Azərbaycan beynəlxalq humanitar əməkdaşlığa çox böyük əhəmiyyət verir
30 Oktyabr 2018 16:55 Siyasət"Gələcək dünyamızı formalaşdıracaq kreativ ideyaların və onların həyata keçirilməsi yollarının axtarılmasının diqqətdə saxlandığı VI Bakı Beynəlxalq Humanitar Forumunda iki gün ərzində müxtəlif sessiya və panellərdə 150-dən çox məruzə dinlənilib. Bu, Forumun əhəmiyyətini təsdiqləyən çox mühüm göstəricidir". "OLAYLAR" yap.org.az-a istinadən xəbər verir ki, bu fikirləri millət vəkili Sevinc Fətəliyeva səsləndirib. O, bildirib ki, Azərbaycan beynəlxalq humanitar əməkdaşlığa çox böyük əhəmiyyət verir: "Ölkəmiz humanitar əməkdaşlıqla, multikulturalizmlə bağlı bir çox tədbirlərə ev sahibliyi edir. VI Bakı Beynəlxalq Humanitar Forumu da bu baxımdan xüsusi vurğulanmalıdır. Prezident İlham Əliyev Forumda çıxışı zamanı qeyd etdi ki, Bakı Beynəlxalq Humanitar Forumu qısa müddət ərzində dünyada çox önəmli beynəlxalq tədbirə çevrilmişdir. Ölkəmizdə müxtəlif dinlərin və xalqların nümayəndələrinin sülh, əmin-amanlıq və mehribanlıq şəraitində yaşaması təqdirəlayiq hal və müsbət nümunədir. Azərbaycanın multikulturalizm nümunəsi və təcrübəsi dünya üçün çox gözəl örnəkdir. Multikulturalizm sivilizasiyalararası dialoqun, xalqlararası əlaqələrin inkişafına əhəmiyyətli töhfələr verir, ona görə də multikulturalizmin alternativi yoxdur. Dövlətimizin başçısı Forumda çıxışı zamanı qeyd etdi ki, Azərbaycan dünyada multikulturalizmin ünvanlarından birinə çevrilibdir və bu şərəfli status artıq dünya birliyi tərəfindən tanınır".