"Con Bolton Azərbaycanın mövqeyini müdafiə edir" - ŞƏRH

"ABŞ Prezidentinin Milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun Azərbaycana səfəri bir daha bütün dünyaya nümayiş etdirdi ki, Azərbaycan regionda lider dövlətdir və Azərbaycan beynəlxalq sülhün və təhlükəsizliyin müdafiəsi, onun gücləndirilməsi işinə çox böyük töhfələr verir. Təsadüfi deyildir ki, Con Bolton da Azərbaycanın regiondakı yeri və rolu ilə bağlı fikirlərini açıqlayıb". Bunu  millət vəkili Elman Nəsirov deyib.

Deputatın sözlərinə görə, Bolton Cənubi Qafqaz ölkələrinə səfərinin yekunları ilə bağlı açıqlamalarında daha çox Azərbaycanın adını çəkib, öz Tvitter hesabında da Azərbaycana və Azərbaycan Prezidentinə xüsusi təşəkkür edib: "O bildirib ki, Azərbaycan regionda çox mühüm sabitləşdirici bir funksiyanı həyata keçirir. Eyni zamanda Azərbaycanın müstəqil daxili və xarici siyasət aparması da rəsmi Vaşinqtonun diqqətindən yayınmır. Azərbaycan xüsusilə də Əfqanıstanda sülhməramlı proseslərə, eyni zamanda Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfə diqqətdən yayınmır. Con Bolton Azərbaycanın yerləşdiyi coğrafiyanı da diqqətə çəkərək ölkəmizin bu coğrafiyada da apardığı uğurlu daxili və xarici siyasəti təqdir etdiyini vurğulayıb. Eyni zamanda onun Azərbaycana olan yüksək münasibəti həm də onun Ermənistana səfəri çərçivəsində də diqqəti cəlb edir. Onun Ermənistana səfəri çərçivəsində artıq tamamilə fərqli bir prizmadan işğalçı ölkəyə yanaşdığının şahidi oluruq. Xüsusilə bu Ermənistan rəhbərliyinin xarici təsirlərdən uzaqlaşan bir siyasət aparmağa dəvət edir. Bu o deməkdir ki, Ermənistan rəhbərliyi eyni vaxtda iki stulda əyləşib və Ermənistanın müstəqil siyasəti yoxdur. Bolton həmin bu səfəri çərçivəsində regional təhlükəsizlik məsələlərinə də diqqəti cəlb edir.

Onun xüsusilə də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyi də diqqətdən yayınmır. O bu məsələdə Azərbaycanın mövqeyini müdafiə edir. Təsadüfi deyildir ki, ABŞ-ın Ermənistandakı səfiri Riçard Millz də bu yaxınlarda öz müsahibəsində ABŞ-ın münaqişənin həllindəki mövqeyini açıqlamış və həmin mövqeyə görə işğal altındakı Azərbaycan torpaqlarının Azərbaycana qaytarılmasının vacibliyini irəli sürmüşdür. Yəni bu mövqe əslində Ağ Evin mövqeyidir. Həm də maraqlı bir məqam odur ki, Con Bolton İranla bağlı məsələlərə toxunarkən faktiki olaraq açıq şəkildə Ermənistana İranla münasibətlərə yenidən baxmağa və İranla əməkdaşlığı dayadırmağa çağırış etsə də eyni yanaşmanı Azərbaycana münasibətdə görmürük".

SİA

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31