Deputat: “Ölkəmizin dünyada özünə layiq mövqeyi var"
26 Oktyabr 2018 14:29 Siyasət"Bakıda keçirilən VI Beynəlxalq Humanitar Forumda 90-dan çox ölkədən 400-dən artıq nümayəndə iştirak edir. Humanitar Forumda dünyada baş verən qlobal məsələlərlə bağlı müzakirələr aparılır və ümumi fikir mübadiləsi edilir".
Bunu millət vəkili Azər Badamov deyib.
Millət vəkilinin sözlərinə görə, Humanitar Forumun Bakıda keçirilməsi onu göstərir ki, Azərbaycan dünyada humanitar sahədə problemlərin həll olunmasına töhfə verən ölkədir: "Belə forumların mütəmadi olaraq Bakıda keçirilməsi onu göstərir ki, Bakı dünyanın humanitar problemini həll edən bir mərkəzdir. Azərbaycan həmişə multikulturalizmin, dinlər, mədəniyyətlərarası dialoqun formalaşması istiqamətində dünyaya öz töhfəsini verir. Bu Azərbaycanın bu gün dünyada mövqeyini daha da möhkəmləndirir. Azərbaycanın belə mövzularla çıxış etməsi o deməkdir ki, ölkəmizin bu gün dünyada özünə layiq mövqeyi və yeri var.
Forumda həm Rusiya prezidenti Vladimir Putinin təbriki səsləndirildi, eləcə də BMT-nin şəxsi nümayəndəsinin, İSESCO-nun Baş katibinin və başqa dünya səviyyəli siyasətçilərin çıxışları oldu. Həmin çıxışlarda da bugünkü forumun mövzusunun dünya üçün aktual olduğu xüsusilə qeyd olundu. Yəni mövzu dünyada yeni dünya və yeni insanın formalaşdırılması üçün lazım olan məsələlərin müzakirəsi idi. Bu gün elə ölkələr var ki, orada müəyyən humanitar problemlər yaşanır. Məsələn qeyd olundu ki, Əfqanıstanda 2 milyondan çox insan təbiətin quraqlığından qida problemi yaşayır. Bakıda bu məsələlərin müzakirə olunması təbii ki, yenə də Azərbaycanın bugünkü dünyada tutduğu mövqeyi ilə bağlıdır. Bu gün Azərbaycanın qaçqınlarla bağlı problemi də həmin müzakirələrdə gündəmə çıxarıldı".
SİA