"Həmsədərlər kənara çəkilsə, münaqişə müharibəsiz həllini tapar" MÖVQE

"ATƏT-in Minsk qrupu həmsədrlərinin regiona səfərindən müsbət heç nə gözləmirəm. Soyqırımına məruz qalan Azərbaycan vətəndaşı kimi deyə bilərəm ki, artıq uzun illərdir onlar riyakar, qeyri-səmimi davranışları davam etdirməkdədirlər". Bu fikirləri  Milli Məclisin deputatı Elman Məmmədov deyib.

O bildirib ki, həmsədrlərin budəfəki səfərləri də 1993-ci ildən bu günə qədər edilən səfərlərdən fərqlənməyəcək.

Onun sözlərinə görə, çünki Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçilik missiyasını üzərinə götürən ATƏT-in Minsk qrupu bütün fəaliyyəti dövründə işğala məruz qalan Azərbaycanla işğalçı dövləti eyni gözdə görüb, fərq qoymadan eyni fikirləri səsləndiriblər: "Onlar hər zaman gərginliyin azaldılması, dayanıqlı sülhə, atəşkəsə nail olmaq və digər bu kimi iyrənc mövqe sərgiləyiblər. Həmsədrlərin uzun illik fəaliyyəti nəticəsində Azərbaycanın bir qarış belə torpağı işğaldan azad edilməyib. Ölkəmizin bu sahədə yalnız öz gücü hesabına uğur əldə edib. Bu illər ərzində işğalçıya, soyqırımı törədən dövlətə qarşı hər hansı sanksiya tətbiq olunubmu? Əlbəttə ki, yox!".

Deputat söyləyib ki, həmsədrlərin uzun illərdir fəaliyyətləri nəticəsində Azərbaycanın işğal altında olan ərazilərdə qeyri-qanuni məskunlaşmanın belə qarşısı alınmayıb: "Əslində onlar etməli olduqları heç nəyə əməl etməyib və etməyəcəklər. Çünki, həmsədrlər öz fəaliyyətlərində səmimi deyillər. Onların söylədikləri riyakarlıqla, boğazdan yuxarı deyilən fikirlərdir. 1993-cü ildən bu günə qədər burada tərəflər nisbəti hər zaman dördün birə olub. Bir Azərbaycan olub, 4 isə işğalçı dövlətlə 3 həmsədr olublar. Onlar hər zaman Dağlıq Qarabağ münaqişəsinin həllində status-kvonun qorunmasına saxlanmasına çalışıblar".

E. Məmmədov vurğulayıb ki, Azərbaycan torpaqları danışıq, sülh yolu ilə işğal olunmayıb: "Bizim torpaqlarımızı müharibə, güc, soyqırımı, kütləvi qırğınlar vasitəsilə işğal edilib. Ancaq bu gün onlar bizi sülhə əməl etməyə, danışıqlara yolu illə məsələni həll etməyə çağırırlar. Məgər ermənilərin bizim torpaqlarımızı sülh və danışıqlarla işğal edib? Bu baxımdan düşünürəm ki, həmsədrlərdən bundan sonra da problemin həlli ilə bağlı ədalətli mövqe gözləməyə dəyməz".

Deputat qeyd edib ki, əgər həmsədrlər səmimi, həqiqi mənada kənara çəkilsə, o zaman problemin bəlkə də müharibəsiz şəkildə həllini tapa bilər: "Çünki, Ermənistan Azərbaycanın bugünkü gücünün qarşısında aciz olduğundan buna tab gətirməyərək özü çəkilə bilər. Lakin Ermənistan həmsədr ölkələrə arxayın olduğundan indi bu addımı atmır".

SİA

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31