Avropa İttifaqının nümayəndə heyəti Heydər məscidi ilə tanış olub

Oktyabrın 29-da ölkəmizdə səfərdə olan Avropa İttifaqının (Aİ) Xarici siyasət üzrə ali nümayəndəsinin müavini Jan-Kristof Belliardın başçılıq etdiyi nümayəndə heyəti Heydər məscidi ilə tanış olub. "OLAYLAR"-a Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən daxil olan məlumata görə, qonaqlara bildirilib ki, Cənubi Qafqazın ən böyük məscidi olan Heydər məscidi Prezident İlham Əliyevin tapşırığı ilə inşa olunub. 2014-cü il dekabrın 26-da istifadəyə verilən ibadətgah 12.000 kvadratmetr ərazidə tikilib.  Möhtəşəm memarlıq əsərinin fasadında və daxilində xüsusi bəzək elementlərindən istifadə olunub. 4 minarəsi olan məsciddə dindarların sərbəst şəkildə ibadət etmələri üçün hər cür şərait yaradılıb.

Nümayəndə heyətinə, eyni zamanda məsciddə qılınan vəhdət namazları barədə məlumat verilib. Heydər məscidində vəhdət namazının artıq ənənə halını aldığı, dini dözümsüzlüyün, irqi ayrı-seçkiliyin və islamofobiyanın bütün dünyada geniş yayıldığı bir dövrdə bunun dünyaya həmrəylik və sülh mesajı olduğu vurğulanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31