“Rusiya münaqişənin sülh yolu ilə həllində maraqlıdır” – Şərh
26 Oktyabr 2018 15:09 Siyasət"VI Bakı Humanitar Forumunda iştirak edən Rusiya Dumasının deputatı Dmitri Savelyev jurnalistlərə açıqlamasında çox doğru vurğulayıb ki, Paşinyanın hərəkətlərində xeyli populizm var. O bildirib ki, "Düşünürəm ki, Dağlıq Qarabağ münaqişəsini yalnız dinc yolla həll etmək lazımdır. Lakin biz yaxşı anlayırıq ki, Paşinyanın hərəkətləri və sözlərində xeyli populizm var və bu, Rusiyada narahatlıq doğurur".Ermənistanın baş naziri Nikol Paşinyan heç bir məntiqə söykənməyən və hüquqi əsası olmayan populist və sərsəm çıxışlar edir".
Bu fikirləri Olaylar.az-a açıqlamasında analitik-icmalçı Ehtiram Aşırlı deyib.
O bildirib ki, Paşinyan hakimiyyətə gələndən sonra öz səriştəsizliyini, verdiyi vədlərlə törətdiyi əməllərin arasında yaranmış uçurumu populist bəyanatlarla və sərsəm addımlarla kompensasiya etməyə çalışır:
"Bir gün yuxudan ayılıb Azərbaycanı Dağlıq Qarabağdakı separatçı rejimlə danışıqlar aparmağa çağırır, sabahı gün isəsözlərini geri götürür. Paşinyan gah Dağlıq Qarabağın ətrafındakı 7 rayonu qondarma rejimin ərazisi elan edir və bununla da beynəlxalq ictimaiyyəti, ATƏT-in Minsk qrupunun həmsədrlərinə hörmətsizliyini açıq büruzə verir, gah da komandasını rusofoblardan formalaşdırır, gündə bir neçə dəfə də Rusiya ilə müttəfiqliyə sadiqliyindən danışır. Artıq hamı başa düşür ki, Ermənistanın baş naziri tutduğu posta qeyri-adekvatdır, siyasət adına ləkədir".
E.Aşırlı qeyd edib ki, Dmitri Savelyevin də vurğuladığı kimi Dağlıq Qarabağ və ətraf 7 rayon heç bir ilkin şərt olmadan Azərbaycana qaytarılmalıdır. Heç şübhəsiz Qarabağ münaqişəsi Azərbaycan ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır:
"Savelyevin belə bir açıqlama verməsi təbii ki, onu göstərir ki, Rusiya münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunması üçün əlindən gələn bütün səyləri əsgirməyəcəyinin bariz nümunəsidir. Rusiya da ölkəmiz kimi bu münaqişənin sülh yolu ilə həllində maraqlıdır və sonunadək də Azərbaycanın dəstəkçisi olacaqdır. Azərbaycan Cənubi Qafqazda özünün etibarlı tərəfdaş olduğunu sübut edib. Ölkəmiz günü-gündən regionun sabitliyinə, burada gedən dinc proseslərə müsbət təsir edir".