“İlham Əliyev Əkrəm Əylislinin Azərbaycan xalqının üzərinə atdığı ləkəni götürdü”

Musa Qasımlı: “Prezidentin Əkrəm Əylislinin Prezident təqüdündən və “Xalq yazıçısı” fəxri adından məhrum edilməsinə dair sərəncamını müsbət qiymətləndirirəm”

"Daş yuxular" əsərinin müəllifi Əkrəm Əylislinin "Xalq yazıçısı" fəxri adından və Prezident təqaüdündən məhrum edilməsi ictimaiyyət tərəfindən müsbət hal kimi dəyərləndirilib. Məsələyə münasibət bildirən çox böyük əksəriyyət prezidentin bu təşəbbüsünün təqdirəlayiq hal kimi qiymətləndirib. "Cəmiyyət cənab prezidentimiz İlham Əliyevin bu qərarını çox yüksək dəyərləndirir. Onu da səbrsizliklə gözləyirik ki, çox hörmətli prezidentimiz yeni qərar versin və Əkrəm Əylisliyə verilmiş "Şöhrət" və İstiqlal" ordenləri də əlindən alınsın, Yazıçılar Birliyindən çıxarılsın" deyən Müasir Müsavat partiyasının sədri Hafiz Hacıyevin sözlərinə görə yazıçının həbs edilməsilə bağlı qərar da qəbul edilməsi də yaxşı olardı: "Cənab prezident Ə.Əylisli ilə bağlı hələlik humanist addım atıb. Ə.Əylisli Azərbaycan hakimiyyətinin Dağlıq Qarabağ münaqişəsinin həllində status-kvonun Ermənistanın lehinə dəyişməsi üçün böyük ximət göstərib. Bizdə olan məlumata görə, xaricdəki erməni diasporası Ə.Əylisliyə bu kitaba görə "Nobel" mükafatı sözünü verib. Hər halda cənab prezident və onun ətrafında olan müəyyən yoldaşlar bunu bilirlər. Erməni mətbuatı Əkrəm Əylislini Ermənistanın milli qəhrəmanı səviyyəsinə qaldırıb. Ona görə də cəmiyyət cənab prezidentimiz İlham Əliyevin bu təşəbbüsünü bəyənir və dəstəkləyir. Hər zaman prezidentimizin yanında olacağıq və onu dəstəkləyəcəyik". "Daş yuxular"a etiraz edən milyonlarla azərbaycanlı həmçinin yazıçı Əkrəm Əylislidən "İstiqlal" və "Şöhrət" ordenlərinin alınmasını da səbrsizliklə gözləyirlər. Əsərilə Azərbaycan xalqına iftira atan Əkrəm Əylisli erməni ruhu ilə yazılmış "Daş yuxular"ı ilə milyonlarla düşməni sevindirdi. "Cənab prezidentimizin Əkrəm Əylislinin "Prezident təqaüdü"ndən və "Xalq yazıçısı" fəxri adlarından məhrum edilməsinə dair sərəncamını müsbət qiymətləndirirəm" deyən millət vəkili Musa Qasımlının sözlərinə görə, prezident Əkrəm Əylislinin Azərbaycan xalqının üzərinə atdığı ləkəni götürdü: "Bu ləkə yalnız Əkrəm Əylislinin və onu müdafiə edənlərin üzərində qalır. Əgər bu adlar və digər ordenlər Əkrəm Əylislinin üstündə qalacaqsa onda bəziləri belə hesab edəcək ki, Azərbaycan Ə.Əylislinin böhtanlarına və milləti təhqir etməsinə razıdır. Ona görə də mən hesab edirəm ki, Ə.Əylislinin "Şöhrət" və "İstiqlal" ordenlərindən məhrum edilməsi də vacibdir. Çünki, bu əsərilə Ə.Əylisli əslində Azərbaycanın müstəqilliyinə zərbə vurub". Məsələdə ən maraqlı məqam ondan ibarətdir ki, Ziyalılar Forumu, AXCP, KXCP və Müsavat hələ də əsərlə bağlı münasibət bildirməyiblər. ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00