Azərbaycan dünyada multikulturalizmin ünvanlarından birinə çevrilib

Multikulturalizmlə bağlı dünyaya diktə etməli olduğumuz çox məsələlər var

Dünyanın düşünən beyinləri artıq çoxdan dərk etməyə başlayıblar ki, dünyanın, eləcə də hər hansı bir cəmiyyətin daxilindəki müxtəlif etno-mədəni qütblər arasında dialoq və anlaşmanın, dinc birgəyaşayışın alternativi yoxdur. Belə "alternativ" yalnız "sivilizasiyaların toqquşması"na aparıb çıxara bilər ki, bunun da sonu dünyanı xaos və dəhşətlərə, kütləvi fəlakətlərə sürükləyə bilər. Hazırkı dünya proseslərində sivilizasiyalı insanın məhz bu məqamla hesablaşmadığı məqamlarda kütləvi qırğınlar və faciələrin baş verdiyi ilə bağlı çoxlu faktlar ortadadır. Eləcə də dünyadakı bəzi güclərin bu sahədə təxribatları və pozucu fəaliyyətləri nəticəsində ölkələrin və millətlərin qana boyandıqlarının şahidi olmaqdayıq. Bu baxımdan dünyada multikulturalizmin rolunun dominantlıq təşkil etməsi və qlobal problemlərin intellektual, mədəni, tolerant müstəvidə həlli olduqca önəmlidir. Öz növbəsində, bu sahədə potensialı və dəyərləri gücü olan ölkələrin multikulturalizm məsələlərində təşəbbüslərinin və rolunun artırılması çox məqsədəuyğundur. Azərbaycan isə dünya siyasiləri və intellektualları tərəfindən bu baxımdan güclü ənənələrə, potensiala və əzmə malik bir ölkə kimi dəyərləndirilməkdədir. Təsadüfi deyil ki, ölkəmiz bu gün əsas multikulturalizm mərkəzlərindən hesab edilir. Diqqətəlayiq haldır ki, Azərbaycan bu sahədə dünyaya açıq olduğunu bariz şəkildə sərgiləyir və multikulturalizm nümunəsini bütün dünyaya nümayiş etdirir, bu barədə mövzuları isə dünya dövlətlərinin elmi-mədəni elitası ilə birgə ən ali səviyyədə müzakirə etməyə üstünlük verir. Xüsusən də bu kontekstdə multikulturalizm məkanı kimi Azərbaycan modelinin özünəməxsusluğu, üstünlüyü və dünyaya verəcəyi töhfələr ciddi müzakirə mövzusudur.

Bakıda keçirilən VI Beynəlxalq Humanitar Forumda sözügedən məsələ geniş müzakirə mövzusu olub. Azərbaycan Respublikasının Prezidenti cənab  İlham Əliyev qeyd edib: "Əgər İslam həmrəyliyi və multikulturalizm anlayışları vəhdət təşkil edərsə və dövlət siyasəti düzgün aparılarsa, bu, xalq tərəfindən də qəbul edilərsə, onda ölkələrdə problem olmayacaq. Müasir Azərbaycan bunun əyani, bariz sübutudur". Dövlət başçısı deyib ki, əsrlər boyu müxtəlif dinlərin, xalqların nümayəndələri Azərbaycanda bir ailə kimi sülh, əmin-amanlıq, mehribanlıq şəraitində yaşamışlar. Xatırladaq ki, Azərbaycan multikulturalizm məkanı kimi xeyli orijinal çalarlara malikdir . Ölkənin bütün ərazisində Şərqlə Qərbin sintezindən yaranmış yeni məzmun və mahiyyətli hadisə ortaya çıxır. Bu, insanlarımızın həyat və məişətindən, dil və dinindən tutmuş, incəsənət növlərimizə də təsir edir, yeni variasiyalar ortaya qoyur. Azərbaycanın istər coğrafi mövqedən, istərsə də dövlətimizin yürütdüyü siyasət baxımından Qərb və Şərq sivilizasiyalarının sintezində oynadığı rol xüsusilə böyükdür. Həmçinin Cənubla Şimal arasında münasibətlərin inkişaf etdirilməsi baxımından rolumuz önəmlidir. Həm də Azərbaycanın öz mədəniyyətinin belə bir sintetik xarakter daşıması, yəni həm ənənəvi olaraq Şərq ölkəsi olması, həm də müasir Avropa mədəniyyətini mənimsəməsi bir növ dünya ölkələri üçün göz qabağında olan, başqalarının da gələcəkdə keçməli olduğu bir yoldur. Bu yolu ilk dəfə keçən bizik. Bu sahəyə aid forumlar da çox vaxt bizdə keçirilir. Digər tərəfdən Azərbaycan rəhbərliyinin yürütdüyü siyasət də buna ciddi zəmin yaradır.

Məlum olduğu kimi, Azərbaycan həm də dinlər arasında dialoq üçün bir mərkəz rolunu oynayır. Dinlər, müxtəlif mədəniyyətlər arasında tolerantlıq Azərbaycanda çox yüksək səviyyədədir. Burada müxtəlif dini icmalar nəinki dözümlülük, eyni zamanda səmimi qonşuluq və əməkdaşlıq şəraitində inkişaf edirlər. Dinlərin arasındakı bu xoş münasibət multikulturalizmin daha da bitkinləşməsini təmin edir. Yəni, ölkədə lokal, ancaq bir dinin ənənələri üzərində, Şərq motivləri üzərində qurulmuş bir cəmiyyət yox, bu ənənələrin modern sivilizasiya ilə birləşdirilməsi zəminində bir cəmiyyət qurulub. Başqa ölkələr də coğrafi baxımdan sivilizasiyaların qovşağında yerləşir. Amma həmin ölkələrdən elələri var ki, orada dini dövlət qurulub və o dövlət dinə əsaslanan ideologiya ilə idarə olunur. Belə hallarda başqa dinlərə və mədəniyyətlərə açıq qapı siyasəti aparılmır. Amma Azərbaycan mədəniyyət və sivilizasiya müstəvisində "açıq qapı" siyasətinə üstünlük veririr. Bundan irəli gələrək bizim sivilizasiyaya, mədəniyyətə öz baxışımız formalaşır. Məhz bu səbədən Azərbaycanda bu sintetik vəhdətdə olan mənzərənin öz nəzəri konsepsiyaları meydana gəlməkdədir.

Maraqlı mqəqamlardan biri ondan ibarətdir ki, biz bu üstünlüyümüzdən Azərbaycan həqiqətlərini dünyada yaymaq, beynəlxalq imicimizi möhkəmlətmək üçün strateji sahədə necə yararlana bilərikmi? Bu baxımdan demək olar ki, bu gün multikulturalizm, sivilizasiyalar, mədəniyyətlər və qloballaşma məsələlərində hər bir ölkənin güddüyü maraqlar var. Azərbaycan isə bu baxımdan dünyaya diktə etməli olduğu çox işlər görməkdədir. Elə bu səbədən də  multikulturalizm məsələləri ilə siyasət arasındakı əlaqələrin metodologiyasını hazırlamaq  məqsədəuyğun hesab olunur. Bu sahədə həyata keçirilən konfranslar, tədbirlər və sair görülən işlər üstünlüyümüzün dünyada nümayiş etdirilməsidir. Bu, bizim səsimizin dünyada eşitdirilməsidir. Bu, bədxah qonşularımızın qələmə verdiyi kimi, bizim "qorxulu" millət yox, yüksək sivilizasiyaya və multikultural dəyərlərə malik, olduqca mədəni bir millət olduğumuzu göstərir. Biz dünyaya öz real multikultural varlığımızı bəyan edirik. Bizim sənət və mədəniyyət adamlarımız da  bunu dünyada nümayiş etdirir. Həm dünyaya öz mədəniyyətimizi transfer edirik, həm də dünya multikulturalizm mütəxəssisləri, müxtəlif mədəniyyətlərin  xadimləri ölkəmizə səfər edib, bunun bilavasitə şahidi olurlar.

Hazırkı informasiya əsrində Azərbaycanın multikulturalizmə böyük önəm verməsi ən düzgün yol hesab edilir. Azərbaycanın bu baxımdan mədəniyyəti, dəyərləri və ümumi potensialı çox böyükdür. Azərbaycan dövlətinin bu yöndə fəaliyyətə önəm verməsi, multikulturalizmlə bağlı dünya filosof və siyasətçilərinin müzakirələrini təşkil etməsi isə ölkənizin bu sarıdan potensialını daha çox aktuallaşdırmasına, ortaya qoymasına və dünyaya mədəniyyətlərin nümunəvi şəkildə qovuşduğu bir məkan kimi geniş miqyasda təqdim olunmasına gözəl şərait yaradır. Müxtəlif sahələrə aid mütəxəssislərimiz bu imkanlardan geniş yararlanmaqla, eyni zamanda Azərbaycanın strateji və ümumi inkişaf məqsədlərinə xidmət etmiş olurlar. Bu halda dünyada müsbət yöndə daha geniş tanınmağımızla bərabər, həm də dünya ölkələri Azərbaycanın multikulturalizm təcrübəsindən daha yaxşı faydalana bilər ki, bu da dünyada sülhə və birgəyaşayışa öz bəhrəsini vermiş olar. Bu isə öz növbəsində dünyada gərginliyin kəskin şəkildə aşağı düşməsinə səbəb ola bilər. Bakıda keçirilən VI Beynəlxalq Humanitar Forumda müzakirə olunan məsələlərin məhz bu məsələdə böyük faydasının olacağı heç kəsdə şübhə doğurmur.

Nurlan

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31