Azərbaycan humanitar məsələlərin müzakirə məkanına çevrilib
26 Oktyabr 2018 14:10 Siyasət"Forum Ermənistanla bağlı həqiqətin dünyaya çatdırılması üçün mühüm bir tribunadır"
"Azərbaycanda keçirilən VI Bakı Beynəlxalq Humanitar Forumu təkcə Azərbaycan üçün deyil, bütün dünya üçün əhəmiyyət kəsb edən tədbirlərdən biridir. Bakı Beynəlxalq Humanitar Forumunda müasir dünyamız üçün çox vacib olan məsələlər müzakirə olunur. Ölkəmizin bu istiqamətdə gördüyü işlər təqdirə layiqdir. Azərbaycan sülh, təhlükəsizlik məsələlərində mühüm əhəmiyyətli işlərin həyata keçirilməsinə nail olub. Humanitar Forumun əhəmiyyəti ondan ibarətdir ki, burada media ilə bağlı mühüm məsələlərin müzakirəsi də diqqət mərkəzindədir. Forum problemlərin həllinin, inkişafın yollarının müzakirə edilməsi üçün mühüm platformadır. Bakı Beynəlxalq Humanitar Forumunun keçirilməsi bir daha onu göstərir ki, Azərbaycan humanitar məsələlərin müzakirə məkanına çevrilib".
Bu fikirləri Olaylar.az-a açıqlamasında analitik-icmalçı Ehtiram Aşırlı deyib.
O bildirib ki, Azərbaycanın ideoloji baxımdan qazandığı uğurlar ermənilərin təcavüzkar siyasətinin ifşa olunmasında, Azərbaycanın həyat tərzinin, siyasətinin təcavüzkar və işğalçı ölkədən qat-qat yuxarıda olduğunu nümayiş etdirməkdə böyük rol oynayır:
"Forum Ermənistanın işğalçı ölkə olması həqiqətinin dünyaya çatdırılması baxımından mühüm bir tribunadır. Regionda və beynəlxalq məkanda təhlükəsizliyi təhdid edən risklərin həddindən çox olduğu bir vaxtda Azərbaycanın belə bir Foruma ev sahibliyi etməsi, humanitar dəyərləri, insanı duyğuları önə çəkməsi bir daha dünyaya çağırış kimi yadda qaldı. Belə tədbirlər heç şübhəsiz ki, Azərbaycanın beynəlxalq nüfuzuna xidmət etməklə bərabər, həm də dünya ictimai rəyində Azərbaycan haqqında həqiqətlərin formalaşmasına əsaslı zəmin yaradır. Cənab Prezident İlham Əliyevin uğurlu xarici siyasəti nəticəsində ölkəmiz hər zaman beynəlxalq tədbirlərin keçirilməsini yüksək səviyyəli ev sahibliyi ilə reallaşdırmışdır. Azərbaycan hər zaman keçirdiyi beynəlxalq səviyyəli tədbirlərdən alnı-açıq çıxmış və sözün əsl mənasında təşkilatçılıq bacarığı ilə dünya ölkələrini heyrətləndirməyi bacarmşdır. Təbii ki, Ermənistan tərəfi digər sahələrdə olduğu kimi bu sahədə də bizdən çox geridədir. Bir neçə həftə öncə ev sahibliyi etdikləri Frankofoniya sammitində biyabir olmaları da bunun bariz nümünəsidir. Hərçənd ki, Frankofoniya sammiti heç də yüksək səviyyəli bir tədbir deyil".
E.Aşırlının sözlərinə görə, bu cür beynəlxalq tədbirləri keçirməkdə Azərbaycanın başlıca məqsədi ölkəmizin həqiqətlərini, həyat tərzini, tolerantlığını, multikulturalizmini, o cümlədən Ermənistanın Azərbaycanın torpaqlarını işğal etməsi faktını dünyaya çatdırmaqdır. Ən əsası bu problemin həlli ilə bağlı Azərbaycanın dəyişməyən prinsipial mövqeyini göstərməkdi.