“Əkrəm Əylisli millətin heysiyyatına toxunub”

Seymur Orucov “Prezidentin qərarı “Daş yuxular”a etiraz edən milyonlarla insanın səsinə dəstəkdir”

"Əkrəm Əylisli "Daş yuxular" əsərindək xalq tərəfindən yaxşı insan kimi tanınıb. 80 il gizləndiyi maska altında bu adamı tanımaq mümkün olmayıb". YAP Gənclər Birliyinin sədri Seymur Orucov fevralın 7-də keçirilən mətbuat konfransında belə deyib. S.Orucovun sözlərinə görə, ermənilər Azərbaycan əleyhinə yazdığı yazılarda millətimizə qarşı bu cür təhqiramiz fikirlər səsləndirməyiblər. "Ə.Əylisli ona verilən imtiyazlardan sui istifadə edib" deyən S.Orucovun sözlərinə görə prezident İlham Əliyevin verdiyi xüsusi sərəncamla yazıçıya verilən bütün fəxri ad və imtiyazlar ləğv edildi: "Bu qərarı İlham Əliyevin "Daş yuxular"a görə etiraz edən milyonlarla insanın səsinə dəstəkdir". Tədbirdə çıxış edən millət vəkili Nizami Cəfərov qeyd etdi ki, yazıçı Əkrəm Əylisli "Daş yuxular"ı ilə milyonlarla azərbaycanlının heysiyyatına zərbə vurdu. N.Cəfərov bildirdi ki, Ə.Əylisli hələ millət vəkili ikən bu əsəri yazıb. Millət vəkilinin sözlərinə görə "Daş yuxular" bədiyyətdən tamamilə uzaq olan siyasi məzmunlu əsərdir: "Əsərdə Əylislinin şəxsi siyasi maraqları öz əksini tapıb. Yazıçı əslində burada milləti tənqid etməyib. Milləti tənqid edən bizim görkəmli yazarlarımız olub. M.F.Axundov, Mirzə Cəlil və M.Ə.Sabirin əsərlərində millətə tənqidlə yanaşı sevgi də açıq-aşkar hiss olunur. Hadisələrin sonunda Əkrəm Əylisli "Nobel" mükafatına layiq görülsə, yazıçı bunu qəbul etsə demək ki, onun məqsədi bu mükafat yiyələnmək olub, əksinə bundan imtina etsə demək o ermənidir, ya da ki dəli". N.Cəfərov daha sonra qeyd etdi ki, eks-prezident Heydər Əliyevin yazıçıya böyük simpatiyası olub: "Heydər Əliyev Əylisli haqqında danışanda deyirdi ki: "Əkrəm bu gün bir söz deyir, sabah başqa fikirə qulluq edir". Lakin, Heydər Əliyev onun yaradıcılığına böyük önəm verirdi və onun istedadının itməməsinə səy göstərirdi. Son olaraq onu bildirmək istəyirəm ki, Əkrəm Əylisli nankordur". Digər iştirakçı millət vəkili Musa Urud öz çıxışında bildirdi ki, "Daş yuxular" əsəri siyasi məqsədlərə ximət edir. "Əylisli qəsdən öz əsərində Azərbaycan tarixini və toponimlərini erməniləşdirib" deyən M.Urudun sözlərinə görə, yazıçının məqsədi azərbaycanlıları dünya xalqlarına vəhşi, barbar kimi əksinə erməniləri sivil, mədəni millət kimi təqdim etməkdir: "Əkrəm Əylislinin əsərini oxuyanda adamda elə təsəvvür yaranır ki, yazıçı ermənilər qarşısında öhdəlik götürüb və kimsə onu "Daş yuxuları" yazmağa məcbur edib. Bu barədə bizdə məlumat yoxdur, sanki Əylisli bu əsəri xüsusi tapşırıqla yazıb. Azərbaycanda baş verən bəzi siyasi hadisələrlə əsərin nəşr edilməsinin üst-üstə düşməsi, yazıçının özünə xas olmayan siyasi dillə danışması bu müstəvidə şübhələri artırır. Əgər Ə.Əylisli Ermənistanda monastr həyatı sürmək istəyirsə gedə bilər". Əkrəm Əylislinin "Daş yuxular"ını anti-bəşəri əsər adlandıran yazıçı Elçin Hüseynbəylinin sözlərinə görə, Əkrəm Əylisli öz əsərindəki hadisələri birtərəfli şəkildə inkişaf etdirib: "Bu yazıçının xislətindən və azərbaycanlılara qarşı olan nifrətindən irəli gəlir".

Alpər Göytürk

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00