Müxalifəti kim parçalayır? - SİYASİ ŞƏRH

Partiyaları üz-üzə qoyan AXCP-dir

"Müxalifəri parçalayan "Yurd" qrupudur", "Müsavat müxalifəti birləşməyə qoymur", "Rəsul Quliyev imkan vermir ki, müxalifət bir araya gəlsin". 15 ildən çoxdur ki, YAP hakimiyyətinə müxalif olanlar  uğursuzluğun səbəbini narazı elektorata, öz tərəfdarlarına bu cür izah edirlər. Köhnə birliklər dağılır, şübhəli adamlar dışlanır, yeni ümidlərlə yeni birliklər yaranır, yenə də müxalifət uğursuzluqdan yaxa qurtara bilmir. 2000-ci ildə 6 il pıçıltı ilə danışılan "Yurd"un xəyanətləri ifşa edildi, AXCP parçalandı. Müsavat AXCP-nin "klassiklər" qanadını tanıdı, Əli Kərimlini müxalifətdən dışladığını zənn etdi. Amma heç 3 il keşməmiş "islahatçılar"la əməkdaşlıq başlandı, "klassiklər" arxa plana keçirildi. Məlum oldu ki, söhbət müxalifətin təmizlənməsindən getmirmiş. Əslində Müsavata lazım olan AXCP-ni parçalamaq və başsız qalmış elektorata sahiblənmək imiş. 2002-ci ildən başlayaraq  AXCP ilə Müsavat arasında müttəfiqlik münasibətləri başlandı. 2003-cü ildə Müsavatın məğlubiyyəti AXCP-yə revanş imkanı verdi. 2005-ci ildə isə Müsavat AXCP-nin 5 il öncəki durumuna düşdü. 2008-ci ildən AXCP yenidən Müsavatla müttəfiq oldu. Bir prezident və bir də parlament seçkilərində  bu partiyalar müttəfiq olublar. Hazırda İctimai Palata daxilində yenə də müttəfiqdilər. Amma söz-söhbətlər yenə də bitməyib. Nəinki müxalifət, heç İctimai Palata prezident seçkilərində vahid namizədlə bağlı razılığa gələ bilmirlər. Müxalifət partiyaları birliyin əldə olunmamasına görə, bir-birini suçlandırır.  Daha çox ittiham olunan Müsavat Partiyasıdır. Partiyanın ötən ilin dekabrında prezidentliyə öz namizədini elan etməsi aşkar narazılıq yaradıb. Hesab olunur ki, Müsavat bununla müxaliftətə xəyanət edib, birliyin alınmasına mane olub. Müsavta daha çox suçlandıran ADP-dir. ADP sədri Sərdar Cəlaloğlu Müsavatı açıq mətnlə aşağılayır, onun qardaşı Qurban Məmmədov isə buna paralel olaraq AXCP sədri Əli Kərimlinin müsbət mənada piarını aparır, onu az qala müxalifətin xilaskarı kimi səciyyələndirir. Bu yaxınlarda mətbuata açıqlama verən ADP sədri S.Cəlaloğlu bildirir ki, Müsavat başqanı Lənkərana səfər etməklə şou yaratmaq istəyib, diqqəti İsmayıllıdan yayındırıb. Müsavatdan isə cavab veriblər ki, əgər İsmayıllı müxalifət adından getmək vacib idisə niyə Sərdar Cəlaloğlu getməyib. Prosesləri müşahidə edəndə ilk ağla gələn bu olur ki,  Müsavat müxalifətin parçalanmasında maraqlıdır. Düzdür, Müsavat bu günə qədər ADP, Ümid, AVİP, ALP, AMİP kimi partiyalara qarşı qara piar aparıb, onların "cib" müxalifəti olduğunu bəyan edib. ADP və Ümid İP-ə girməyə çalışsalar da, Müsavat buna imkan verməyib. Amma hazırda Müsavatın müxalifət parçalamaq kimi bir niyyəti yoxdur. Bu partiyanın bütün addımları  gündəmdə qalmağa, ana müxalifət statusunu qoruyub saxlamağa və seçkidən istifadə edib həm siyasi, həm də maddi divident qazanmağa hesablanıb. İlk baxışda elə görünür ki, Müsavat ADP, AMİP, AVİP və Ümidlə qarşıdurma vəziyyətindədir. Amma bu partiyaları əslində bir-birnə vuran AXCP sədri Əli Kərimlidir. Müsavat adından sosial şəbəkələrəd ADP sədrinin loyallığına ironiya edən də, ADP-çilər və müstəqillər adınan Müsavatı xəyanətdə suçlandıran da Əli Kərimlinin adamlarıdır. Onlar bütün sosial şəbəkələrdə, saytların rəy bölümlərində vardırlar. Misiyaları da müxalifət partiyalarını bir-birinə qarşı qoymaq, hamını zəiflədib meydanda tək güclü qalmaqdır. Hamı Müsavatın tələskən addımından danışır, İsa Qəmbərin namizəd olmaq üçün erkən qərar verdiyini tənqid edir. Amma AXCP sədrinin İctimai Palatada qala-qala  "Səkkizlik"lə görüşdüyünü, radikal islamçılara etdiyi reveransları yada salmır. Hazırda müxalifət düşərgəsində normal ab-havanın yaranmasına mane olan, partiyaların demokratik mübarizə naminə bir araya gəlməsini istəməyən AXCP və onun sədridir. AXCP sədrinin məqsədi heç də seçkiyə qatılıb qalib gəlmək deyil. O, yaxşı bilir ki, bu mümkün deyil. AXCP sədri bu seçkidə də Müsavatı sıradan çıxarıb növbəti beşilliklərdə ana müxalifət olmaq amacındadır.

Ərhun Abbas

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00