibəsi Muzeyi və digər tarixi abidə maraqlı səfərləri təşkil olunmuşdur.