VI Bakı Beynəlxalq Forumu ilə Azərbaycan növbəti dəfə də sivilizasiyalararası dialoqa öz töhvəsini verdi

Azərbaycan bu günlərdə daha bir beynəlxalq əhəmiyyətli tədbirə evsahibliyi etdi. Söhbət sayca altıncı dəfə Bakıda keçirilən Beynəlxalq Humanitar Forumdan gedir. Dünyanın 90-dan artıq ölkəsindən 400-dən çox xarici qonağın iştirak etdiyi VI Bakı Beynəlxalq Humanitar Forumunda Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev, Birinci vitse-prezident Mehriban xanım Əliyeva, eləcə də dünyanın bir sıra nüfuzlu təşkilat və qurumlarının rəhərləri, dövlət və hökumət rəsmiləri iştirak edib. 

İldən-ilə Beynəlxalq Humanitar Forumuna olan marağın artması özünü iştirakçıların say tərkibində və ona qoşulan ölkələrin sırasında da göstərir. Bu da onu deməyə əsas verir ki, Beynəlxalq Humanitar Forum bir platforma kimi özünü doğruldub və ciddi dəstək qazanıb. Bu forumların davamlı şəkildə Azərbaycanın paytaxtı Bakı şəhərində keçirilməsi isə o deməkdir ki, ölkəmiz qlobal əhəmiyyətli məsələlərin müzakirə edildiyi bir məkan funksiyasını yerinə yetirir. Elə təsadüfi deyil ki, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev də VI Beynəlxalq Humanitar Forumda çıxışı zamanı bu məqama diqqət çəkib: "Humanitar məsələlərin müzakirəsi çox önəmlidir. Çünki biz müasir dünyada bu sahədə həm nailiyyətləri, həm də problemləri görürük. Azərbaycan bu sahəyə çox böyük önəm verən ölkələrdən biridir. Ölkəmizdə humanitar əməkdaşlığa dair bir çox mötəbər beynəlxalq tədbirlər keçirilmişdir. Onların arasında BMT-nin Sivilizasiyalar Alyansının Qlobal Forumunu xüsusilə qeyd etmək istərdim. Bu, çox önəmli beynəlxalq tədbirdir. Eyni zamanda, Bakıda dünya dinləri liderlərinin Zirvə görüşü keçirilmişdir. Dörd dəfə Mədəniyyətlərarası Dialoq Forumu keçirilmişdir. Altıncı dəfə Bakı Beynəlxalq Humanitar Forumunun keçirilməsi onu göstərir ki, doğrudan da Azərbaycan beynəlxalq humanitar əməkdaşlığın dərinləşməsi üçün çox önəmli ölkəyə çevrilmişdir".

Əksər ekspertlər, siyasilər də Bakıda VI Beynəlxalq Humanitar Forumun keçirilməsini mühüm əhəmiyyətli hadisə kimi xarakterizə edirlər. Millət vəkili Pərvin Kərimzadə deyir ki, mötəbər beynəlxalq tədbirlərin Azərbaycanda keçirilməsi ölkəmizin dünya miqyasında böyük  nüfuzunun göstəricisidir. Onun sözlərinə görə, tədbirlərdə  müzakirə edilən qlobal məsələlər, bəşəriyyətin ümumi inkişafına xidmət edən çağırışlar bəşəri əhəmiyyətinə görə dünyanın diqqətini Azərbaycana yönəldir: "VI Bakı Beynəlxalq Forumu ilə Azərbaycan növbəti dəfə də sivilizasiyalararası dialoqa öz töhvəsini verdi. Bu forum miqyası baxımından önəmli platformadır. Forumda Azərbaycan Prezidenti İlham Əliyev dərin məzmunlu çıxış etdi. Dövlətimizin başçısı çıxışında vurğuladı ki, "Müstəqillik dövründə Azərbaycan çox uğurlu inkişafa nail ola bilibdir.Ölkəmizdə sabitlik,təhlükəsizlik hökm sürür.Sabitliyin mənbəyi Azərbaycan xalqının iradəsidir.Bu gün Azərbaycanda yaşanan vətəndaş həmrəyliyi ölkəmizin uğurlu inkişafı üçün əsas şərtdir. Ölkəmiz beynəlxalq müstəvidə böyük hörmət qazanıb və bizimlə əməkdaşlıq edən ölkələrin sayı günü gündən artır".

Pərvin Kərimzadə hesab edir ki, Prezident İlham Əliyevin VI Bakı Beynəlxalq Humanitar Forumunda səsləndirdiyi bu fikirlər Azərbaycan dövlətinin apardığı, xalq tərəfindən birmənalı şəkildə dəstəklənən düzgün və ardıcıl siyasət nəticəsində Azərbaycan dünya birliyi tərəfindən etibarlı tərəfdaş və dost ölkə kimi qəbul edildiyinin təsdiqidir: "Forumda 86 ölkə və 24 beynəlxalq təşkilatdan 581 nümayəndə bəşəriyyətdə maraq doğuran geniş spektrli qlobal məsələlərə həsr olunan dialoqlarla, müzakirə və fikir mübadilələri ilə bir sıra problemlərin həll yollarını araşdırdı, dünyanı narahat edən aktual məsələlərə aydınlıq gətirməyə çalışdı. Dünyanın tanınmış siyasət, elm, mədəniyyət, təhsil xadimləri Bakıda bir araya gələrək gələcək naminə, insanlıq naminə birləşməyə çağırışlar etdilər, beynəlxalq miqyaslı tədbirin təkcə Azərbaycan üçün deyil, bütün dünya dövlətləri üçün böyük əhəmiyyət kəsb etdiyini vurğuladılar. Bir sözlə, dünyanın Azərbaycana toplaşmasına şərait yaradan Forum ölkəmizin və bütün mütərəqqi dünya birliyinin tarixində, habelə yeni çağırışların həlli, sivilizasiya böhranından çıxmaq yolunda şərtləndirici mərhələ olduğunu göstərdi".

Füzuli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31