Aparılan düzgün xarici siyasət bir sıra sahələrdə konkret nəticə verib ŞƏRH
29 Oktyabr 2018 15:00 SiyasətGövhər Baxşəliyeva: "Prezident İlham Əliyevin uğurlu Şərq siyasəti ölkəmizin diplomatik nailiyyətlərinin artmasına mühüm töhfə verir"
Ötən 15 il ərzində Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz möhtəşəm, çoxəsrlik tariximizdə görünməmiş inkişaf yolu keçib. Yüksək vətənpərvərlik, mahir idarəetmə qabiliyyəti, polad iradə, sarsılmaz qətiyyət və uzaqgörənlik, yalnız milli maraqlara söykənən daxili və xarici siyasət bir həqiqəti ortaya qoydu: 15 il öncə müdrik xalqımız yeganə düzgün seçim edib. Millət vəkili Gövhər Baxşəliyeva qeyd edib ki, idarəetmə sisteminin bütün sahələri kimi müstəqil dövlətimizin beynəlxalq münasibətləri də daim Prezidentin diqqət mərkəzindədir: "Qüdrətli dövlətlərin mənafelərinin toqquşduğu mühüm geostrateji mövqeyi, zəngin yeraltı və yerüstü sərvətləri ilə diqqəti çəkən Azərbaycanda bütün bu məsələlərin həlli böyük müdriklik, uzaqgörənlik və polad siyasi iradə tələb edir. Dövlətin xarici siyasətinin istiqamətlərini, prinsiplərini, xarakterini müyyənləşdirən Prezident İlham Əliyev ölkənin strateji maraqlarını region dövlətlərinin və Qafqazda xüsusi təsiri olan ayrı-ayrı dövlətlərin maraqları ilə uzlaşdırmağa yönəlmiş siyasət yürütməyə başladı. Onun tərəfindən formalaşdırılan xarici siyasət strategiyası ilk növbədə, respublikamızın milli maraqlarının aydın və dəqiq şəkildə müəyyən edilməsini, bərabərhüquqlu, daxili işlərə qarışmamaq və qarşılıqlı faydalı əməkdaşlıq prinsipləri əsasında qonşu dövlətlər və dünya birliyi ilə mehriban münasibətlərin qurulmasını, uğurlu enerji və nəqliyyat infrastrukturları diplomatiyası vasitəsilə uzun müddətli perspektivdə davamlı inkişafın əldə edilməsini, xarici siyasətimizin manevr imkanlarının və strateji dərinliyinin artırılmasını, ən əsası, Ermənistana qarşı beynəlxalq siyasi təzyiqin gücləndirilməsini və son hədəf olaraq Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığının təmin olunmasını özündə ehtiva edir. Ölkənin mənafelərini qorumaq istiqamətində hərtərəfli ölçülüb-biçilmiş addımlar atan Prezident Azərbaycanın dövlətçilik mənafelərini hər şeydən uca tutaraq müxtəlif dövlətlərin bütövlükdə Qafqaz və bilavasitə respublikamız üzərində qurulmuş iqtisadi maraq və nüfuz dairəsi uğrunda mübarizələrini nəzərə alaraq, çevik manevrlər və xüsusi taktiki gedişlər edir. Şərq müdrikliyini və Qərb praqmatizmini özündə birləşdirən Prezident İlham Əliyevin xarici siyasət konsepsiyası dövlətimizin xarici siyasətdə nəzərdə tutduğu əsas vəzifələrdə öz əksini tapmışdır. Mənafeyi Azərbaycanın dövlətçilik və milli maraqları ilə uyğun gələn, üst-üstə düşən dövlətlərlə tərəfdaşlıq və müttəfiqlik münasibətləri yaradılır, respublikamızın beynəlxalq mövqelərinin möhkəmlənməsi üçün onların imkanlarından istifadə edilir. Dövlətimiz bütün beynəlxalq və regional qurumlarda, iqtisadi, elmi-texniki, mədəni, humanitar və s. təşkilatlarda fəal iştirak edir, düşünülmüş və xalqımızın mənafeyinə uyğun xarici iqtisadi siyasət yeridir, ölkə iqtisadiyyatının dünya iqtisadiyyatına inteqrasiya olunması üçün bütün xarici və daxili amillərdən istifadə edir. Aparılan düzgün xarici siyasət bir çox sahələrdə artıq konkret nəticə vermişdir. Xarici siyasət kursunda mövcud reallıqları nəzərə alan və ölkənin köklü mənafelərinin qorunmasına yönəlmiş əməli iş görülür. İlk növbədə, müstəqil Azərbaycan dövlətinin beynəlxalq münasibətlər sistemində yeri, Avropa ölkələri və ABŞ-la, yeni müstəqil dövlətlər və Rusiya ilə, türkdilli dövlətlər və Türkiyə, müsəlman dünyası və İranla əlaqələrin prioritetləri müəyyənləşdirildi və həyata keçirildi". Millət vəkili bildirib ki, Şərq və Qərb arasındakı strateji mövqeyimizdən yararlanan ölkə Prezidenti öz xarici siyasətində Azərbaycanın Şərqlə Qərb arasında siyasi, iqtisadi, elmi, mədəni və s. sahələrdə körpü rolunu oynamasından maksimum istifadə etməyə çalışır. Prezidentin xarici siyasətində, Şərqə münasibətdə, qonşu ölkələrlə, xüsusilə Türkiyə, İran və s. ölkələrlə münasibətlərdə uzaqgörənlik, müdriklik və mahir davranış həmişə duyulur: "Ölkəmizlə çoxsaylı dini, mədəni, etnik tellərlə bağlı olan Yaxın və Orta Şərq ölkələrinə münasibətdə dünya siyasətinin istiqamətlərini və qanuna uyğunluqlarını çox gözəl dəyərləndirən Prezident bu ölkələrlə düzgün münasibətlərin qurulmasına nail olmuşdur. Regionda yerləşən bütün dövlətlərlə yaxın əlaqələr saxlamaq, bu əlaqələri inkişaf etdirib daha da möhkəmləndirmək Azərbaycan üçün çox vacibdir. Burada əsasən dünyada geostrateji əhəmiyyətə malik olan, eyni zamanda, region problemləri ilə hər hansı bir əlaqəsi olan və bizə coğrafi və siyasi cəhətdən yaxın olan ölkələrlə münasibətlərə daha çox diqqət yetirilir. Belə ölkələrə birinci növbədə, Türkiyə, İran, Səudiyyə Ərəbistanı, Misir, Pakistan və digərləri aiddir. Bu və İslam Əməkdaşlıq Təşkilatına daxil olan digər ölkələrin Azərbaycana dəstəyi, mənəvi yardımı dövlətimiz üçün çox vacibdir. Bütün bu amilləri nəzərə alan İlham Əliyevin apardığı siyasət nəticəsində bu sahədə böyük uğurlar qazanılmış və qazanılmaqdadır". Onun bildirdiyinə görə, bu gün müstəqil Azərbaycan əksər Şərq ölkələri ilə qarşılıqlı siyasi, iqtisadi, mədəni və digər əlaqələrini inamla inkişaf etdirir. Prezident İlham Əliyev diplomatik xidmət orqanları rəhbərləri ilə müşavirədə inkişafımızın hazırkı mərhələsinə uyğun olaraq aşağıdakı istiqamətlər üzrə yeni tapşırıq və vəzifələr müəyyən etmişdir: Ermənistanın Azərbaycana qarşı təcavüzünün nəticələrinin aradan qaldırılması, Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığının təmin olunması; Xocalı soyqırımının dünya miqyasında tanıdılması istiqamətində fəaliyyətin daha aktiv şəkildə davam etdirilməsi; Ermənistanın siyasi, iqtisadi, enerji və nəqliyyat layihələrindən təcridinin davam etdirilməsi; Azərbaycan haqqında həqiqətlərin dünya miqyasında yayılmasının daha da gücləndirilməsi, erməni yalanlarının ifşa edilməsi və Azərbaycana qarşı olan məqsədyönlü əks-təbliğat əməllərinin qarşısının alınması; ikitərəfli əsasda dünya ölkələri ilə əlaqələrin inkişafına xüsusi önəm verilməsi və ikitərəfli siyasi, iqtisadi, mədəni və humanitar əlaqələrin daha da inkişaf etdirilməsi; Azərbaycanın üzv olduğu beynəlxalq təşkilatlarda ədalət və beynəlxalq hüququn prinsiplərinə uyğun, ikitərəfli və çoxtərəfli çərçivələrdə çevik diplomatik fəaliyyətin davam etdirilməsi; xarici iqtisadi əlaqələrin genişləndirilməsinin dəstəklənməsi və Azərbaycan məhsullarının ixracı üçün yeni bazarların müəyyən edilməsi; Azərbaycan xalqının əsrlərdən bəri formalaşmış zəngin irsi əsasında dünya miqyasında multikulturalizm və tolerantlıq meyillərinin inkişafına töhfə verilməsi; mədəni diplomatiya siyasətinin davam etdirilməsi və dünya miqyasında Azərbaycan xalqının sahib olduğu zəngin mədəni irsin tanıdılması; dünya azərbaycanlıları və diaspor təşkilatları ilə əlaqələrin daha da gücləndirilməsi və onların fəaliyyətinin dəstəklənməsi: "Ermənistanın Azərbaycana qarşı təcavüzünün nəticələrinin aradan qaldırılması xarici siyasətimiz qarşısında duran vəzifə və tapşırıqlar sırasında prioritet yer tutmaqla yanaşı, bu sahədə daim konstruktiv və praqmatik yanaşma nümayiş etdirilir. Ümumiyyətlə, qeyd olunmalıdır ki, Azərbaycanın ümumi inkişaf və xarici siyasət strategiyası yüz ildən artıq bir dövr ərzində erməni ideoloqları tərəfindən formalaşdırılan böyük bir xülyanı tamamilə boşa çıxarmışdır. Məhz Azərbaycan dövlətinin güclənməsi fonunda erməni lobbisinin ölkəmizə qarşı təxribatlarının qarşısı alınmış və yalanları ifşa olunmuşdur. Erməni lobbisinin sıx cəmləşdiyi ölkələrdə belə, Azərbaycan haqqında həqiqətlər bu ölkələrin geniş ictimai dairələrinə sirayət etmişdir. Bu istiqamətdə Şərq ölkələri ilə qurulan əlaqələr, hərtərəfli əməkdaşlıq Azərbaycan Respublikasının dövlətçilik siyasətinin mühüm bir hissəsi kimi daim təkmilləşməkdədir. Azərbaycan Respublikasının xarici Şərq siyasətində birinci yer Türkiyə Cümhuriyyətinə məxsusdur. Din, dil, soy bağlılığına söykənərək yüksələn xətlə inkişaf edən əlaqələrimiz bütün sahələrdə əməkdaşlıq və qardaşlıq bağlarının möhkəmlənməsinə şərait yaratmışdır. Prezident İlham Əliyev tərəfindən yürüdülən siyasət, gerçəkləşən görüşlər, işgüzar səfərlər, bağlanan müqavilələr nəticəsində Azərbaycan-Türkiyə arasında iqtisadi, mədəni, hərbi, elm və təhsil sahələrində əlaqələr durmadan inkişaf edir. Türkiyə ilə əməkdaşlığın ilk dövrlərindən iki ölkə arasında hərtərəfli münasibətlərin hüquqi bazası yaradılmışdır. Bir çox sahələrə aid saziş, protokollar imzalanmışdır. Müntəzəm surətdə hər iki dövlətin müxtəlif səviyyələrdə rəsmi nümayəndə heyətləri Bakıda və Ankarada görüşür, birgə əməkdaşlıq məsələləri haqqında müzakirələr keçirirlər. Türkiyə dünya dövlətləri arasında birinci olaraq Azərbaycanı suveren dövlət kimi tanımış, ölkəmizlə diplomatik əlaqələr yaratmışdır. Müstəqilliyimizin ilk günlərindən Türkiyə bütün sahələrdə ölkəmizə dəstək vermiş, dayaq olmuşdur. O, bəzən öz maraqlarından belə keçərək, Qarabağ probleminin həlli, beynəlxalq təşkilatlarda Azərbaycanın dəstəklənməsi üçün çox işlər görmüşdür. Türkiyənin Ermənistanla münasibətləri məhz Azərbaycana görə tam fərqlidir. Türkiyə Ermənistanı təcavüzkar kimi tanıyır və Azərbaycanın işğal olunmuş torpaqları azad olunmayana qədər heç vaxt Ermənistanla əlaqələrini bərpa etməyəcəyini dəfələrlə bəyan edib. Dövlətimizin məqsəd və maraqlarına uyğun olaraq elm və təhsil sahəsində əlaqələrin inkişaf etdirilməsi, Türkiyədə Heydər Əliyevin adını daşıyan mərkəzlərin, məktəblərin, parkların yaradılması, birgə mədəni tədbirlərin gerçəkləşməsi müasir əlaqələrə xüsusi məzmun verməkdədir. Son üç ildə Azərbaycan Prezidenti dəfələrlə Türkiyəyə rəsmi və işgüzar səfərlər etmiş, Çanaqqala zəfərinin 100 illiyi mərasimində, burada keçirilən Dünya Humanitar Sammitində, Dünya Neft Konqresində, Dünya Enerji Şurasının Konqresində, Əskişəhərdə TANAP layihəsinin açılış mərasimində, Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının VII iclasında, "Star" neftayırma zavodunun açılışında iştirak etmişdir. Ölkələrimiz arasında əməkdaşlıq haqqında bir çox yeni sənədlər imzalanmışdır. Eyni zamanda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da Azərbaycana rəsmi və işgüzar səfərlər etmiş, "Asiyanın Qəlbi-İstanbul Prosesi" çərçivəsində 7-ci Nazirlər konfransında, Bakı-Tbilisi-Qars dəmir yolunun açılış mərasimində, Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının 6-cı iclasında, Bakının azad edilməsinin 100 illiyinə həsr edilmiş paradda iştirak etmiş, Prezident seçiləndən sonra ilk rəsmi səfərini daim Azərbaycana gerçəkləşdirmişdir".
Alim