"“Türkmənçay müqaviləsi”ndən əvvəlki Azərbaycan bərpa olunmalıdır" - AÇIQLAMA
Qüdrət Həsənquliyev: “Bütöv Azərbaycan məsələsi daim gündəmdə olmalıdır”
8 Fevral 2013 14:16 Siyasət"Çox təəssüflər olsun ki, bu cür tədbirlər az-az təşkil edilir. Bütöv Azərbaycan məsələsi daim gündəmdə olmalıdır". BAXCP sədri Qüdrət Həsənquliyev fevralın 8-də keçirilən mətbuat konfransında belə deyib. "Türkmənçay müqaviləsi"ndən sonra Şimali Azərbaycanın Çar Rusiyasının tabeliyinə keçməsi daha müsbət hal idi, nəinki Cənubi Azərbaycanın İranın təsiri altına düşməsi" deyən Q.Həsənquliyevin sözlərinə görə "Türkmənçay müqaviləsi"nin imzalandığı gün Bütöv Azərbaycan tarixinin ən pis günüdür: "Xüsusilə bu gün Güney Azərbaycanın İranın despot rejiminin təsir dairəsindən xilas ola bilməməsi irəli sürülən fikirlərin əyani sübutudur". Tədbirdə çıxış edən ADP sədri Sərdar Cəlaloğlunun sözlərinə görə "Türkmənçay müqaviləsi"nin statusu ləğv edilməlidir: "Çünki, bu gün nə Çar Rusiyası var, nə də ki, o zamanki İran şahlığı. Şimali Azərbaycan müstəqillik əldə edib və ərazilərini geri qaytarmaq dövlətin ən təbii haqqıdır. Sonra da Bütöv Azərbaycan deyəndə təkcə Cənubi Azərbaycan nəzərdə tutulmamalıdır. Məhz "Türkmənçay müqaviləsi" imzalanarkən mövcud olan ərazilər kontekstində Bütöv Azərbaycan qurulmalıdır". "Türküstan" qəzetinin baş redaktoru, millət vəkili Fazil Mustafa, politoloq Elxan Şahinoğlu, DAK Daimi Şurasının sədri Əjdər Tağızadə və Aydınlar partiyasının sədri də çıxış edərək Rusiya və İranın parçalanma siyasətini pislədilər. ("OLAYLAR" İA)