Əkrəm Əylisli “Daş yuxular”ını Putinin sifarişilə yazıb - AKTUAL
Kremlin “Daş yuxular”ı Azərbaycan daxilində siyasi hərəkətliliyin zəifləməməsinə xidmət edir
8 Fevral 2013 15:59 SiyasətABŞ Konqresi və BMT Güney Azərbaycanla bağlı məsələni ortaya atandan sonra Azərbaycan ətrafında siyasi gərginlik artmağa başladı. Çünki, bu vəziyyət Rusiyanın strateji maraqlarına tərsdir. Proseslər sərtləşmə axınına Azərbaycan Silahlı Qüvvələrinin zabiti Ramil Səfərovun Azərbaycana ekstradasiya edilməsindən sonra düşdü. R.Səfərovun azadlığa buraxılması Rusiya, Ermənistan və Avropa Parlamentinin sərt təpkisilə qarşılaşdı. Daha sonra Gürcüstanda KQB agenti kimi tanınan Bidzina İvanişvili baş nazir postuna təyin edildi. Baş nazirin Gürcüstan hakimiyyətinə gəlməsindən sonra gürcü dövlətilə Azərbaycan arasındakı əlaqələrdə müəyyən mənada soyuq elementlər ortaya çıxmağa başladı. ABU-nun sabiq rektoru Elşad Abdullayevin qalmaqallı videogörüntüləri də yerli ictimaiyyət arasında rezonansa səbəb oldu. Həmin faktlar əsasında sabiq millət vəkili Gülər Əhmədovanın mandatından məhrum edilməsi, kitabxana müdiri Sevinc Babayevanın öldürülməsi də daxildə qarışıqlıq yaradılmasına istiqamətlənib. Ermənistan prezidenti Serj Sərkisyanın Xocalı aeroportu ilə bağlı bəyanatları da Azərbaycana qarşı Kremlin zərbə qüvvəsidir. Bu müstəvidə Rusiyanın müdafiə naziri Sergey Şoyqunun və KTMT-nin baş katibi Nikolay Bordyujanın Ermənistan səfərləri gərginlik təzyiqini xeyli artırdı. İranın ali dini lideri Ayətullah Əli Xamneyi və prezident Mahmud Əhmədinejadın Azərbaycanla bağlı sərt çıxışları iki dövlət arasında olan əlaqələri tamamilə çıxılmaz dalana dirədi. Teokratik molla rejiminin bu qərara getməsinin arxasından Kremlin başı görünür. Moskvada Azərbaycan hakimiyyəti əleyhinə yaradılmış RATİ adlı qurum da bu silsiləyə daxildir. Təşkilatın Azərbaycan əleyinə bəyanatlar verməsi bu gün ölkə mətbuatının əsas gündəm məsələsidir. Kinodramaturq Rüstəm İbrahimbəyovun elan etdiyi "El" hərəkatı isə Azərbaycanın daxili və xarici ətrafına öz siyasi damğasını vurdu. Rusiya, İran və bəzi daxili qüvvələrin İsmayıllıda səhnələşdirdiyi ssenari də eyni qəbildəndir. Qeyri-rəsmi yayılan məlumatlara əsasən hadisələr yaxın gələcəkdə Gəncə, Sumqayıt, Lənkəran, Şirvan və digər rayonlarda davam etdiriləcək. İran ETTELAAT-ının və rus KQB-sinin Azərbaycandakı fəaliyyətini nəzərə alaraq irəli sürülən iddialar əsas tapa bilər. KXCP sədri Mirmahmud Mirəlioğlunun iddiaları bu mənada doğru sayılmalıdır. İndiki məqamda Azərbaycanda baş verən siyasi hərəkətliliyin arxasında Putinli Kreml və Söyün Sadıqovlu RATİ dayanır. RATİ üzvü Ramazan Abdullatipovun Dağıstana prezident təyin olunması bütün proqnozlara aydınlıq gətirdi. Bu mənada Ziyalılar Forumunun yaratmaq istədiyi prosedurlar çox maraqlıdır. Rüstəm İbrahimbəyov daxildə elə bir sistem yaradıb ki, onun haqqında çoxlu versiyalar ortaya qoymaq, proqnozlar vermək mümkündür. Son bir neçə gün ərzində Azərbaycan mətbuatının əsas manşet xəbəri olan "Daş yuxular" əsərinin müəllifi Əkrəm Əylislinin də ziyalılarla yaxından əlaqəsi var. Bütün proseslərdə diqqətçəkən məqam ondan ibarətdir ki, hadisələrin əsas səbəbkarı kimi RF prezidenti Vladimir Putin məsul tutulur, iddialar irəli sürülür. Qısa müddətdən sonra proqnozların hamısı
fikimcə, doğrulur. Siyasi hadisələr sürətlə inkişaf etdiyi bir vaxt Əkrəm Əylislinin "Daş yuxular" əsərilə ortaya çıxmasına gəlincə, Əylisli "Daş yuxular" əsərini Vladimir Putinin sifarişi əsasında yazıb. Ortada şübhəli məqamlar var. Əsərin ortaya çıxmasilə ictimaiyyətin sərt təpkisilə qarşılaşması bir vaxta təsadüf etdi. Dərhal sonra əsərin müəllifi ANS-ə açıqlamasında bildirdi ki, "Daş yuxular"ın cəmiyyət tərəfindən bu cür reaksiya ilə qarşılaşacağını gözləməyib. Maraqlıdır bəs Əkrəm Əylisli bunu bilirdisə əsəri niyə Rusiyada "Drujba Narodov" jurnalında nəşr etdirdi? Əylisli dəqiq bilirdi ki, təpkilər eynilə indiki kimi olacaqdı. Reaksiyaların artdığını görən Ə.Əylisli özünə yaraşmayan siyasi dildə danışmağa başladı. "Daş yuxular"ın müəllifi bildirdi ki, vəziyyət bu cür davam etsə Azərbaycanı Avropa Şurasına şikayət edəcək, Beynəlxalq Məhkəməyə verəcək. Ə.Əylislinin elə də güclü siyasi savadı və təcrübəsi yoxdur. Sadəcə olaraq V.Putinin yazıçının qarşısına qoyduğu əsas vəzifə qızışdırıcı katalizator rolunu oynamaqdan ibarətdir. Müəyyən mənada da bəzi siyasi qüvvələrin diqqətini RATİ, Rüstəm İbrahimbəyovun siyasi fəaliyyətindən yayındırmaq və daxildə siyasi qütblər arasında gərginliyin hərarətini yüksəltməkdir. Çox maraqlıdır ki, müxtəlif kateqoriyalı siyasi qütblər məsələyə münasibət bildirdikləri halda Ziyalılar Forumu, AXCP və Müsavat susdu. Ziyalılar Forumunun ən tanınmış simaları Eldar Namazov, Eldəniz Quliyev, Gültəkin Hacıbəyli, Cəmil Həsənli, AXCP sədri Əli Kərimli və Müsavat başqanı İsa Qəmbər Əkrəm Əylislinin əsərinə münasibət bildirmədilər. İctimai Palata və Ziyalılar Forumundan dəvət olunmuş bəzi nümayəndələrin İTV-də aparılan siyasi debata gəlməmələri irəli sürülən versiyaları təsdiqləyir. Televiziyaya çağrılmış qonaqlar siyasi məqsədlərini gizlətmək üçün Əkrəm Əylislini müzakirə masasında tək buraxdılar. Çünki, bu ana qədər Ə.Əylisli ona tapşırılan işi görmüşdü. Yazıçının qoca olması gələcəkdəki siyasi proseslərdə iştirak etməsinə imkan vermir. Digər tərəfdən o, Rüstəm İbrahimbəyov, Söyün Sadıqov və Vladimir Putin üçün elə də əhəmiyyətli fiqur sayılmır. Ə.Əylisli yaxın bir neçə gündən sonra mətbuatın gündəmindən düşəcək. Ziyalılar Forumunun fevralın 5-də keçirilən toplantısında deyilən fikirlər buna əsas verir. Forumun üzvü Eldar Namazovun sözlərinə görə, yaxın bir neçə gün ərzində "El" hərəkatı elan olunacaq. Bu amil bir daha onu göstərdi ki, sifarişli "Daş yuxular" Putinin Azərbaycan daxilində siyasi hərəkətliliyin zəifləmək istəməməsi tələbi ilə yazılıb. Əkrəm Əylislinin Putinin qərarına getməsinin səbəbi maddiyyatla bağlıdır. Belə ki, Ə.Əylisli millət vəkili olarkən mandat maaşı yazıçının ağzını sözün həqiqi mənasında bağlamışdı. Lakin, növbəti seçki ilində bu şansdan yararlana bilməyən sabiq Xalq yazıçısı cilddəyişmə elədi.
Mənsur Rəğbətoğlu