Serbiya prezidenti Milli Məclisdə olub

Fevralın 8-də Azərbaycana rəsmi səfəri çərçivəsində Serbiya Prezidenti Tomislav Nikoliç  Milli Məclisdə olub. Qonaq əvvəlcə parlamentin iclas zalı ilə tanış olub, millət vəkillərinin normal fəaliyyəti üçün yaradılmış şərait, burada müasir texnologiyaların tətbiqi və qanun yaradıcılığı prosesi ilə maraqlanıb. Sonra Ali qonaq parlamentdəki Heydər Əliyev Xatirə zalına baxıb. Serbiya Prezidentinə Milli Məclisin formalaşmasında, beynəlxalq əlaqələrinin qurulmasında ulu öndərin misilsiz xidmətləri, qəbul edilən mühüm sənədlər barədə məlumat verildi. Ali qonaq xatirə kitabına ürək sözlərini yazıb. Parlamentlə tanışlıqdan sonra Serbiya Prezidenti Tomislav Nikoliç Milli Məclisin sədri Oqtay Əsədovla görüşüb. Spiker iki ölkə arasında əlaqələrin inkişafında parlamentlərin rolunu vurğulayaraq, deputatlarımızın beynəlxalq qurumlardakı birgə əməkdaşlığını yüksək dəyərləndirib. Azərbaycanın  müstəqillik illərində böyük nailiyyətlər əldə etdiyini söyləyən Spiker Dağlıq Qarabağ kimi  ağrılı problemimizin olduğunu deyib. Sədr Ermənistanın işğalçılıq siyasəti barədə qonağa ətraflı məlumat verərək, problemin ədalətli həlli ilə bağlı Azərbaycan tərəfinin mövqeyini diqqətə çatdırıb. Ölkəmizə səfərindən məmnunluğunu ifadə edən Serbiya Prezidenti Tomislav Nikoliç Bakıda keçirdiyi görüşlərin gələcək əməkdaşlığımıza mühüm töhfə verəcəyinə ümidvar olduğunu bildirib. Uzun müddət Serbiya parlamentinin deputatı olduğunu söyləyən qonaq dövlətlərarası münasibətlərdə qanunverici orqanların rolunu xüsusi qeyd edib. 
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00