ANAMA üzvləri Vaşinqtonda
26 Oktyabr 2018 11:56 SiyasətANAMA-nın mina axtaran itlər üzrə qrupu ABŞ-ın Marşal İrsi İnstitutunun (Mİİ) 2018-ci il üzrə ilin heyəti seçilib. İnstitutun münsiflər heyəti ANAMA-nın namizədi Vahid Məmmədovu və onun Esgimo adlı mina axtaran itini Azərbaycanda mina təmizləmə və insanların həyatının xilas edilməsi fəaliyyətində fərqləndiyinə görə bu mükafata layiq görülüb.
Səfirlikdən Olaylar.az -a bildirilib ki, Mİİ-nin 21-ci illik Qala tədbiri çərçivəsində bu qrup üçün xüsusi təltif etmə mərasimi keçirilib. Qala tədbirində ABŞ-ın dövlət rəsmiləri, konqresmenlər, diplomatik korpusun üzvləri, eləcə də ANAMA-nın direktoru Qəzənfər Əhmədov da daxil olmaqla, bəzi ölkələrdən xüsusi qonaqlar iştirak edib.
Təqdimat zamanı ANAMA-nın Füzuli rayonunun Horadiz qəsəbəsində yerləşən regional bazasında xidmət edən Vahid Məmmədov öz həyatı və apardığı şərəfli və insan həyatını xilas edən xidməti barədə danışıb. Səfirliyin müşaviri Vüqar Qurbanov nitq söyləyərək Azərbaycanın beynəlxalq mina fəaliyyətinə göstərdiyi töhfələrdən, ANAMA-ya dövlətin dəstəyindən danışmış, həmçinin bu quruma göstərilən dəstəyə görə beynəlxalq tərəfdaşlara, o cümlədən ABŞ-a təşəkkür etmişdir. Tədbirdə həmçinin ABŞ müdafiə katibinin sabitləşdirmə və humanitar məsələlər üzrə köməkçisinin müavini Mark Suayn, "respublikaçı" senator Mayk Enzi və digər nüfuzlu xadimlər tərəfindən çıxışlar səsləndirilmişdir.
Vaşinqtona səfəri çərçivəsində ANAMA qrupu Merilənd ştatında yerləşən Qleneq məktəbinə səfər etmiş, məktəbin müəllim və şagird heyətinə Azərbaycan və ANAMA-nın fəaliyyəti barədə məlumat vermişdir. ANAMA-nın mükafat alan heyətinin şərəfinə Azərbaycanın ABŞ-da Səfirliyində ziyafət təşkil edilib.