Oqtay Əsədov Xorvatiyanın müdafiə nazirini qəbul edib
8 Fevral 2013 12:03 SiyasətMilli Məclisin Sədri Oqtay Əsədov Xorvatiya Respublikasının müdafiə naziri Ante Kotromanoviçin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. \"OLAYLAR"İA\ Parlamentin sədri Xorvatiya nümayəndə heyətinin ölkəmizə səfəri çərçivəsində Bakıda imzalanan anlaşma memorandumunu yüksək qiymətləndirib. Görüşdə spiker parlamentlərarası münasibətlərdən danışaraq, qanunverici orqanlardakı dostluq qruplarının fəaliyyətinin genişləndirilməsinin, qarşılıqlı səfərlərin, təcrübə mübadiləsinin əhəmiyyətini vurğulayıb. Bildirib ki, Milli Məclis bir sıra beynəlxalq təşkilatlar, o cümlədən NATO Parlament Assambleyası ilə səmərəli əməkdaşlıq edir. Bu günə qədər Bakıda NATO PA-nın bir neçə tədbiri, eləcə də Rouz-Rout seminarları keçirilib. Daha bir tədbirin 2014-cü ildə keçirilməsi nəzərdə tutulub.
Xorvatiyanın müdafiə naziri Ante Kotromanoviç ölkəmizə səfərindən məmnunluğunu bildirərək, Bakıda keçirdiyi görüşlərdən razılığını ifadə edib. Qonaq bildirdi ki, hər iki ölkənin müvafiq qurumları arasında imzalanmış anlaşma memorandumu əməkdaşlığımızın daha da dərinləşməsinə yeni imkanlar yaradacaq.
Söhbətdə ölkələrimiz arasında qanunvericilik, təcrübə mübadiləsi, hərbi təhsil sahələrində əməkdaşlığın perspektivləri və tərəfləri maraqlandıran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.