Gürcüstan: prezidenti vaxtından qabaq yola salmaq istəyirlər

İvanişvili verdiyi vədləri yerinə yetirə bilmir, Kremlin yeni hökumətə təzyiqləri artır

Gürcüstanda vəziyyət kritik həddə çatıb. Parlament seçkilərində qələbə qazanıb hökumət başına gəlmiş Bdzina İvanivili ilə hazırkı prezident, müddəti payızda bitəcək Mixail Saakaşvili arasında qarşıdurma artıq zirvə nöqtəsinə çatıb. Ötən həftənin sonu paytaxt Tiflisdə tərəflər arasında daha bir qarşıdurma yaranıb. Gürcüstan dövlət kitabxanası qarşısında Mixail Saakaşvilinin əleyhdarları prezidentin kitabxanaya keçməsinə yol verməyiblər, onun tərəfdarlarına hücum ediblər. Gürcüstan mətbuatı  "siyasi məhbus" adlandırılan fəallar qrupunun Tbilisi meri Qiqi Uqulava və bir neçə rəsmiyə fiziki təzyiq göstərdiyi xəbər verilir. Saakaşvili parlamentdə illik müraciəti vaxtının təxirə salınmasından sonra Milli Kitabxanada çıxış etmək qərarına gəldiyini bildirib. Qarşıdurmaya rəğmən prezident baş nazirlə dialoqa hazır olduğunu bildirib. Gürcüstan prezidenti  ölkənin inkişafına təkan verən Konstitusiya dəyişiklikləri və digər məsələləri baş nazir Bdzina İvanişvili və hökumətlə müzakirə etməyə hazır olduğunu bəyan edib. Saakaşvili sosial şəbəkələrdə fevralın 11-də belə bir görüş keçirilməsini təklif edir. Siyasi ekspertlərin firkrincə, Tiflisdə baş verənlər hakimiyyət uğrunda savaşın son pərdəsidir. Payızda prezident seçkiləri olmalıdır və Saakaşvili komandasını toparlaya bilməsə, Bdzina İvanişvili prezident seçiləcək. Maraqlıdır ki, hazırkı prezidentin səlahiyyətləri daha azdır, Konstitusiya düzəlişləri ilə baş nazirin səlahiyyətləri artırılıb. Amma iş burasındadır ki, Gürcüstanda bir Saakaşvili faktoru var, İvanişvili, onun arxasındakı qüvvələr bu faktoru tamamilə aradan qaldırmaq istəyirlər. Görünür, İvanişvilini hakimiyyət olimpinə gətirmiş Rusiya Qərbpərəst Saakaşvilinin revanşından qorxur. Xatırladaq ki, siyasi ekspertlərdə belə inam var ki, Saakaşvili məqam gözləyir ki, Gürcüstan cəmiyyətinin seçkilərdə çoxlu vədlər vermiş İvanişviliyə inamı sarsılsın və o da qəfil həmlə ilə baş naziri iqtidardan salsın. Əslində İvanişvili özü də çətin durumdadır. O verdiyi vədləri yerinə yetirə bilmir. Rusiya Gürcüstan mallarının idxalına qoyduğu qadağanı aradan qaldırmağa tələsmir. Görünür, Kreml payızı, Saakaşvilinin tamamilə hakimiyyətdən getməsini istəyir. Moskvada hesab edirlər ki, Kremlə qarşı gürcü tələsi hazırlana, prezidentlə baş nazir razılığa gəlib Rusiyadan iqtisadi güzəştlər qoparandan sonra yenidən kursu dəyişə bilərlər. Amma iş burasındadır ki, İvanişvilinin vəd etdiyi "gürcü çaxırı, mineral suları Rusiya bazarında satılacaq" vədi ləngidikcə baş nazirin durumu da ağırlaşır. Son qarşıdurmanı və ondan sonrakı dialoq çağırışlarını şərh edən analitiklər hesab edir ki, Saakaşvili vəziyyətin dramatikləşməsini istəmir. Bdzina İvanişvili isə bu cür qarışıqlıq yaratmaqla Saakaşvilinin vaxtından qabaq və urvatsız şəkildə yola salınmasına nail olmaq istəyir. Məsələ burasındadır ki, Mixail Saakaşvili parlament seçkilərində məğlub olsa da, azad seçki keçirmiş və uduzsa da, nəticələri saxtalaşdırmağa çalışmamış lider kimi Avropada, Amerikada hörmətə malikdir. Saakaşvili arxasında Kremlin dəstəyi aşkar görünən İvanişvili ilə müqayisədə psixoloji üstünlüyə malikdir. O seçkidə uduzsa da, mənən qalibdir. Düzlüyünü, təmizlyini qoruyur. Gürcü xalqı Saakaşvilini korrupsioner olduğu, xalqın sərvətini taladığı üçün boykot etmədi. Ona qarşı bu cür ittihamlar yoxdur. Gürcü cəmiyyəti Saakaşvilini bolluq yarada, xalqa doyunca çörək verə bilmədiyi üçün səs vermədi. Gürcüstanın hazırkı duruma düşməsinə görə, Şaakaşvilinin yeganə suçu gürcü malları üçün böyük bazar olan Rusiyaya çıxışın siyasi nədənlərlə əngəllənməsidir. Saakaşvilinin açıq Qərbpərəst siyasəti  Kremldə qıcıq doğururdu. Moskva onu devirmək istəyirdi. Hətta bu amacla Gürcüstana qoşun da yeridildi. Tiflis ətrafına çatmış rus qoşunlarının qarşısı Avropanın diplomatik təzyiqləri ilə alınmasaydı, yəqin ki, Saakaşvili devriləcəkdi. Müharibədən sonra Rusiya iqtisadi təzyiqləri artırdı. Nəticədə Gürcüstan iqtisadiyyatı çətin duruma düşdü. Vəziyyətdən istifadə edən İvanişvili ortaya çıxıb vədlər verdi və seçildi. İndi o vədləri yerinə yetirmək zamanıdır. Amma Kremldən yeni şərtlər gəlib: qərbpərəst prezident tamamilə hakimiyyətdən uzaqlaşdırılmalıdır. Bu, baş verməsə, İvanişvili özü çətin duruma düşəcək. Belə görünür ki, Saakaşvili möhkəm dayanarsa, İvanişvili özü hakimiyyəti təhvil verməli olacaq. Gürcü prezident təzyiqlərə dayana biləcəkmi? Prezident postunu revanşistlrər buraxacaq, ya öz adayı ilə çıxış edəcək? Yaxın günlərdə bu suallara aydınlıq gətirmək mümkün olacaq.

Ərhun Abbas

 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00