907-ci düzəliş ləğv edilə bilər?

Amerika Azərbaycana silah satacaq

Amerika Azərbaycana silah satacaq

Birləşmiş Ştatlar prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun regiona səfəri bir sıra maraqlı məqamlarla yadda qaldı. Cənubi Qafqaza səfəri zamanı region ölkələrində keçirdiyi görüşlərdə Con Boltonun verdiyi açıqlamalar bir daha onu sübut etdi ki, Birləşmiş Ştatların regionla bağlı yeni strategiyası var və bu strategiyada da Azərbaycan da mühüm yer tutur.

Birləşmiş Ştatlar prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşavirinin regiona səfəri zamanı səsləndirdiyi fikirlər sırasında Azərbaycan üçün diqqət çəkən məqamlardan biri ölkəmizə qarşı tətbiq edilən 907-ci "Azadlığa dəstək" aktının aradan qaldırılması mümkünlüyü idi. Boltonun fikirlərindən belə aydın oldu ki, Ağ Ev administrasiyası sözügedən düzəlişi aradan qaldırmaqda maraqlıdır. Bəs görəsən bu nə dərəcədə mümkündür və 907-ci düzəlişin ləğvi Birləşmiş Ştatların Azərbaycana silah satmasına yol aça bilərmi?

Cənubi Qafqazda Sülh və Təhlükəsizlik İnstitutunun rəhbəri, politoloq Məhəmməd Əsədullazadə deyir ki, Birləşmiş Ştatlar prezidenti Donald  Tramp Azərbaycana qarşı 907-ci "Azdlığa dəstək "aktını aradan qaldırarsa, bu birbaşa Vaşinqtondan dövlət yardımının alınmasına, xüsusi ilə silah satışına gətirib çıxara bilər. Politoloqun sözlərinə görə, Con Boltonun "907" düzəlişi və silah ticarətini açıq qabartması Vaşinqtonun Cənubi Qafqazda Rusiyanın mövqeyini zəiflətməyə hesablanıb: "Donald Trampın yürütdüyü siyasətdə iqtisadi maraqlar əsas xətdir. Hazırda Birləşmiş Ştatlar böyük silah ticarı sövdələşmələrinə gedir, əsasən silah ixracı üzrə milyardlar qazanır. Görünür, Tramp adminsrasiyası Azərbaycanla da silah sövdəşləməsinə getmək niyyətindədir. Bir tərəfdən Birləşmiş Ştatlar pulun qazanacaq, digər tərəfdən də Rusiyanın silah bazarını əlindən almaqla, regionda güclənəcək".

Məhəmməd Əsədullazadə deyib ki, Con Boltonun Yerevanda Ermənistan və Azərbaycanın Birləşmiş Ştatlardan silahlarını alması barədə açıqlaması, Rusiya silahlarının zəif olması barədə qeydləri, bir növ silah satışı bazarı uğrunda da mübarizəni göstərir: "Silah alışı barədə Boltonun açıqlamaları, xüsusilə Azərbaycana mesajı idi. ABŞ adminstrasiyası yaxşı bilir ki, Ermənistanın maliyyə vəziyyəti ABŞ silahlarını almaq gücündə deyil. Amma simvolik olaraq Ermənistanın adın çəkdi. Qeyd edim ki, bu mesaj rəsmi Bakıya ünvanlanmışdı. Tramp Azərbaycanın Rusiyaya silah alışı üçün xərclədiyi milyardları öz ölkəsinə yönəltməyə cəhd edir. Hesab edirəm ki, Azərbaycan Birləşmiş Ştatlarla bu istiqamətdə diplomatik danışıqlar aparmalı və Trampın silah ticarəti siyasəti ilə sövdələşməyə gedib, Ermənistana qarşı siyasi cəhətdən möhkəmlənməlidir. Ölkəmiz milyard dollarla Rusiyadan yüksək dərəcədə ABŞ silahları yanında keyfiyyəti olmayan zirehli texnikalarını alır. Bu pulla ABŞ silahları alınarsa, müdafiə qabiliyyətimiz daha da güclənər". Politoloqun sözlərinə görə, Vaşinqton, həmçinin ona görə Azərbaycana silah satışında maraqlıdır ki, regionda şərtlər dəyişir və Boltonun təbirincə desək, ABŞ-ın xüsusi strateji tərəfdaşı olan Azərbaycan aqressiv qonşularından gələcək perspektivdə müdafiə olunsun: "Birləşmiş Ştatların ölkəmizə silah satışı bəzi şirkətlər tərəfindən həyata keçirilib. Alınan ABŞ istehsallı bir neçə hərbi təyinatlı helikopterlər buna misaldır. Böyük silah müqaviləsi Bakı və Vaşinqtonu yaxınlaşdıra bilər. Bu da ölkəmizin ABŞ-ın İsrail kimi Cənubi Qafazda müttəfiqi ola bilər. Azərbaycanla müttəfiqlik Qarabağın azad olunmasına dəstək olmaqla yanaşı, Birləşmiş Ştatların Xəzər regionunda və Mərkəzi Asiyada təsirinin artırılmasına və regionda qalıcı olmasına da gətirib çıxara bilər".

"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu da 907-ci düzəlişin aradan qaldırılmasını mümkün hesab edir.  Ancaq politoloq onu da deyir ki, Birləşmiş Ştatlar Azərbaycana silahı hansısa şərtlərlə sata bilər: "Birləşmiş Ştatlar prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton Yerevanda "Azadlıq" radiosuna verdiyi müsahibədə deyib ki, Ermənistan hakimiyyəti Rusiya silahlarından imtina etsə ABŞ Ermənistana silah satmağa hazırdır. Bolton ölkəsinin Azərbaycana da silah satmağa hazır olduğunu bildirib. Bolton Amerika silahlarının Rusiya silahlarından keyfiyyətli olduğunu deyib. Bolton Azərbaycana silah satışı üçün Konqresin Azərbaycana qarşı tətbiq etdiyi 907-ci düzəlişin maneə olmadığını da bildirib. Bolton hətta ona işarə edib ki, Donald Tramp bu düzəlişi ləğv də edə bilər. Ancaq görünür bunun baş verməsi üçün rəsmi Bakı Rusiyadan deyil, Amerikadan silah almağa razı olmalıdır". Politoloqun sözlərinə görə, problem ondadır ki, Tramp Azərbaycana silah satmaq istəsə Konqres səlahiyyətindən istifadə edərək bunu əngəlləyə bilər: "Onda bir tərəfdən Azərbaycan Amerikadan silah ala biməyəcək, digər tərəfdən Rusiyanın təzyiqi ilə üzləşəcək ki, niyə bizdən imtina edib Amerikaya üz tutdunuz. Ona görə də rəsmi Bakı Vaşinqtondan tam təminat almalıdır ki, Amerikadan silah almaq istəsə maneə ilə üzləşməyəcək. Bunu isə Con Bolton bir yana Trampın özü də təminat verə bilməz".

Süleyman

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31