"ABŞ rəsmilərinin ölkəmizlə bağlı müsbət fikirləri bizim üçün vacibdir" - RƏY
26 Oktyabr 2018 18:11 Siyasət"Artıq növbəti dəfə Amerika rəsmilərinin dilindən ABŞ-la Azərbaycan arasında strateji münasibətlərin strateji əhəmiyyət kəsb etməsi ilə bağlı fikirlərin səslənməsi müsbət haldır. Çünki Azərbaycan birmənalı olaraq həm iki tərəfli, həm də çoxtərəfli sahələrdə qarşılıqlı maraqlara söykənən tərəfdaşlığa üstünlük verir".
Bu fikirləri Milli Məclisin deputatı Bahar Muradova ABŞ prezidentinin təhlükəsizlik üzrə müşaviri Con Boltonun Azərbaycana səfəri söylədiyi fikirlərə münasibət bildirərkən deyib.
O bildirib ki, Azərbaycan Amerika kimi dünya siyasətində vacib rol oynayan, bizim üzləşdiyimiz çətinlikləri, Dağlıq Qarabağ problemini nəzərə alsaq, ATƏT-in Minsk qrupunun həmsədri, BMT Təhlükəsizlik Şurasının 5 üzvündən biri olan ölkə ilə bu illər ərzində belə bir münasibətin əldə edilməsinə çalışırdı və bu baxımdan ABŞ rəsmiləri tərəfindən verilən dəyər ölkəmiz üçün vacibdir: "Hesab edirəm ki, biz bu imkanları nəticəyə çevirməyi bacarmalıyıq ".
B.Muradova qeyd edib ki, ABŞ-ın özü ilə iki tərəfli münasibətlərdən istifadə edərək biz maraqlandıran problemlərin həllinə, həm də dünyanın təhdid edən təhlükələrə qarşı vahid alyansda çıxış etmək təcrübəmizi daha da genişləndirməliyik: "Hesab edirəm ki, Cənubi Qafqaza səfəri zamanı ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Boltonun, eləcə də son zamanlar amerikalı rəsmilərinin Azərbaycan haqqında söylədiyi fikirlərin çoxu məhz bu ruhdadır. Bununla da Amerika yüksək rəsmilərinin konkret nəticəyə gəldiklərini söyləmək olar və yaranan imkanlardan istifadə etmək lazımdır".
SİA