Diplomatik üstünlük Azərbaycanın tərəfindədir
30 Oktyabr 2018 16:05 SiyasətErmənistanda daxili siyasi vəziyyət gərgin olaraq qalır. Paşinyan hökumətinin hakimiyyəti tamamilə mənimsəmək planını həyata keçirmək üçün etdiyi manevrlər hələlik istənilən nəticəni vermir. Digər tərəfdən əhalinin sosial durumunun getdikcə pisləşməsi də Paşinyana olan ümidləri azaldır. Belə bir situasiyada isə ermənilər Dağlıq Qarabağ probleminin həllinə nail olmaqla ölkənin iqtisadi və sosial durumunun yaxşılaşmasını arzulayırlar. Təbii ki. ilk növbədə bunun üçün İrəvanın problemin həlli məqsədilə ciddi səylər göstərməsi lazımdır.
Elə "Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması" İctimai Birliyinin sədri Bayram Səfərov da bu qənaətdədir.
Onun sözlərinə görə, kimin hakimiyyətə gəlməsindən asılı olmayaraq, Ermənistanın sosial-iqtisadi problemlərdən yeganə xilas yolu işğalçı siyasətdən əl çəkməkdir. Bayram Səfərov bildirib ki. əgər torpaqlarımızı xoşluqla azad etməsələr onlar üçün yaxşı olmayacaq: "Birincisi, ehtiyac, səfalət içərisində olan sadə xalq yenə də ayağa qalxacaq. İkincisi, Azərbaycan heç vaxt öz torpaqlarının işğalı ilə barışmayacaq və torpaqlarının azad edilməsi uğrunda mübarizədən əl çəkməyəcək. Dövlətimizin həyata keçirdiyi uğurlu siyasət nəticəsində diplomatik üstünlük bizim tərəfimizdədir. Beynəlxalq miqyasda Azərbaycanın ərazi bütövlüyü dəstəklənir, Dağlıq Qarabağ Azərbaycanın ərazisi kimi tanınır. Bu yaxınlarda Almaniya kimi böyük dövlətin bu haqda ortaya qoyduğu mövqe də fikrimi təsdiqləyir. Əlbəttə ki, Azərbaycanın güclü ordusu var və bu ordu torpaqlarımızı işğaldan azad etməyə qadirdir. Amma Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizin sülh tərəfdarı olduğunu, münaqişənin danışıqlar yolu ilə həllinin tərəfdarı olduğunu bütün beynəlxalq tribunalardan səsləndirir. Təbii ki, xalqımız sülh istəyir. Çünki müharibə fəlakət, ata, oğul, qardaş itkisi deməkdir. Amma erməni tərəfi xoşluqla torpaqlarımızı azad etməsə biz başqa variantdan istifadə edəcəyik. Başqa variant da müharibə deməkdir. Biz Ali Baş Komandanın əsgərləri kimi torpaqlarımızin azad olunması uğrunda döyüşməyə hazırırq". İctimai Birlik sədri deyib ki, Nikol Paşinyan münaqişənin həlli ilə bağlı ziddiyyətli fikirlər səsləndirir: "O, əvvəlcə dedi ki, Azərbaycan Dağlıq Qarabağ erməniləri ilə danışıqlara getməlidir. Sonra isə bu fikrindən geri çəkildi. Paşinyanın arvadı Anna Hakopyan da bir qrup rusiyalı qadınla işğal olunmuş torpaqlarımıza qanunsuz səfər etdi. Dağlıq Qarabağın Azərbaycanlı İcmasının üzvü olan qadınlar bu səfərə qarşı kəskin etirazını bildirdi. Çünki həmin torpaqlar Azərbaycana məxsusdur və dövlətimizin icazəsi olmadan belə bir səfərin edilməsi bizim ölkəmizin qanunlarının, eyni zamanda beynəlxalq hüquq normalarının pozulmasıdır. Əlbəttə ki, Anna Hakopyanın sülh çağırışları səmimi deyil və beynəlxalq ictimaiyyəti aldatmaq məqsədi güdür. Əgər belə olmasaydı, nə üçün o, öz oğlunu Azərbaycanın işğal olunmuş ərazisinə hərbi xidmətə göndərib? Bütün dünyaya məlumdur ki, həmin torpaqlarımızda Ermənistanın işğalçı hərbi birləşmələri movcuddur. Mən Nikol Paşinyana və onun həyat yoldaşına sual edirəm ki, əgər həqiqətən sülh istəyirsinizsə, nə üçün Azərbaycanın torpaqlarını işğal altında saxlayırsınız? Axı torpaqlar bizə məxsusdur və o torpaqlardan Ermənistanın işğalçı siyasəti nəticəsində 1 milyondan çox azərbaycanlı öz torpağında yaşamaqdan məhrum olub. Onların yaşadıqları yerlər- evlər, məktəblər, xəstəxanalar, tarixi-mədəni abidələr, hətta məzarlıqlar dağıdılıb. Bunu edən isə erməni hərbi birləşmələridir. İndi bu ermənilər "ürək yanğısı ilə" sülhdən danışır. Kimi aldatmağa çalışırlar? 1 milyondan çox insan öz doğma torpaqlarına qayıdıb sülh şəraitində yaşamaq istəyir. Gerçək sülh əldə etməyin yolu da budur. Əgər Ermənistan tərəfi həqiqətən sülh istəyirsə, öz hərbi birləşmələrini bu insanların torpaqlarından çıxarsın ki, onlar da qayıdıb öz doğma yurdlarında yaşasınlar. Amma bunu edirlərmi? Yox. Egər erməni tərəfi sülhü mövcud status-kvonu saxlamaqda görürlərsə, yanılırlar. Bizim istəyimiz doğma torpaqlarımıza qayıdıb yaşamaqdır. Biz heç kimin torpağını yox, öz torpaqlarımızı istəyirik. Əgər Anna Hakopyan sülh istəyirsə, buyursun bu suallarımıza cavab versin. Hakopyan həqiqətən sülh istəyirsə, işğalçı erməni hərbi birləşmələrinin torpaqlarımızdan geri çəkilməsinə, dinc, günahsız azərbaycanlıların öz doğma torpaqlarına qaytarılmasına dair çağırışlar edə bilərmi? Bütün bunlar üçün gerçək addımlar atılsa, onda sülh əldə etmək olar. Yoxsa, torpaqlarımızı işğal edən erməni hərbi birləşmələrinin o torpaqlarda mövcudluğunu qoruyub saxlamaq üçün etdikləri "sülh təşəbbüsləri" mənasızdır. Yəqin nə Anna Hakopyan, nə də onun həyat yoldaşı bu suallarımıza cavab verməyəcək. Çünki məqsədləri həm erməni xalqını, həm də beynəlxalq birliyi aldatmaqdır. Onların bu addımları qarşıdan gələn seçkilərdə xal toplamağa hesablanıb. Bunu Ermənistan vətəndaşları da yaxşı bilirlər. Mən şübhə etmirəm ki, Dağlıq Qarabağdakı sadə ermənilər də Azərbaycanın qanunları altında yaşamaq istəyirlər. Çünki Azərbaycan güclü, inkişaf edən, sosial rifahın yüksək olduğu bir dövlətdir. Qarabağ erməniləri bizimlə birgə yaşamaq istəyirlərsə, Azərbaycanın üçrəngli bayrağının altından keçməli, dövlətimizin şəxsiyyət vəsiqəsini daşımalıdırlar. Əgər bunu istəmirlərsə gedib Ermənistanda yaşasınlar". Bayram Səfərov onu da qeyd edib ki, vaxtaşırı olaraq Qarabağa Suriyadan və başqa yerlərdən ermənilərin köçürüldüyü haqda məlumatlar verilir: "Yəqin ki, onlar aldadılaraq oraya köçürülüblər. Çünki, Ermnistanda, Dağlıq Qarabağda da bu gün aclıq hökm sürür. Xaricdən gələn erməni orda nə edəcək? Yəqin ki, imkan tapanlar üçüncü ölkəyə qaçıb gedirlər. İndi nə Ermənistanda, nə də Dağlıq Qarabağda cavan adam yoxdu. Hamısı dolanışıq üçün başqa ölkələrə gedib. Həm də Qarabağ erməniləri bilirlər ki, bu torpaqların sahibləri qayıdacaq. Əgər o torpaqlara qayıtmasaq, şəhidlərimizin ruhu bizi bağışlamaz. Biz torpaqlarımıza qayıdacağıq və işğalçıların beynəlxalq hüquq normaları çərçivəsində mühakimə edilməsinə nail olmalıyıq". İctimai Birlik sədri həmsdərlərin fəaliyyətini də tənqid edib: "Həmsədrlərin nə fəaliyyəti var ki? Onlar yalnız turist səfərləri etməklə məşğuldurlar. Həm də həmsədr dövlətlər işğalçı Ermənistanı müdafiə edirlər. Biri separatçılara humanitar yardım göstərir, biri pulsuz silah verir, digəri isə öz vətəndaşlarının qanunsuz səfərlərinə göz yumur və s. Bu yaxınlarda Fransanın bələdiyyə başçılarının Dağlıq Qarabağa qanunsuz səfəri də buna sübutdur. Doğrudur, Fransa qondarma "DQR"-i tanımır. Erməni diasporu bəzi siyasətçiləri pulla ələ alıb. Amma Fransa dövləti işğal olunmuş ərazilərimizə qanunsuz səfər edən vətəndaşlarını cəzalandırmalıdır. Ən azı belə hadisələrin təkrarlanmaması üçün. Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması olaraq Fransanın Sent-Etiyen şəhərinin merinin Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfəri ilə bağlı bəyanat verdik. Bəyanatda Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması olaraq, Fransanın Sent-Etiyen şəhərinin merinin qanunsuz olaraq Azərbaycanın işğal olunmuş ərazilərinə səfərini və işğal altında olan Şuşa şəhəri ilə dostluq haqqında qeyri-qanuni bəyanatın imzalanmasını kəskin şəkildə pislədik və hiddətimizi ifadə etdik. Təəssüflə qeyd etməliyik ki, ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi olmasına baxmayaraq, Fransanın mərkəzi hökuməti tərəfindən bu kimi qeyri-qanuni əməllərə passiv seyrçi münasibət göstərilir və təsirli addımlar atılmır. Fransa hökumətini ATƏT-in Minsk qrupunun həmsədri olaraq, münaqişənin həllinə xələl gətirən bu qəbildən olan qeyri-qanuni əməllərin qarşısının alınması üçün təsirli addımlar atmağa, digər həmsədr ölkələrlə birlikdə münaqişənin həlli istiqamətində səylərini gücləndirməyə çağırırıq. İcma üzvləri bununla bağlı Fransa siyasətcilərinin, eləcə də müvafiq beynəlxalq təşkilatların, dünyanın nüfuzlu siyasətçilərinin elektron ünvanlarına yüzlərlə etiraz məktubu göndərib". Bakıda bu günlərdə keçirilən VI Beynəlxalq Humanitar Foruma da toxunan Bayram Səfərov qeyd edib ki, mötəbər beynəlxalq tədbirlərin ölkəmizdə keçirilməsi Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması baxımından böyük əhəmiyyət kəsb edir: "Bu gün Azərbaycan dünyada böyük nüfuza sahib olan dövlətdir. Xatırlayırsınızsa, 1993-cü ildə Azərbaycan hansı vəziyyətdə idi? Torpaqlarımızın 20 faizi işğal olundu. Ulu öndər Heydər Əliyev hakimiyyətə qayıdaraq torpaqlarımızın qalan hissəsini işğal olunmaqdan qorudu, müstəqlilliyimizi məhv olmaqdan, ölkəmizi parçalanmaqdan xilas etdi. Məhz o dövrdən etibarən Azərbaycanda yüksəliş başlandı. Ümumilli liderimiz Azərbaycanın inkişaf strategiyasını müəyyənləşdirdi və bu gün məhz Heydər Əliyev siyasəti nəticəsində ölkəmiz böyük nailiyyətlər qazanır. Bu gün Prezident İlham Əliyevin siyasəti nəticəsində Azərbaycan dünyada söz sahibinə çevrilib. Ölkəmiz iqtisadi, sosial, humanitar, mədəni, idman və digər sahələrin inkişafı baxımından dünyada ön sıralardadır. Respublikamızın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva Azərbaycan mədəniyyətini, milli adət-ənənələrini dünyada geniş təbliğ edir. Təbii ki, bütün bunlar ölkəmizin beynəlxalq miqyasda nüfuzunu artıran amillərdir. Bu mənada, mötəbər beynəlxalq tədbirlərin ölkəmizdə keçirilməsi təbii qanunauyğunluqdur. Bu tədbirlər vasitəsilə Qarabağ həqiqətləri əyani şəkildə xarici qonaqlara çatıdırılır və onlarda real təsəvvür formalaşır. Bütün bunlar isə münaqişənin həllində Azərbaycanın haqlı mövqeyinin beynəlxalq miqyasda daha da dəstəklənməsini şərtləndirir".
Füzuli