“Əkrəmin əsərindən xəbərimiz olmayıb”

Ziyalılar Forumundan cavab

""Daş yuxular" əsəri barədə əvvəlcədən Ziyalılar Forumunun üzvlərinin məlumatlı olması barədə xəbərim yoxdur. Yəqin məlumatlı olan üzvlər də bu əsərin çap olunmasına qarşı çıxıblar".
Bu sözləri "Qafqazinfo"ya açıqlamasında Ziyalılar Forumunun üzvü Eldəniz Quliyev "Yeni Müsavat" qəzetinin Ziyalılar Forumunun "Daş yuxular"dan əvvəlcədən xəbərdar olması ilə bağlı yaydığı xəbərə münasibət bildirərkən açıqlayıb.
Eldəniz Quliyev bildirib ki, bu əsər Ziyalılar Forumunun nüfuzuna böyük təsir etdi: "Əkrəm gərək bunu eləməyəydi. Amma yazıçıya deyə bilməzsən ki, nəyisə et, nəyisə etmə. Daş yuxuların müdafiə olunası tərəfi yoxdur. Amma hərdən belə şeylər də olur".
Onun sözlərinə görə, Əkrəm Əylisli bundan sonra oturub yazılarını yazmalıdır: "Onun xalq tərəfindən bəyənilən çox əhəmiyyətli əsərləri var. Axı o "Nəgməkar bibim"də Azərbaycanı sevirdi. Bundan sonra da belə əsərlər yaratmalıdır".

***

Ziyalılar Forumunun digər üzvü, professor Rafiq Əliyev də məsələyə münasibət bildirib: "Mən sizə yüz faiz deyə bilərəm ki, bu dürüst olmayan məlumatdır. Bu əsər haqqında hər hansı formada belə Ziyalılar Forumunda müzakirə aparılmayıb. Təəsüf etdim ki, ölkənin aparıcı bir qəzeti bu boyda yalan məlumat yayıb. Mən qeyd etmək istəyirəm ki, Ziyalılar Forumunun üzvləri hamısı sərbəst düşüncəli insanlardır. Mən kiməsə deyə bilmərəm ki, bunu et, ya da etmə. Qəti şəkildə deyə bilərəm ki, "Daş yuxular"ın bircə səhifəsindən belə xəbərdar olmamışam. Əgər əsər barədə əvvəlcədən xəbərdar olsaydım, burada razılaşmadığım məqamları deyərdim. Amma Əkrəmə deməzdim ki, bunu yaz, ya da yazma. Bu Əkrəmin yaradıcılıq azadlığıdır. Amma təqdir etmədiyim məqamları nəzərinə çatdırardım".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00