Dövlət Komitəsinin sədri Avropa İttifaqının nümayəndə heyəti ilə görüşüb

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı oktyabrın 29-da ölkəmizdə səfərdə olan Avropa İttifaqının (Aİ) Xarici siyasət üzrə ali nümayəndəsinin müavini Jan-Kristof Belliardın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. "OLAYLAR"-a Dini Komitənin mətbuat xidmətindən bildirilib ki, Azərbaycanın Avropa İttifaqının xüsusi önəm verdiyi tərəfdaş ölkələrdən biri olduğunu bildirən Dövlət Komitəsinin sədri ikitərəfli münasibətlərin əhəmiyyətinə toxunub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2018-ci il iyulun 11-də Brüsselə səfəri zamanı imzalanan "Tərəfdaşlıq prioritetləri" sənədinin qarşılıqlı əlaqələrin inkişafında böyük əhəmiyyətə malik olduğunu vurğulayıb. Mübariz Qurbanlı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində Aİ-nin Azərbaycanın haqlı mövqeyini dəstəklədiyini və bunun ölkəmiz tərəfindən yüksək qiymətləndirildiyini qeyd edib.

Görüş zamanı rəhbərlik etdiyi qurumun fəaliyyəti, Azərbaycandakı nümunəvi dövlət-din münasibətləri, dinə dövlət qayğısı, dinlərarası harmoniya barədə məlumat verən Mübariz Qurbanlı bildirib ki, dini və etnik müxtəliflik ölkəmizin ən böyük zənginliyidir.

Azərbaycanın hazırda dinlər və mədəniyyətlərarası dialoqun aparıcı qüvvəsinə çevrildiyini diqqətə çatdıran M.Qurbanlı VI Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində multikulturalizmlə bağlı işçi sessiya keçirildiyini xatırladıb. Avropa İttifaqı və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə layihəsi çərçivəsində 2017-2018-ci illərdə Brüsseldə baş tutan görüşlərin önəmindən danışan Mübariz Qurbanlı bunun fəaliyyət göstərən dini icmalar və mövcud dini durumla bağlı daha obyektiv fikirlərin formalaşmasına mühüm təsir göstərdiyini söyləyib.

Respublikamıza səfər etməsindən məmnunluğunu ifadə edən Aİ-nin Xarici siyasət üzrə ali nümayəndəsinin müavini Jan-Kristof Belliard ölkəmizdəki tolerantlıq mühiti barədə ilk təəssüratının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyətinin Brüsselə səfəri zamanı yarandığını bildirib. Azərbaycandakı dini rəngarənglik, multikultural və həmrəylik mühitinə, vəhdət namazlarına heyranlığını dilə gətirən qonaq Azərbaycan dövlətinin tarixən gələn tolerant dəyərlərin qorunması, təşviqi istiqamətində həyata keçirdiyi siyasəti təqdir etdiyini qeyd edib.

Qeyd edək ki, görüşdə Aİ-nin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas da iştirak edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31