“Ermənistanda növbədənkənar seçkilərin nəticələri prosesə öz təsirini göstərəcək” AÇIQLAMA
30 Oktyabr 2018 17:13 Siyasət"Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində real addımlar ancaq Ermənistanda növbədənkənar parlament seçkilərinin keçirilməsindən sonra atıla bilər". Bunu Politoloq Elşən Manafov deyib.
Onun sözlərinə görə, biz ABŞ rəsmisi Con Boltonun Yeravanda səsləndirdiyi bəyanatları nəzərə alaraq belə deyirik: "Çünki Con Bolton Paşinyan hökumətinə məsləhət gördü ki, gerçəkdən rəsmi Yeravan xarici təzyiqlərin aradan qaldırılmasında maraqlıdırsa onda Dağlıq Qarabağ probleminin həlli ilə bağlı proseslərin sürətləndirilməsində maraqlı olmalıdır. Düzdür, bu zaman Con Bolton Ermənistanın hansı güzəştlərə gedə biləcəyi ilə bağlı məsələlərə aydınlıq gətirmədi. Təbii ki, həm də problemin məhz Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmasının vacibliyi vurğulanmadı. Amma hər halda C.Boltonun bu bəyanatı göstərir ki, ABŞ Ermənistan iqtidarına təzyiqləri artırır və burda məqsəd də ondan ibarətdir ki, Ermənistanı yaxın prespektivdə Rusiyanın təsir dairəsindən çıxarsın. Çünki Paşinyanın hökumətinin tərkibinə diqqət yetirsək, burada əsasən qərbyönümlü siyasətçilər təmsil olunduqlarını görmək olar və bu faktorda hazırda Rusiyanı ciddi şəkildə narahat etməkdədir. Çünki Ermənistan Rusiyanın həm Avrasiya İqtisadi birliyi, həm də KTMT üzrə əsas müttəfiqlərdən biridir. Hərçənd ki, Ermənistan Rusiyanın forpostu olan dövlətidir. Sadəcə Rusiyanın bölgədə olan maraqları Ermənistanla münasibətləri belə qırmağa sövq edir. Cənubi Qafqaz uğurunda geosiyasi mübarizə növbəti mərhələyə daxil olur. Xüsusilə Gürcüstan, Ukraynanın prespektivdə NATO-ya qəbul olunması məsələsi gündəmdədir. Bundan sonra təbii ki, ABŞ çalışacaq ki, Ermənistanın NATO ilə, Qərblə əlaqələrini sürətləndirsin. Bununla Ermənistan hökumətindən təbii ki, Qarabağ probleminin həll ilə bağlı daha konkret bir mövqeni ortaya qoymasını tələb edəcək. Ona görə də, düşünürəm ki, Ermənistanda növbədənkənar seçkilərin nəticələri prosesə öz təsirini göstərəcək. Yəni bundan sonra Paşinyanın hansı addımlar ata biləcəyi proqnozlaşdıra bilərik. Bu baxımdan Dağlıq Qarabağ probleminin həll istiqamətində daha real addımlar ancaq Ermənistanda növbədənkənar parlament seçkilərindən sonra atıla bilər".
SİA