Gürcüstanda yenidən Saakaşvili dönəmi başlayır?

Proseslər ona doğru gedir

Yaxın qonşumuz Gürcüstan seçiciləri həftə sonu özünün yeni prezidentini seçmək üçün seçki məntəqələrinə getdi. Yüksək seçki fəallğı və gərgin mübarizə şəraitində keçən seçkilərdə kimin qalib olması heç də səsvermənin birinci mərhələsində müəyyən olmadı.  Belə ki, səsvermədə namizədlərdən heç birinin nəzərdə tutulan səsi toplaya bilməməsi seçkilərin ikinci turunun keçirilməsini qaçılmaz etdi. Bunu səsvermə başa çatdıqdan dərhal sonra Gürcüstan parlamentinin sədri, hakim Gürcü Arzusu Partiyasının icraçı katibi İrakli Kobaxidze brifinqdə deyib. O bildirib ki, seçkilərdə Salome Zurabişvili qalib gəlsə də, bu saata olan məlumatlara əsasən, ikinci turun olacağı məlum olub: "Səslərin sayılması prosesi davam edir. Bizə protokolların məlumatları daxil olur. 1000 seçki məntəqəsi üzrə səslər sayılıb. Lider Salome Zurabişvilidir. Bu mərhələdə aydındır ki, ikinci tur olacaq və Salome Zurabişvili və Qriqol Vaşadze həmin turda iştirak edəcəklər. Bu, 1000 seçki məntəqəsi üzrə məlumatların əsasında məlum olub". İ.Kobaxidze hakim komandanın S.Zurabişvilinin ikinci turda qələbəsinə əmin olduğunu qeyd edib.

Bundan əvvəl Gürcüstanın Azərbaycandakı səfirliyində keçirilmiş səsvermədə prezidentliyə müxalif namizədin liderlik etdiyi açıqlanmışdı. Bəs görəsən ekspertlər qonşu Gürcüstanda baş tutan prezident seçkiləri və bundan sonra cərəyan edəcək proseslər barədə  nə düşünürlər?

Cənubi Qafqazda Sülh və Təhlükəsizlik İnstitutunun rəhbəri, politoloq Məhəmməd Əsədullazadə deyir ki, Gürcüstanda keçirilən prezident seçkiləri Azərbaycanı yaxından maraqlandırmaya bilməz. Onun sözlərinə görə, çünki, bu ölkə ilə ikitərəfli və strateji əlaqələrə malikik: "Həmçinin Gürcüstanda yaşayan soyadaşlarımız baxımından bu seçkilər bizim üçün həlledici faktordur. Qeyd edim ki. Gürcüstanda prezidentin səlahiyyətləri geniş olmasına baxmayaraq, bu seçkilər ölkədə bir daha demokratiyanın indeksini hansı vəziyyətdə olduğuna və ölkə əhalisinin hansı siyasi qüvvəni dəstəkləyəcəyinə aydınlıq gətirəcək". Politoloq deyib ki, Bidzina İvanaşvilinin kölgəsi altnda olan indiki hakimiyyətdən xalq xeyli narazıdır: "Bu illər ərzində demokratiyada gerilik, işsizlik və digər sosial probelmlər dərinləşib. Bundan əlavə, "Gürcü Arzusu" Partiyası Gürcüstanda yaşayan qeyri-gürcülərə qarşı ayrı-seçkilik siyasətinə yol verir. Bu kimi probelmlər fonunda gürcü xalqının hakim partiyanı və onun namizədini dəstəkləməsi mümkün deyil. Xalq artıq, Saakaşvili dövrünü nostalji hisslərlə xatırlayır, yenidən Saakaşvilinin hakimiyyətə qayıtmasının arzusundadır". 

Məhəmməd Əsədullazadə bildirib ki, bu seçkilər, siyasi pərdə arxasında Mixail Saakaşvili və Bidzina İvanaşvili arasında keçirilir: "Seçkidə kütləvilik olmasına baxmayaraq, əhali müxalifıətin namizədini üstün tutub. Seçicilərin aktivliyinin az olması, əsasən prezidentin geniş səlahiyyətlərə malik olmamasında irəli gəlir. Ötən günki seçkilərdə hakim partiyanın dəstəklədiyi müstəqil namizəd olan xanım Salomi Zurabişvilinin seçkinin ilk turunda qalib gəlməsi gözlənilmirdi. Seçkilərdə Mixalil Saakaşvilinin də dəstəklədiyi "Güc Birlikdədir" koalisiyasının namizədi Qriqol Vaşadze, hakim partiyanın dəstək verdiyi Salome Zurabişvilidən 1 faiz az səs toplayıb. Bu onu göstərir ki, xalq müxalifəti dəstəkləyir. Bu kiçik fərqin olması onu deməyə əsas verir ki, hakim partiya inzibati resurslarla Salomiyə dəstək verib".

Politoloqun sözlərinə görə, seçkinin ikinci turunda saxtakarlıq olmasa, seçicilər Qrioqol Vaşadzeyə səs verərcək: "Hakim partiya çalışacaq ki, saxtakralığa getsin, xanım namizədi prezident elan etsin. Belə olan təqdirdə, Tiflisdə yenidən etirazların qalxmasına səbəb ola bilər. Əgər, demokratik seçkilər keçirilib, müxalifət qalib gələrsə, növbəti parlament seçkiərində İvanaşvili məğlub olmaqla, onun Gürcüstandakı siyasi hakimiyyətinə son qoyular və ölkədə yenidən Saakaşvili dönəmi başlaya bilər".  Məhəmməd Əsədullazadə hesab edir ki, Gürcüstanda siyasi proseslər xalqdan aslıdır: "Xalq bunu istəsə, real dəstək versə, dəyişikliklər mümkündü. Amma Bidzina İvanaşvili asanlıqla, hakimiyyətdən geri çəkilib, yenidən Saakaşvilinin hakimiyyətinə yaşıl işıq yandırmasına imkan verməməyə çalışacaq. Saakaşvili hakimiyyətinnin sonunda siyasi səhv edib, Bidzina İvanaşviliyə yol açıb, öz siyasi fiaskosunu gətirdi. İvanaşvili Saakaşvilinin Gürcüstana yolun açmaqla, öz siyasi sonunu gətirməməyə çalışacaq. Gürcüstanda müxalifət qalib gələrsə, Azərbaycanala strateji tərəfdaşlıq yüksək səviyyədə olacaq, Gürcüstanda yaşayan tarixi azərbaycanlılara qarşı siyasət müsbətə doğru dəyişəcək.  Hazırda Gürcüstan azərbaycanlıları müxalif namizədə səs veriblər. İkinci turda da Saakaşvilinin dəstəklədiyi namizədə səs verəcəklər".

Müstəqil ekspert  Zeynal Əmralıyev isə deyib ki, Gürcüstanda prezident seçkilərinin ikinci turunun olması artıq qaçılmaz idi. Onun sözlərinə görə, seçkilərin ilkin nəticələrinə görə Salome Zurabşvili birinci, Qriqor Vaşadze isə ikinci yerə çıxıb: "Ancaq namizədlərin hər biri təxminən 40 fazilik səs yığıb. Demək olar ki, nəticələri hələ eynidir.David Bakradze isə 10 faiz səs toplayıb. Bakradze artıq məğlub olduğunu etiraf edib və ikinci tur olarsa Vaşadzeni dəstəkləyəcəyini açıqlayıb. Qyed edim ki, Salome Zurabaşvili İvanaşvili tərəfindən,Qriqor Vaşadze isə Mixail Saakavşili tərəfindən dəstəklənir". Zeynal Əmralıyev oktyabrın 28-də qonşu Gürcüstanda keçirilən prezident seçkilərində rekord sayda namizədin işdirak etdiyinə də diqqət çəkib: "Tanınmış namizədlər isə Xalqın Səsi Birliyinin namizədi Mixayıl Saluaşvili, Gürcüstan-Vətəndaş Platforması Partiyasının namizədi Zviad Baqdavadze, Avropalı Gürcüstan Partiyasının namizədi David Bakradze, Leyboristlər Partiyasının namizədi Şalva Natelaşvili, Azad Gürcüstan Naminə Hərakatının namizədi İrakli Qorqadze, Vahid Milli Hərakat Partiyasının namizədi Qriqor Vaşadze və Gürcü Arzusu Partiyasının dəstəklədiyi müstəqil namizəd Salome Zurabaşvili idi. Seçkidə əsas mübarizə isə 3 namizədin-David Bakradze,Qriqor Vaşadze və Salome Zurabaşvili arasında gedirdi. Onu görə də bütün diqqət bu namizədlərin üzərində cəmləşmişdi".

Zeynal Əmralıyev seçkidə əsas mübarizə gedən 3 namizədin siyasi fəaliyyətini təhlil edərək bildirib ki, David Bakradze namizədi olduğu Avropalı Gürcüstan Partiyasının sədridir: "Həmçinin keçmiş parlament sədri olub. Sabiq prezident Mixail Sakaşvilinin keçmiş tərafdarı olan siyasətçi 2012-ci ildəki seçkilərdə Sakaşvilinin namizədi olaraq seçkidə işdirak etmiş, ancaq ikinci yerə çıxaraq hazırki prezident Georgi Margelaşviliyə məğlub olmuşdu. Onun fəaliyyətinin əsasını Avropaya inteqrasiya siyasəti təşkil edir. David Bakradze Gənclərin əksəriyyəti tərəfindən dəstəklənidi.Son zamanlar Gürcüstanda ən çox nüfuzu artan siyasətçilərdən idi. Prezident seçilmək üçün bütün imkanlarını səfərbər edib.Zurabaşvili ilə ikinci tura çıxa bilərdi. Ancaq göründüyü kimi, Bakradze seçkilərin ikinci turuna keçə bilmədi".

Eskpert qeyd edib ki, digər əsas namizədlərdən biri də Qriqor Vaşadzedir ki, o da keçmiş xarici İşlər naziri olub: "Vaşadze sabiq prezident Mixail Sakaşvilinin qurduğu Vahid Milli Hərakat Partiyasının namizədidir. Əgər Vaşadze prezident  seçilərsə bu Gürcüstanda Mixail Sakaşvili erasının başlanması anlamına gələ bilər.  Nəhayət, üçüncü əsas namizəd Salome Zurabaşvilidir. O da, keçmişdə xarici İşlər naziri postunu tutub . Zurabaşvili Fransada anadan olub və oranın vətandaşı olub. Daha sonra Mixail Saakaşvili tərəfindən ölkəyə dəvət olunub, ona vətandaşlıq verilib və nazir təyin edilib. Ancaq iki il sonra Mixail Saskaşvili ilə yollarına ayrıraq müxalifətə keçib və Gürcü Arzusu Partiyasında fəaliyət gösdərib. Hazırda parlamentin deputatıdır. İvanaşvili Zurabaşvilini seçməklə əslində düz edib. Xanım siyasətçidir, Avropada doğulub, seçkiyə də müstəqil qatılır". Ekspert hesab edir ki, bu seçkilər hakimiyyət dəyişikliyi baxımdan önəmli ola bilər: "Çünki seçkidə müxalifət qalib gəlsə bu "Gürcü Arzusu" nun arzusunu ürəyində qoya bilər. Ümumiyyətlə, seçkidən gözləntilər böyükdür. Baxmayaraq ki, seçiləcək prezidentin səlahiyyəti çox məhdud olacaq. Bəziləri hətta bu seçkinin inqilaba yol aça biləcəyini də deyir. Seçkidən sonra nələrin olacağı ilə bağlı isə bir neçə versiya mövcuddur: .Salome Zurabaşvili prezident seçiləcəyi təqdirdə.Bidzina İvanaşvili baş nazir vəzifəsinə gəlir və ölkənin idarəsini yenidən öz əlinə alır. Hər şey əvvəlki kimi davam edir. Yaxud Salome Zurabaşvilinin prezident seçilməsi ilə  müxalifət nəticələrə etiraz edir.Ölkədə kütləvi mitinqlər başdıyır və hökumət inqilabla hakimiyyətdən getməli olur. Hazırkı situasiyada isə görünən odur ki, prezident seçkilərinin ilk turunda heç bir namizəd seçkilərdə qalib gələ bilmədi. Namizədlər məcbur ikinci tura getməli oldular. İkinci turda isə məlum olduğu kimi Salome Zurabaşvili ilə Qriqor Vaşadze arasında mübarizə gedəcək". Zeynal Əmralıyevin sözlərinə görə,  əgər müxalifət ikinci turda bir namizədin ətrafında birləşsə, o zaman bu siyasi qüvvənin qalib gəlmə şansı çox böyükdür: "Bu seçkilər bu il Türkiyədə keçirilən prezident seçkilərini xatırladır. Məhz orda da müxalifət Rəcəb Tayyib Ərdoğanı ikinci tura çəkmək və orda onun qarşısına vahid namizədlə çıxmaq isdəyirdi. Ancaq olmadı. Rəcəb Tayyib Ərdoğan elə birinci turda seçkilərdən qalib ayrıldı. Ancaq Salome Zurabaşvilinin Rəcəb Tayyib Ərdoğan qədər şanslı olduğu isə o qədər də inandrıcı deyildi".

Süleyman

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31