Azərbaycan müxalifətinin Əkrəm Əylislinin timsalında erməni sevgisi - AKTUAL
7 Fevral 2013 15:01 SiyasətSon günlər Azərbaycan cəmiyyətinin əsas müzakirə etdiyi mövzulardan biri yazıçı Əkrəm Əylislinin 6 il əvvəl qələmə aldığı "Daş yuxular" romanıdır. Cəmiyyətin mütləq əksəriyyətinin ciddi etirazına səbəb olan bu roman hətta insanların yuxusunu ərşə çəkib desək yanılmarıq. O anlamda ki, vətəndaşlar cəmiyyətin ziyalı təbəqəsi hesab etdiyi "İstiqlal" ordenli yazıçının öz millətinə bu qədər düşmən münasibətdə olmasını qəbul edə bilmirlər. Və Azərbaycan cəmiyyəti haqlı olaraq Əkrəm Əylisliyə öz kəskin etirazlarını bildirir, onu Vətənə xəyanət etməkdə günahlandırırlar. Ancaq məlum prosesin cərəyan etdiyi bir məqamda ölkədəki bəzi dairələrin nümayiş etdirdiyi mövqe təssüf doğurmaya bilmir. Söhbət əlbəttə ki, Azərbaycan müxalifətinin radikal qanadından gedir. Əkrəm Əylisli məsələsi gündəmə gələn gündən Azərbaycan müxalifətinin radikal qanadının ortaya qoymuş olduğu mövqe heç də millətin mövqeyi ilə üst-üstə düşməyib. Əkrəm Əylisli məsələsinin bir şou olduğunu iddia edən müxalifətin radikal qanadı hətta absurdcasına iddia edib ki, guya bu məsələ hakimiyyət tərəfindən gündəmə gətirilib və məqsəd cəmiyyətin diqqətini regionlarda baş verən etirazlardan ayırmaq, əsas diqqəti Əkrəm Əylisliyə yönəltməkdir. Bu azmış kimi radikal müxalifətçilər bədnam yazıçısının vəkili qismində də çıxış etməyə başlayıblar. Erməniləri öz millətindən üstün tutan birisinə qarşı etiraz aksiyalarının keçirilməsi, haqlı ictimai qınağın formalaşmasını pisləyən radikal müxalifət hətta utanmadan Əkrəm Əylislinin fikirlərinə hörmətlə yanaşmağı da tövsiyyə edir. Yalnız müəyyən mənada kostruktiv mövqe nümayiş etdirən və dövlətçilik maraqlarından çıxış edən bir neçə partiya Əkrəm Əylislinin "Daş yuxular" romanına "daş" atsa da, lakin həmin "daş"lar da əsas hədəfə tuşlanmamışdı. Belə ki, Azərbaycan Demokrat Partiyası və Ümid Partiyasının daxil olduğu "Qarabağ" bloku Əkrəm Əylislinin erməni sevgisini özündə əks etdirən romanında "yazıçı"nın tarixi təhrif edən fikirlərə yer verməsini qətiyyətlə pisləsə də, öz qeyri-obyektiv mövqeyini də ortaya qoyub. İddia edilir ki, bu bir şoudur. və sözügedən proses Azərbaycan üçün təhlükələr yarada bilər. Televiziyalarda sanki Əkrəm Əylisliyə qarşı bir kampaniya aparıldığı qənaətində olan müxalifəıt partiyaları elə zənn edirlər ki, Azərbaycan cəmiyyəti və onun ayrı-ayrı nümayəndələri onlar kimi hansısa dairələrin drijor çubuğu ilə işləyir və ona verilən tapşırıq əsasında öz mövqeyini ortaya qoyur. Ancaq unudulur ki, bu bir milli maraqq məsələsidir və milli maraqların qorunmasında Azərbaycan müxalifəti də vətəndaş, xalq və hakimiyyətlə eyni mövqedən çıxış etməlidir. Düzdür, sözügedən blokun bəyanatında "Daş yuxular" romanında Azərbaycan xalqı barədə səslənən absurd fikirlər də tənqid olunur. Bildirilir ki, Azərbaycan xalqı qulaqkəsən "Daş yuxular" romanında göstərildiyi kimi qulaqkəsən xalq deyil. Əksinə Azərbaycan xalqı Qubada, Şamaxıda, Bakıda kütləvi məzarlıqları olan, Xocalını yaşamış, ən yaxın tariximizdə belə ermənilər tərəfindən təcavüzə məruz qalmış xalqdır. Əkrəm Əylislinin "Daş Yuxular" romanı Azərbaycan xalqının obrazını təhrif edib, ləkələyib. Bu əsərdə bizim gözümüzün qarşısında baş verən tarix bütün dünyaya yalnış və yalan olaraq təqdim edilib.
Azərbaycan Demokrat Partiyası və Ümid Partiyasından fərqli olaraq isə İctimai Palatada təmsil olunan AXCP və Müsavat Partiyası susqunluğa üstünlük verib. Artıq bir həftədən çoxdur ki, ölkə gündəminin əsas müzakirə mövzusuna çevrilən bu məsələ barədə adıçəkilən partiyalar tərəfindən bir dənə olsun belə açıqlama və ya bəyanat verilməyib. Əksinə hər iki partiyaya yaxınlğı ilə seçilən mətbu orqanlarda Əkrəm Əylislinin müdafiəsinə yönəlmiş fikirlərə belə rast gəlmək mümkündür. Bu isə öz-özlüyündə Əkrəm Əylisli kimi Azərbaycan müxalifətinin radikal qanadında da erməni sevgisinin olduğunu ortaya qoyur. Əslində bu Azərbaycan cəmiyyəti üçün bir yenilik deyil. Hələ bir neçə il əvvəl Müsavat Partiyasının başqanı İsa Qəmbər Azərbaycandan kənarda keçirilən beynəlxalq tədbirlərdən birində Ermənistanın müxalifət partiyalarından biri ilə görüş keçirmiş və birgə əməkdaşlıq məsələlərini müzakirə etmişdi. Eyni zamanda Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimlinin sonuncu dəfə Böyük Britaniyaya səfəri zamanı Azərbaycan hakimiyyətinə mümkün təsir imkanları ilə bağlı oradakı ermənipərəst dairələrlə görüş keçirdiyi xəbəri yayılmışdı. Bu günlərdə isə eks-spiker, Açıq Cəmiyyət Partiyasının lideri Rəsul Quliyevin ermənilərlə siyasi aspektdə işbirliyi qurduğu ortaya çıxıb. Belə ki, Ermənistanın Milli Təhlükəsizlik Partiyasının sədri və Dağlıq Qarabağda ermənilərin "Qarabağ" komitəsinin ilk rəhbəri olan İqor Muradyan Açıq Cəmiyyət Partiyasının Birləşmiş Ştatlarda yaşayan lideri Rəsul Quliyevlə görüşdüyünü açıqlayıb. Erməni saytlarının xəbərinə görə, İqor Muradyanla Açıq Cəmiyyət Partiyasının lideri Rəsul Quliyev arasında görüş hələ Heydər Əliyevin zamanında, Vaşinqtonda, Con Hopkins Universitetinin Mərkəzi Asiya və Qafqaz İnstitutunda baş tutub. Eks-spikerin erməni həmkarı ilə görüşünü isə o zaman instututun direktoru vəzifəsində işləmiş Çarlz Farbenks təşkil edib. İqor Muradyan bildirib ki, Rəsul Quliyev uzunn müddət Birləşmiş Ştatlardakı erməni təşkilatları ilə əlaqələr yaratmağa cəhd göstərib. Məlum görüş isə eks-spiker üçün göydəndüşmə olub. Hətta Rəsul Quliyevin həmin görüşə qatılmaq üçün yaşadığı Nyu-York şəhərindən Vaşinqtona gəldiyi bildirilir. Görüş zamanı Rəsul Quliyevin erməni həmkarından Azərbaycan hakimiyyəti və Heydər Əliyev haqqında rəyini soruşub. Maraqlı məqamlardan biri ondan ibarətdir ki, görüş zamanı Rəsul Quliyev söylədiyi fikirlərin heç yerdə yayılmamasını xahiş edib.
Bütün bunlar Azərbaycan müxalifətində erməni sevgisinin olduğunu bir daha təsdiqləyir. Hakimiyyətə gəlmək üçün ermənilərlə belə işbirliyinə gedən radikal müxalifətin Əkrəm Əylisli məsələsi ilə bağlı susqunluq nümayiş etdirməsi də məhz bu sevgi ilə bağlıdır. Əks halda radikal müxalitət də Azərbaycan cəmiyyətinin bir hissəsi kimi millətçilik və dövlətçilik maraqlarından çıxış edər, xalqımızın üzərinə atılan bu şər-böhtana qarşı mövqe nümayiş etdirərdilər. Görünən isə odur ki, Azərbaycan müxalifətinin böyük əksəriyyəti hətta ümummilli maraqların qorunması məsələsində nəinki hakimiyyətdən, hətta xalqdan belə ayrıdır. Xalqdan ayrı olan şəxs və qrupların aqibəti isə sonda yaxşı olmur.
Süleyman İsmayılbəyli