Rusiya Ermənistan-Azərbaycan müharibəsinin başlanmasını istəmir - ŞƏRH
Akif Nağı: “Cənubi Qafqazda yaranmış siyasi vəziyyət Rusiyanın maraqlarına tam cavab verir”
8 Fevral 2013 16:14 SiyasətRusiya Dövlət Dumasının sədri Sergey Narışkin Rusiya mətbuatına açıqlamasında Dağlıq Qarabağ məsələsinə toxunub. "Dağlıq Qarabağ münaqişəsinin tezliklə həllini gözləməyə dəyməz". Duma sədri KİV qarşısında belə deyib. "S.Narışkin öz açıqlamasında Rusiyanın mövqeyini ortaya qoyub. Duma sədri açıqlamasında onu da bildirir ki, məsələnin həllinə, sülhün əldə olunmasına ciddi əngəl törədən amillərdən biri də referendumdur. Bu da təbiidir, Ermənistan Rusiyanın əli ilə çalışır ki, Dağlıq Qarabağda regferendumun keçirilməsinə Azərbaycanın razılığını alsın. Bu Azərbaycan Konstitusiyasına, baş vermiş hadisənin mahiyyətinə də ziddir" deyən Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağının sözlərinə görə Azərbaycan heç vaxt Qarabağda referendum keçirilməsinə razı ola bilməz: "Eyni zamanda Rusiyanın digər mövqeyi ondan ibarətdir ki, Dağlıq Qarabağ münaqişəsi uzun müddət həll olunmamış qalmalıdır. Rusiya Qarabağla bağlı mövcud status-kvonun saxlanılmasında maraqlıdır. Rəsmi Moskva regionda yeni müharibənin başlanmasını istəmir, çünki yaranmış indiki vəziyyət onun maraqlarına tam cavab verir. Müharibə başlasa bu Rusiyanın maraqlarına zərbə vura bilər. Status-kvonu qorumağın başqa səbəbi isə Rusiyanın Ermənistanda hakimiyyətdə olmasına bağlıdır, çünki Kreml Ermənistana Rusiyanın əyaləti kimi baxır. Ona görə də Rusiya bu vəziyyətin uzunmüddətli qalmasının tərəfindədir. Digər tərəfdən isə vəziyyət bu cür davam etdikcə Rusiya Azərbaycana təzyiq etmək imkanları əldə edir. Segey Narışkinin açıqlaması məhz buna istiqamətlənib" ("OLAYLAR" İA)