Azərbaycan beynəlxalq humanitar əməkdaşlığın dərinləşməsi üçün çox önəmli ölkəyə çevrilib

Artıq bir neçə ildir ki, Azərbaycan beynəlxalq əhəmiyyətli tədbirlərin keçirildiyi bir məkana çevrilib. Demək olar ki, hər il Azərbaycanda keçirilən bir neçə beynəlxalq əhəmiyyətli tədbirlərdə qlobal miqyasda mövcud olan problemlər, onların həlli yolları müzakirə olunur, müxtəlif təşəbbüslərlə çıxış edilir. Bunların sırasında Mədəniyyətlərarası Humanitar Forumu, dünyanın dini liderlərinin zirvə görüşünü, BMT-nin Sivilizasiyalar Alyansını, eləcə də digər bu kimi tədbirləri qeyd etmək olar.

Artıq bir neçə ildir ki, Azərbaycan beynəlxalq əhəmiyyətli tədbirlərin keçirildiyi bir məkana çevrilib. Demək olar ki, hər il Azərbaycanda keçirilən bir neçə beynəlxalq əhəmiyyətli tədbirlərdə qlobal miqyasda mövcud olan problemlər, onların həlli yolları müzakirə olunur, müxtəlif təşəbbüslərlə çıxış edilir. Bunların sırasında Mədəniyyətlərarası Humanitar Forumu, dünyanın dini liderlərinin zirvə görüşünü, BMT-nin Sivilizasiyalar Alyansını, eləcə də digər bu kimi tədbirləri qeyd etmək olar.

Azərbaycanın yüksək təşkilatçılıqla evsahibliyi etdiyi tədbirlərdən biri də Beynəlxalq Humanitar Forumdur. Məlumat üçün qeyd edək ki, artıq altıncı dəfədir ki, sözügedən forum Bakıda keçirilir. 2011-ci ildən etibarən keçirilməyə başlanan Beynəlxalq Humanitar Forum ildən-ilə həm müzakirə edilən mövzular, həm də iştirakçı sayının artması baxımından diqqət çəkir. Bu günlərdə yenidən 90-dan artıq ölkədən 400-ə yaxın nümayəndə heyəti paytaxtımıza təşrif buyuraraq VI Beynəlxalq Humanitar Forumda iştirak edirlər. Forumun əhəmiyyətini artıran məqamlardan biri də ondan ibarətdir ki, bu tədbirə ən yüksək səviyyədə diqqət yetirilir. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev ənənəvi olaraq bu foruma qatılmaqla paytaxtımıza təşrif buyurmuş qonaqlarla qlobal əhəmiyyətli məsələləri müzakirə edir. Eyni zamanda Rusiya Federasiyasının rəhbərliyi, BMT səviyyəsində foruma diqqət ayrılır, telefon bağlantısı vasitəsilə tədbirə qatılaraq onun əhəmiyyəti vurğulanır. Paralel olaraq dünyanın nüfuzlu təşkilat və qurumlarının rəhbərləri də hər il Beynəlxalq Humanitar Foruma qatılırlar ki, bu da sözügedən tədbirə olan beynəlxalq diqqət və maraqdan irəli gəlir. Təsadüfi deyil ki, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev də VI Beynəlxalq Humanitar Forumda çıxışı zamanı bu məqama diqqət çəkib. Prezident bildirib ki, VI Beynəlxalq Humanitar Forumda 90-dan artıq ölkədən 400-dən çox xarici qonağın iştirakı öz-özlüyündə onu göstərir ki, dünyada Foruma çox böyük maraq var: "Bakı Beynəlxalq Humanitar Forumu qısa müddət ərzində dünyada çox önəmli beynəlxalq tədbirə çevrilib".

Bu gün Azərbaycan bu cür tədbirlərə evsahibliyi etməklə demək olar ki, humanitar məsələlərin müzakirə edildiyi məkana çevrilib desək yanılmarıq. Təsadüfi deyil ki, elə forumda iştirak edən qonaqlar da bu fikri açıq şəkildə ifadə edirlər. Birmənalı olaraq vurğunanan əsas fikir ondan ibarətdir ki, Azərbaycan bu sahədə örnək götürülməli olan lider ölkələrdəndir. Burada xüsusi qeyd edilməli məqam isə ondan ibarətdir ki, Azərbaycan bu istiqamətdəki təşəbbüsləri geniş mənada dəstək də görür. Çünki günümüzdə dünyada kifayət qədər humanitar problemlər mövcuddur və onların həlli üçün o qədər də ciddi səylər göstərilmir. Ancaq Azərbaycan bir dövlət olaraq bu sahədə istisna təşkil edir və öz liderliyi ilə seçilir. Elə dövlət başçısı da forumda çıxışı zamanı bu faktı qeyd etdi: " Humanitar məsələlərin müzakirəsi çox önəmlidir. Çünki biz müasir dünyada bu sahədə həm nailiyyətləri, həm də problemləri görürük. Azərbaycan bu sahəyə çox böyük önəm verən ölkələrdən biridir. Ölkəmizdə humanitar əməkdaşlığa dair bir çox mötəbər beynəlxalq tədbirlər keçirilmişdir. Onların arasında BMT-nin Sivilizasiyalar Alyansının Qlobal Forumunu xüsusilə qeyd etmək istərdim. Bu, çox önəmli beynəlxalq tədbirdir. Eyni zamanda, Bakıda dünya dinləri liderlərinin Zirvə görüşü keçirilmişdir. Dörd dəfə Mədəniyyətlərarası Dialoq Forumu keçirilmişdir. Altıncı dəfə Bakı Beynəlxalq Humanitar Forumunun keçirilməsi onu göstərir ki, doğrudan da Azərbaycan beynəlxalq humanitar əməkdaşlığın dərinləşməsi üçün çox önəmli ölkəyə çevrilmişdir".

Azərbaycanın humanitar məsələlərin müzakirə edildiyi məkana çevrildiyi dini aspektdən də özünü büruzə verir. Yuxarıda qeyd etdiyimiz kimi dünyanın dini liderlərinin zirvə görüşünün keçirilməsi, eləcə də İslam Həmrəyliyi Oyunlarına yüksək səviyyədə ev sahibliyi etməyimizin timsalında bunu aydın göstərmək mümkündür.  Bu gün bir çox ölkələr dini ekstremizm, radikal dini qruplaşmaların qeyri-qanuni hərəkətlərindən əziyyət çəkdiyi halda, Azərbaycan dini cəhətdən tolerantlığı ilə dünyanın diqqətini özünə çəkir. Dünyaya bu prinsipi təqdim edir, onu yayır.

Bütün bu sadaladığımız amillər də öz növbəsində Azərbaycanın beynəlxalq imicinin artmasına, onun nüfuzunun, reytinqinin yüksəlməsinə gətirib çıxarır. Elə bunun göstəricisidir ki, hətta beynəlxalq təşkilatlar belə qlobal əhəmiyyətli məsələlərin müzakirə edildiyi məkan kimi ilk növbədə Azərbaycanı seçirlər.

S.İsmayılbəyli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31