"ABŞ məsələyə sərt yanaşsa, problem ölü nöqtədən çıxa bilər" AÇIQLAMA
31 Oktyabr 2018 14:04 Siyasət"ATƏT-in Minsk qrupu həmsədrlərinin Azərbaycana səfərindən optimist heç nə gözləmirəm. Çünki, onlar artıq illərdir ki, ölkəmizə səfər edir, görüşlər keçirir, müxtəlif söhbətlər aparır, ümumi ifadələr işlətməklə kifayətlənirlər. Azərbaycana isə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı konkret təkliflər və real nəticələr lazımdır". Bu fikirləri politoloq Fikrət Sadıqov deyib.
O bildirib ki, əgər ATƏT-in Minsk qrupunun həmsədrləri həqiqətən də real vasitəçidirlərsə və müəyyən səlahiyyətlərə sahibdirlərsə, o zaman onlar münaqişənin həlli ilə təkliflərini bağlı beynəlxalq hüquq normalarına uyğun və reallığa əsaslanan şəkildə irəli sürməlidirlər: "Reallıq da odur ki, Azərbaycanın 20 faiz torpaqları işğal altındadır".
Politoloq söyləyib ki, Ermənistanda vəziyyət müəyyən qədər dəyişib və daxili siyasi vəziyyət mürəkkəbdir: "Əslində həmsədrlər Paşinyanın bir sıra bəyanatlarından sonra fəaliyyətlərinə düzəliş edə bilərlər. Bizə bu lazımdır. Azərbaycanı sülhə çağırmaq, kompromislərə getmək, güzəştlər etmək lazım deyil. Biz artıq 25 ildir ki, eyni fikirləri eşidir və artıq problemin həllində özümüzdən başqa heç kimə arxalanmırıq".
F.Sadıqov ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Boltonun regiona səfərinə diqqəti yönəldərək qeyd edib ki, Bolton Ermənistana səfər zaman bir çox reallıqları üzə çıxarmış oldu: "Bildiyiniz kimi Con Bolton İrəvanda səfərdə olarkən bildirdi ki, Dağlıq Qarabağ münaqişəsi həll olunmalıdır. Reallıqlar onu göstərir ki, inkişaf ancaq problemin həllinə bağlıdır. Boltonun həqiqətləri ifadə edən fikirlərini ABŞ-ın yanaşması olaraq müsbət qiymətləndirirəm. Əgər ABŞ məsələyə daha sərt yanaşsa, addımlar atsa, o zaman problemin ölü nöqtədən çıxmasına şübhə etmirəm. Biz bunu istəyir və gözləyirik. Hesab edirəm ki, həmsədrlərin Azərbaycana səfəri zamanı bu məsələlərin ciddi şəkildə müzakirə olunacaq".
Qeyd edək ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri noyabrın 1-də Azərbaycana səfər edəcəklər. 2018-ci ilin sonunadək Azərbaycan XİN başçılarının görüşü nəzərdə tutulur.
SİA