Probleminə biganə qalan millət...

Birləşmiş Ştatlarda yaşayan azərbaycanlılar Xocalı soyqırımının tanınması məqsədilə Ağ Evin rəsmi veb səhifəsində petisiya yerləşdirib. Ağ Evin rəsmi səhifəsində yer alan "Biz xalqıq"  bölməsində yerləşdirilmiş petisiya facəinin 21-ci ildönümü ərəfəsində Xocalı soyqırımı və onun qurbanlarının anılması, eləcə də Birləşmiş Ştatlar prezidentinin bununla bağlı bəyanat verməsi üçün imza toplanmasını nəzərdə tutur. Yanvarın 25-dən etibarən  ərizə üçün səsvermələr açıq elan olunub və elektron imza toplamaq üçün "Biz Xalqıq"  kampaniyası çərçivəsində  səsvermə başlayıb. Petisiyanın müzakirəyə çıxarılması üçün ona fevralın 25-ə qədər 100 min adamın səs verməsi lazımdır. Ancaq petisiyaya səs vermək istiqamətində azərbaycanlıların göstərdiyi fəallıq heç də qaneedici səviyyədə deyil. Kampaniyanın başladığı 20 günə yaxın bir müddətdə  nəzərdə tutulan 100 min imzanın hələ də toplanmaması belə deməyə əsas verir.  Düzdür, bu məsələdə də Azərbaycana qarşı bir qərəzli mövqenin, qeyri-normal yanaşmanın ortaya qoyulduğunu da söyləmək mümkündür. Belə ki, indiyə qədər buna bənzər proseslər yaşanıb və Ağ Evin tarixində müxtəlif məsələlərlə bağlı keçirilən səsvermələr zamanı 3 milyondan artıq imza toplanıb. Ancaq burada maraqlı məqam ondan ibarətdir ki, həmin məsələlərlə bağlı imza sayı bir qayda olaraq 20-25 min arasında müəyyən edilib. Nadir hallarda petisiya üçün imza sayı 50 min tələb olunur. Xocalı soyqırımı ilə bağlı petisiyada isə 100 min imza toplanması zəruri sayılır. Əgər fevralın 25-nə qədər nəzərdə tutulan 100 min toplanmasa petisiyaya münasibət bildirilməyəcək.

Görünən odur ki, petisiyaya səs verilməsi istiqamətində nə ölkə vətəndaşları, nə də Azərbaycandan kənarda yaşayan soydaşlarımız aktivlik nümayiş etdirmirlər. Halbuki nəzərdə tutulan 100 min imzanı elə ilk həftədə xarici ölkələrdə fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları və onların üzvləri Ağ Evin səhifsinə girməklə tamamlaya  bilərdilər. Nəzərə alsaq ki, təxmini sayı 50 milyon nəfər olan azərbaycanlıların 40 milyon nəfəri Azərbaycandan kənarda yaşayır, onda bizim üçün 100 minlik imza toplamaq o qədər də çətin görünməli deyildi. Nəticənin hələlik bizim xeyrimizə olmaması onu deməyə əsas verir ki, Azərbaycan diasporu heç də sözdə deyildiyi kimi aktiv deyil. Əgər Azərbaycan diasporu deyidliyi qədər aktiv olsaydı, o zaman petisiyaya səs vermək istiqamətində çətinliklərlə üzləşməzdik.

Ağ Evin veb səhifəsində Xocalı soyqırımı ilə bağlı yer alan petisiyaya münasibət Azərbaycanın daxilində də ümummilli məsələlərə nə dərəcədə diqqətsizliyin olduğunu sübuta yetirdi. Apardığımız araşdırmalar zamanı məlum oldu ki, siyasi partiyalar, ictimai təşkilatların əksəriyyəti sözügedən kampaniyaya qoşulmayıb, səsvermə prosesində iştirak etməyib. Təəssüflər olsun ki, hətta cəmiyyətin aparıcı qüvvəsi sayılan gənclər də bu prosesdən kənarda qalıblar. Halbuki gənclər gün ərzində gününü saatlarla sosial şəbəkələrdə keçirir, şou əhlinin cəmiyyət üçün maraqsız, milli mentalitetə zidd olan yanaşmalarına rəy bildirir, ona şərh yazırlar. Eləcə də gənclərimizin müəyyən bir qismi internet klublarında müxtəif oyunlar oynamaq, pornoqrafik saytlara baxmaqla məşğuldurlar.  Günün bir neçə saatını internetdə keçirən gənclərimiz cəmi bir dəqiqəsini petisiyaya səs verməyə ayırsaydı sözügedən məsələ çoxdan öz müsbət həllini tapmışdı.

Ancaq hazırkı vəziyyət necədir? Olduqca bərbad. Hətta iş o yerə çatıb ki, müvafiq qurumlar cəmiyyətin müxtəlif təbəqələri, xüsusilə gənclərin diqqətini petisiyaya cəlb etmək üçün təbliğat kampaniyaları həyata keçirir. Həqiqətən də təəssüfedici bir məqamdır. Məgər bunun üçün hansısa təbliğat kampaniyasına ehtiyac varmı? Əgər Xocalı soyqırımı ilə bağlı məsələyə cəmiyyət tərəfindən belə bir laqeyd münasibət mövcuddursa, o halda biz işğal altında olan torpaqlarımızı azad etməyə necə hazır ola bilərik? Və ya hansı birlik və həmrəylikdən, ümummilli maraqlardan danışa bilərik? Bu gün Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və onun həllindən söz düşəndə birmənalı olaraq Birləşmiş Ştatlar və Qərbi ikili standartlar, Azərbaycana qarşı qərəzli mövqe nümayiş etdirməkdə günahlandırırıq. Müəyyən mənada bu mövqedə haqlıyıq da. Ancaq hazırkı şəraitdə, eləcə də 100 min imzanın toplanmayacağı təqdirdə (Allah uzaq etsin) bizim beynəlxalq təşkilatlar və dünyanın aparıcı güc mərkəzlərinə qarşı eyni iddia ilə çıxış etməyə haqqımız olacaqmı? Əlbəttə ki,  yox. Əgər bizə yaradılmış fürsətdən millət və xalq olaraq yararlana bilmirik və öz gücümüzü ortaya qoymağı bacarmırıqsa burada nə Amerika, nə də Avropanı günahlandırmağın heç bir mənası yoxdur.

Nəhayət, əgər 100 min imza toplanmasa Azərbaycan dövləti və milləti olaraq ermənilər qarşısında aciz, gülünc duruma düşəcəyik. İndiyə qədər ermənilərdən güclü olduğumuz iddiası özünü doğrultmayacaq, zaman bizim əleyhimizə işləyəcək. Bundan sonra  Xocalı soyqırımının dünyada tanıdılması istiqamətində də apardığımız işlər, həyata keçirdiyimiz kampaniyanın heç bir əhəmiyyəti, müsbət nəticəsi olmayacaq.

Süleyman İsmayılbəyli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00