Beynəlxalq hüquq və prinsiplərin kobud şəkildə pozuntusu
26 Oktyabr 2018 13:14 SiyasətFransanın yerli özünüidarəetmə qurumlarının atdığı addımlar vasitəçilik missiyasına uyğun gəlmir
Zaman-zaman Azərbaycana qarşı münasibətdə bəzi beynəlxalq təşkilatlar, dövlətlər, hətta Dağlıq Qarabağ münaqişəsinin həlli missiyasını öz üzərinə götürən vasitəçi ölkələr tərəfindən ədalətsiz mövqe nümayiş etdirilir, vasitəçilik missiyasına zidd addımlar atılır. Xüsusilə. Azərbaycanın işğal altında olan ərazilərinə ölkəmizin icazəsi olmadan vasitəçi dövlətlərin rəsmi və qeyri-rəsmi nümayəndələrinin səfərləri belə fikir söyləməyə əsas verir. Bu günə qədər demək olar ki, hər üç həmsədr ölkə tərəfindən anoloji addımlar atılıb. Bu günlərdə isə Fransa yenidən qeyd etdiyimiz istiqamətdə yol verdiyi xətanı demək olar ki, təkrarlayıb. Belə ki, bu ölkənin bir neçə şəhərinin bələdiyyə rəhbərləri Azərbaycanın icazəsi olmadan Ermənistanın işğalı altında olan Dağlıq Qarabağa səfər edərək qondarma rejimlə mümkün əməkdaşlıq məsələlərini müzakirə ediblər. Fransalı nümayəndə heyətinin işğal altındakı Dağlıq Qarabağa səfərləri haqlı olaraq Azərbaycan tərəfində etiraz yaradıb və bu addımın həmsədr ölkə prinsiplərinə zidd olduğu vurğulanıb.
Qlobal Araşdırmalar Liqası İctimai Birliyinin sədri, politoloq Azər Verdiyev deyib ki, Fransanın Alforvil, Valans, Sent-Etyen və Arnuvil şəhərlərinin bələdiyyə başçılarının bu ilin sentyabr-oktyabr aylarında Azərbaycanın Ermənistan tərəfindən işğal edilən ərazilərinə, o cümlədən Dağlıq Qarabağa qanunsuz səfərləri beynəlxalq hüququn norma və prinsiplərinin, eləcə də Azərbaycanın qanunlarının kobud şəkildə pozulmasıdır. Onun sözlrinə gör, belə bir hal, həm də Ermənistanın güc yolu ilə Azərbaycan ərazilərində yaratdığı qondarma separatçı rejimin təşviqinə xidmət edir: "Başqa sözlə, belə səfərlər Ermənistanın işğalçılıq və etnik təmizləmə siyasətinin Fransa tərəfindən dəstəklənməsi anlamına gəlir. Burada daha çox təəssüf doğuran hal odur ki, Fransa Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi məsələsində ATƏT-in Minsk qrupunun həmsədr ölkələrindən biridir. Ancaq bu ölkənin yerli özünüidarəetmə qurumlarının atdığı addımlar heç də vasitəçilik missiyasına uyğun gəlmir. Yeri gəlmişkən, artıq məsələ ilə bağlı Azərbaycan hökuməti də Fransaya etiraz notası təqdim edib.
Bu məsələdə bir məqamı da unutmamalıyıq. Fransa bələdiyyə başçılarının qeyd edilən səfərləri qondarma rejimin bir növ dəstəklənməsi üçün nəzərdə tutulmuş təxribat xarakterli addımdır. Bu, həm də özünü Azərbaycana qarşı həmişə qərəzli mövqeyi ilə göstərən və erməni lobbisinin daim təsiri altında olan Fransa Milli Məclisinin sabiq deputatı Fransua Roşbluanın, həmçinin işğalçı ölkəyə dəstək verən digər şəxslərin müəyyən qüvvələrin sifarişini yerinə yetirmələrinin aydın ifadəsidir".
QALİB sədri deyib ki, Fransadan olan merlərin işğaldan əvvəl azərbaycanlıların yaşadığı Qarabağın tarixi mərkəzi Şuşa və Laçın şəhərlərinin hazırkı qondarma yerli hakimiyyətləri ilə "bəyannamə"lərin imzalaması da insanlığa qarşı cinayət olan etnik təmizləmə nəticələrinə razılıq bildirilməsindən başqa bir şey deyil: "Yerli özünüidarəetmə orqanlarının bu kimi təxribatçı əməlləri Fransa və Azərbaycan arasında imzalanmış sazişlərin mahiyyəti ilə, eləcə də Fransanın milli qanunları ilə ziddiyyət təşkil edir. Belə ki, Fransanın xarici işlər və Avropa məsələləri üzrə naziri və daxili işlər naziri tərəfindən 2018-ci ilin 24 may tarixində yerli özünüidarəetmə orqanlarının xarici fəaliyyətinin hüquqi çərçivəsi üzrə imzalanmış təlimatına əsasən, bu qurumlar Fransanın beynəlxalq öhdəliklərinə hörmət etməli, Fransa tərəfindən tanınmamış ərazi vahidlərinin separatçı qurumları ilə hər hansı şəkildə müqavilələr bağlamamalı, səfərlər həyata keçirməməli və birgə tədbirlər təşkil etməməlidirlər. Lakin təəssüf ki, məlum olmayan səbəblərdən Fransa hökuməti Azərbaycanın suverenliyi və ərazi bütövlüyü məsələsinə dair bu sənədin müddəalarının dərhal və şərtsiz həyata keçirilməsi üçün müvafiq addımların atılması istiqamətində qətiyyət göstərmir. Fransa yerli özünüidarəetmə orqanlarının bu kimi qanunsuz addımları Ermənistan-Azərbaycan münaqişəsinin tezliklə sülh yolu ilə həlli prosesinə yardım etmir, həmçinin bu ölkənin vasitəçi qismində nüfuzuna ciddi xələl gətirir".
Millət vəkili Sahibə Qafarova deyib ki, Fransa kimi beynəlxalq münasibətlərdə söz sahibi olan, eyni zamanda, Ermənistan - Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə vasitəçilik edən ATƏT-in Minsk qrupunun üzvü kimi Fransanın bələdiyyə başçılarının bu addımı qətiyyətlə pislənilir. Millət vəkilinin sözlərinə görə, bu, ilk növbədə, beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozulması deməkdir: "Eyni zamanda, belə bir səfərin reallaşması Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış terrorçu rejimin təbliğinə və işğalçılıq siyasətinin təşviqinə xidmət edir. Bu səfərin təşkili və Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış terrorçu rejimlə imzalanan "bəyannamə" Fransanın özünün də qanunvericiliyi ilə ciddi ziddiyyət təşkil edir və və bu ölkənin özünün qəbul etdiyi qanunlara qarşı saymazyana münasibəti ortaya qoyur. Qeyd olunmalıdır ki, Fransa yerli özünüidarəetmə orqanlarının bu kimi qanunsuz addımları Fransanın da təmsil olunduğu ATƏT-in Minsk qrupunun həmsədrlərinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həlli səylərinə xələl yetirir. Çünki işğal və azərbaycanlıların etnik təmizlənməsi əsasında qurulan status-kvonun və Ermənistanın danışıqlardan yayınmaq üçün müraciət etdiyi manipulyasiyaların təşviqinə xidmət edən və təxribat xarakteri daşıyan bu səfər, həmçinin işğaldan əvvəl azərbaycanlıların yaşadığı Qarabağın tarixi mərkəzi Şuşa və Laçın şəhərlərinin hazırkı terrorçu qondarma "yerli hakimiyyətləri" ilə "bəyannamə" imzalaması insanlığa qarşı cinayət olan etnik təmizləmələrin, soyqırımlarının nəticələri ilə razılaşmaq, Ermənistanın işğalçılıq və soyqırımı siyasətinə dəstək vermək anlamına gəlir. Şübhəsiz bu, ilk növbədə, ATƏT-in Minsk qrupunun üzvü kimi Fransanın beynəlxalq öhdəlikləri ilə ziddiyyət təşkil edir. Bu da Fransanın vasitəçi kimi nüfuzuna ciddi zərər vurur, onun vasitəçiliyinə olan etimadı sarsıdır". Sahibə Qafarova deyib ki, Azərbaycan ictimaiyyəti Fransa hökumətindən beynəlxalq hüququn, Fransa qanunvericiliyinin və Azərbaycan qanunlarının kobud şəkildə pozulması ilə müşayiət olunan bu qanunsuz səfərlə bağlı dərhal ölçü götürülməsini və adekvat münasibət göstərilməsini gözləyir.
Məhəmməd