Vaşinqton Cənubi Qafqazda Azərbaycanla əməkdaşlığa xüsusi önəm verir

Con Boltonun səfəri zamanı bu bir daha təsdiqini tapdı

Görünən odur ki, Birləşmiş Ştatlar özünün Cənubi Qafqaz siyasətinə yenidən baxmağı qərarlaşdırıb. Hər halda son bir neçə ay ərzində Birləşmiş Ştatların bir neçə yüksək rütbəli rəsmisinin yerləşdiyimiz coğrafiyaya səfərləri belə deməyə əsas verir. Bu günlərdə isə okeanın o tayından regiona daha bir çühüm səfər reallaşdırıldı ki, bu da Birləşmiş Ştatlar prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun səfəri idi. Qeyd edək ki, səfər zamanı Con Bolton Rusiya Federasiyası. eləcə də Cənubi Qafqazın hər üç ölkəsində görüşlər keçirdi, mühüm müzakirələr apardı. Amerika prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşavirinin regiona səfəri başa çatsa da, ancaq hələ də bu səfərlə bağlı müzakirələr gedir, müxtəlif proqnozlar, ehtimallar səslənir. Bu isə Con Boltonun regionda səfərdə olarkən verdiyi bir sıra mühüm açıqlamalarla bağlıdır. Amerikalı rəsminin səfərin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransları, eləcə də özünün tvitter hesabından yazdığı mesajlardan belə bir təsəvvür yaranır ki, Con Bolton Azərbaycanda keçirdiyi görüşlərdən və apardığı müzakirələrdən məmnundur. Hər halda Boltonun şəxsi tvitter hesabından Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə təşəkkür ifadə etməsi belə deməyə əsas verir. Bir məqamı da qeyd etmək yerinə düşər ki, Con Bolton regiona səfərinin yekunlarına həsr olunmuş mətbuat konfransında daha çox Azərbaycanın adını çəkib və Bakıda səmərəli müzakirələr aparıldığını vurğulayıb. Buradan gəlinən nəticə isə ondan ibarətdir ki, Con Boltonun mövqeyi və Azxərbaycanla bağlı fikirləri, həm də Vaşinqtonun, Ağ Ev rəhbərliyinin mövqeyidir. Yəni, Tramp administrasiyası Boltonun dili ilə Azərbaycana xüsusi önəm verdiyini, Cənubi Qafqaz regionunda Bakı ilə əməkdaşlığa daha çox üstünlük verdiyini ifadə edir. Əslində bu mövqe elə Donald Tramp Ağ Evə rəhərlik etdiyi ilk aylardan özünü göstərirdi. Belə ki, Ağ Ev rəhbəri bir müddət əvvəl ard-arda iki dəfə Azərbaycan Prezidentinə göndərdiyi məktubda Azərbaycanın regiondakı əhəmiyyəti və mövqeyindən bəhs etmiş, Vaşinqtonun Bakı ilə əməkdaşlığından məmnunluq ifadə etmişdi. Xüsusilə, Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təminatındakı mühüm rolu Ağ Ev rəhbəri tərəfindən yüksək qiymətləndirilmişdi.  Con Boltonun regiona səfəri zamanı həmin məqamın da qeyd edilməsi bir daha təsdiq edir ki, Ağ Ev rəhbərliyi regionda Azərbaycanın mövqeyini yüksək qiymətləndirir, onu təqdir edir və Bakı ilə əməkdaşlıqdan məmnunluq hissi var.

Con Boltonun regiona, xüsusilə Azərbaycana səfəri digər məqamlarlıa da yadda qaldı. Bunlardan biri də Amerikanın yüksək səviyyəli rəsmisinin Azərbaycan müxalifəti ilə görüş istəyində olmaması idi. Etiraf edək ki, xüsusilə müxalifətin radikal qanadı Boltonla görüşü çox arzulayırdı və ümid edirdilər ki, Birləşmiş Ştatlar prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Bakıda olarkən müxalifət liderləri ilə də görüşəcək. Və radikal müxalifət də o ki var iqtidardan Boltona şikayət edəcək. Ancaq bu arzu edilənlərin heç biri baş vermədi və Bolton siyasi düşərgə nümayəndələri ilə görüşə maraq göstərmədi. Bu isə öz-özlüyündə onu deməyə əsas verir ki, Birləşmiş Ştatlar, Qərb üçün artıq perspektivi olmayan müxalifətlə işləmək mənasızdır və həmin siyasi düşərgəyə heç bir beynəlxalq dəstək yoxdur. Bu azmış kimi Boltondan Bakıda Azərbaycan hakimiyyəti əleyhinə fikirlər eşitmək arzusu da radikalların ürəyində qaldı. Bolton açıq şəkildə ifadə etdi ki, mənsub olduğu administrasiya başqa ölkələrinin seçimlərinə və suverenliyinə hörmətlə yanaşır. Bu isə  əvvəlki ABŞ iqtidarlarının digər ölklərə demokratiya ixrac etmək, dərs keçmək iddialarından kəskin fərqlənir. Bir sözlə Vaşinqton  beynəlxalq əlaqələrdə qarşılıqlı hörmətə və hüquqa söykənən prinsipə üstünlük verir.

Bütün bunlardan çıxış edərək deyə bilərik ki, Azərbaycanla Birləşmiş Ştatlar arasında əməkdaşlıq artıq özünün yeni bir mərhələsinə qədəm qoyub və bu mərhələ qarşılıqlı faydalı əməkdaşlıq və hörmətə əsaslanır.

Füzuli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31