“Monqolustanın TAQM-da iştirakı təəccüblü görünməməlidir” - Aqil Camal
“Gələcəkdə Macarıstan da bu hərbi birlikdə yer ala bilər”
11 Fevral 2013 14:47 SiyasətBu günlərdə Bakıda Avrasiya Hərbi Statuslu Hüquq-Mühafizə Qurumları Assosiasiyasının növbəti iclası keçirildi və TAQM adlı hərbi birlik təsis olundu. Birlikdə ənənəvi türk dövlətləri kimi tanınan Qazaxıstan, Türkmənistan, Özbəkistan kimi dövlətlərin olmadığı hərbi birlikdə Monqolustanın yer alması maraqla qarşılanıb.
"Türküstan" qəzetinin baş redaktoru Aqil Camalın fikrincə, Monqolustanın türk dövlətləri ilə eyni hərbi birlikdə iştirakı təəccüblü görünməməlidir: "Nəzərə almalıyıq ki, çağdaş dövrdə Türk Birliyi ideyası etnik kimliyə əsaslanmır. Yəni, yalnız etnik türklərin birliyindən söhbət getmir. Müasir Türk Birliyi ideyası bütövlükdə türk coğrafiyasında mövcud olan ölkələri öz içinə alır. Əgər sabah bu coğrafiyada yerləşən, məsələn, Gürcüstan, Tacikistan ortaq türk qurumlarında təmsil olunmaq istəsələr, təbii ki, onların təşəbbüsləri müsbət qarşılanacaq. Eynilə də, bu gün Monqolustanın hərbi birlikdə iştirakı anlaşılandır". A.Camal bildirir ki, Monqolustanın ortaq türk qurumlarında təmsil olunmasını şərtləndirən çox sayda əsaslar var: "Monqolustan türk tarixinin, türk irsinin ilkinliyini özündə qoruyub saxlayan bir coğrafiyadır. Monqolustan Orhon-Yenisey abidələrinin mühafizə edildiyi bir ölkədir. Eyni zamanda, Monqolustanla türk dövlətlərinin münasibətləri də xoşməram üzərində qurulub. Bu mənada, Monqolustanın TAQM birliyində iştirakını mən təbii qarşıladım. Düşünürəm ki, gələcəkdə, Monqolustanla yanaşı, Macarıstan da həm bu birliyə, həm də digər ortaq türk qurumlarına dəvət oluna bilər. Artıq 3-cü ildir ki, Macarıstanda Turan Qurultayı yüksək səviyyədə keçirilir. Macar cəmiyyətində, elmi dairələrdə, gənclər arasında türklərlə ortaq tarix, ortaq soy-kök mövzularında müzakirələr genişlənməkdədir".