“Bolton Azərbaycanda olarkən çox önəmli mesajlar verdi" - ŞƏRH
26 Oktyabr 2018 15:55 Siyasət"ABŞ Prezidentinin Milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun Bakıya səfərindən öncə mən ABŞ-ın Cənubi Qafqaz siyasətində kifayət qədər ciddi dəyişikliklərin baş verdiyini və bunun Boltonun səfərində də özünü büruzə verəcəyini mediaya açıqlamışdım. Təxminlərim məni yanıltmadı". Bunu siyasi şərhçi Elçin Mirzəbəyli deyib.
Onun sözlərinə görə, Con Bolton Azərbaycanda olarkən çox önəmli mesajlar verdi: "Bu mesajlar ilk növbədə Azərbaycanın ərazi bütövlüyü ilə bağlı idi, digər tərəfdən Azərbaycanın müstəqil siyasət yürütməsinə verilən önəmlə əlaqədar idi. Başqa bir aspekt isə ABŞ-ın məhz müstəqil siyasət yürüdən Azərbaycanın maraqlarını nəzərə alacağı ilə bağlı ölkəmizin regiondakı proseslərdən ziyan görməməsi üçün müvafiq addımlar atacağını söyləmişdi. Bu mənada hesab edirəm ki, Azərbaycanın dövlət, milli maraqlarının ABŞ tərəfindən qəbul edilməsi ilk növbədə ölkəmizin və dövlət başçımızın böyük nüfuza malik olmasından xəbər verir. Boltonun Azərbaycana xüsusi önəm verdiyi onun sonrakı müsahibələrində hətta Ermənistandakı açıqlamalarında da özünü büruzə verdi.
Əgər diqqət yetirsəniz o Azərbaycanın region dövlətləri ilə münasibətlərə çox böyük anlayışla yanaşdığını və bunun tarixi ilə digər amilləri olduğunu vurğuladı. Amma Ermənistanda xüsusilə də İranla münasibətlərində Ermənistana sərt mesajlarını çatdırdı. Bu baxımdan açıq şəkildə görünür ki, Azərbaycan öz münasibətlərində manipulyasiya etmədiyi üçün ilk növbədə milli maraqlarını nəzərə aldığı üçün və milli maraqlardan çıxış etdiyi üçün, digər tərəfdən regional əməkdaşlıq platformasında Azərbaycan məhz yenə də özünün bu istiqamətdə olan milli maraqlarını önə çəkdiyi üçün və iqtisadi faydalılıq baxımından əməkdaşlığa can atdığı üçün bu ABŞ tərəfindən anlayışla qarşılanır. Lakin Ermənistan qütblərarası manipulyasiya edib.
İşğalçı ölkə gah qərbə, gah da şimala doğru yuvarlanmaqla tərəfləri az qala bir-biri ilə şantaj etməyə çalışır. Bu baxımdan da bu təbii ki, ABŞ tərəfindən öz qiymətini tapmalı idi. Boltonun açıqlamalarında da biz bu yanaşmanın detallarını gördük. Eyni zamanda çox önəmli məqam ondan ibarət idi ki, Azərbaycanda verilən mesajlar Azərbaycana münasibətdə eyni ilə Ermənistanda da səsləndirildi və ölkəmizin önəmi xüsusi olaraq vurğulandı. Qənatimcə bu Ermənistan ciddi bir mesajdır. Şübhəsiz ki, ABŞ Prezidentinin Milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton ABŞ-ın rəsmi mövqeyini ifadə edir".
SİA