Soydaşlarımız Ağ Evə imza göndərilməsi prosesində passivdirlər
Ramin Məmmədov: “Petisiyaya diqqəti artırmaq üçün 2 videoçarx hazılanıb”
8 Fevral 2013 17:32 SiyasətMəlum olduğu kimi Birləşmiş Ştatlarda yaşayan azərbaycanlılar Xocalı soyqırımının tanınması məqsədilə Ağ Evin rəsmi veb səhifəsində petisiya yerləşdirib. Ağ Evin rəsmi səhifəsində yer alan "Biz xalqıq" bölməsində yerləşdirilmiş petisiya faciəinin 21-ci ildönümü ərəfəsində Xocalı soyqırımı və onun qurbanlarının anılması, eləcə də Birləşmiş Ştatlar prezidentinin bununla bağlı bəyanat verməsi üçün imza toplanmasını nəzərdə tutur. Dünən Dünya Azərbaycanlı Gənclər Birliyinin sədri Ramin Məmmədov imza toplama kampaniyasının gedişi və nəticələrə dair jurnalistlər üçün mətbuat konfransı keçirib. Ramin Məmmədov bildirib ki, yanvarın 25-dən etibarən ərizə üçün səsvermələr açıq elan olunub və elektron imza toplamaq üçün "Biz Xalqıq" kampaniyası çərçivəsində səsvermə başlayıb. Dünya Azərbaycanlı Gənclər Birliyinin sədrinin sözlərinə görə, petisiyanın müzakirəyə çıxarılması üçün ona fevralın 25-ə qədər 100 min adamın səs verməsi lazımdır. Ramin Məmmədov bu günə qədər 42 mindən çox soydaşımızın həmin petisiyaya səs verdiyini diqqətə çatdırmaqla yanaşı, onu da vurğulayıb ki, bu heç də qaneedici deyil və hər bir şəxs bu məsələdə aktiv olmalıdır: "Son 3 günün statistik göstəricilərinə nəzər salsaq görərik ki, fevralın 5-də 5691 imza, fevralın 6-da 7120 imza, fevralın 7-də isə 12271 imza toplanıb. Qeyd edək ki, hər bir şəxs yalnız bir email ünvanından səs verə bilər. İstifadəçi bir neçə dəfə hesab yaratmağa və ya imza atmağa cəhd edərsə Ağ Ev qeydiyyatda olan kömpüterlərin email ünvanının istifadəsinə məhdudiyyət qoyacaq". Ramin Məmmədov soydaşlarımızın bu petisiyaya diqqətini artırmq məqsədilə görülən tədbirlər barədə də məlumat verib. Qeyd edib ki, Ağ Evin veb səhifəsində yerləşdirilmiş petisiyaya diqqəti artırmaq məqsədilə Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən 2 videoçarx hazırlanıb və ictimaiyyətə təqdim edilib: "Videoçarxlardan biri imzalama prosedurunun səsli izahı, digəri isə Xocalı soyqırımında əzizlərini itirmiş qadının səssiz müraciəti olub. Həmçinin digər təbliğat xarakterli tədbirlər də həyata keçirməyi düşünürük. Belə ki, səsvermə prosesində çətinlik çəkən insanlara səsvermə prosedurunu ardıcıllıqla əks etdirən bukletlər, maarifləndirici xarakter daşıyan materiallar paylanacaq. Paralel olaraq internetdən istifadə imkanları olmayan gənclər, eləcə də digər təbəqələrin nünayəndələrinə səsvermə prosesinə qoşulmaq üçün internetdən istifadə imkanı yaradılacaq. Təbliğat xarakterli tədbirlərimizi təkcə ölkə daxilində həyata keçirmirik. Paralel olaraq dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən diaspor təşkilatlarımıza da müraciət etmişik ki, bu prosesdə daha da aktivlik nümayiş etdirsinlər". Ramin Məmmədov deyib ki, xüsusilə Azərbaycan gəncliyi bu prosesdən kənarda qala bilməz və gənclər bu kampaniyada daha aktiv rol oynamalıdırlar: "İmzatoplama kampaniyasında xüsusi aktivlik göstərən gənclər təşkilatlarımız var. Bu sıraya Leyla xanım Əliyevanın rəhbərlik etdiyi Rusiyadakı Azərbaycanlı Gənclər Təşkilatı, "İrəli" İctimai Birliyi, Yeni Azərbaycan Partiyası Gənclər Birliyi, ASAİF, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı, Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatı və digər gənclər təşkilatlarını aid etmək olar". Dünya Azərbaycanlı Gənclər Birliyinin sədri deyib ki, bu proses başa çatdıqdan sonra rəhbərlik etdiyi qurum Dağlıq Qarabağ problemi ilə bağlı davam edən digər bir kampaniyaya da qoşulacaq, ona dəstək verəcək: "Ağ Evin rəsmi veb səhifəsində Barak Obama administrasiyasının diqqətini Dağlıq Qarabağ münaqişəsi və bu münaqişə nəticəsində erməni silahlı qüvvələri tərəfindən Azərbaycan torpaqlarının 20 faizinin işğalı məsələsinə yönəltmək məqsədilə yanvarın 23-də başqa bir petisiya da yerləşdirilib. Dünya Azərbaycanlı Gənclər Birliyi bu petisiyanın da tələb olunan sayda imza toplanılması üçün öz səylərini səfərbər edəcək". Sonda Ramin Məmmədov media vasitəsilə dünyada yaşayan bütün soydaşlarımıza, Azərbaycan vətəndaşlarına müraciət edərək onları bu prosesdə fəal olmağa çağırıb.
Qeyd edək ki, Amerika Azərbaycan Şurası və PaxTurcica təşkilatı da Xocalı qətliamının tanınması istiqamətində məktub kampaniyası keçirir. Birləşmiş Ştatlarda fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları hər il Birləşmiş Ştatlar Konqresinin üzvləri, yerli hökumət və kütləvi informasiya vasitələri nümayəndələrinə Xocalı hadisələri ilə bağlı məktublar göndərir, yerli mətbuat orqanlarında məqalələrlə çıxış edir.
Süleyman İsmayılbəyli