Müxalifət vahid namizədi müəyyən edə biləcəkmi?

Eldar Namazov: “Aparıcı partiyalar “vahid namizədi” tələ hesab edirlər”

Elçin Mirzəbəyli: "Bu ideyanın kimlər tərəfindən ortaya atıldığı məlumdur"

"Əslinə qalsa, müxalifətin vahid namizəd ideyası Azərbaycanda heç zaman reallaşmayıb. Ancaq müxtəlif seçki dönəmlərində şahid olmuşuq ki, müxalifətin ən güclü, ən şanslı namizədi müəyyənləşir və narazı elektorat da səslərini həmin əsas namizədə verir". Bunu  politoloq Eldar Namazov  müxalifətin vahid namizəd məsələsinin hansı səbəbdən alınmaması məsələsinə münasibətini bildirərkən dilə gətirib. Politoloq əlavə edib ki, 1998-ci il seçkilərində eyni mənzərə yaşanıb. Belə ki, həmin vaxt  AMİP lideri Etibar Məmmədov  seçkilərə qatılanda, o, formal olaraq vahid namizəd deyildi, ancaq narazı kütlə səslərinin demək olar ki, əksəriyyətini ona verdi. 2003-cü il seçkilərində də belə bir hal təkrarlandı, Müsavat başqanı  İsa Qəmbər də vahid namizəd deyildi, amma narazı kütlənin səslərinin əksəriyyəti ona verildi. Politoloqun sözlərinə görə, çox yəqin ki, yenə də vahid namizəd haqqında yox, əsas, daha şanslı namizəd barəsində söhbət gedə bilər: "Yəni, əsas, şanslı namizəd haqqında danışa bilərik ki, əgər belə bir siyasi qüvvə , onun namizədi meydanda olsa və cəmiyyət inansa ki, ən şanslı namizəd, eləcə də,  hakimiyyətin ən güclü rəqibi həqiqətən budur, onda həmin adam narazı elektoratın səslərinin əksəriyyətini qazana bilər". Onun sözlərinə görə, elə partiyalar var ki, onlar müxalifət olduqlarını deyirlər, ancaq müxalifətdə olan partiyalar onlara inanmır, etibar etmirlər, deyirlər ki, siz müxalifət deyilsiniz, siz "hakimiyyətin projesi"siniz və sair: " Elə ən çox vahid namizəd ideyasını  ortaya atan da o partiyalar olub ki, onlarla bağlı müxalifət düşərgəsində müəyyən qədər ziddiyyətlər, inamsızlıq formalaşıb. Ona görə aparıcı partiyalar da ehtiyat edirlər ki, bu, vahid namizəd məsələsini ortaya atmaqla, əslinə qalsa, müxalifət üçün bir tələ qurulur.  Vahid namizəd məsələsinin müzakirəsinə gələn partiyaların bir qisminin ciblərində yazılmış məlumat və qərar var ki, nəbadə, bu, alınmasın. Odur ki, müxalifət tərəfindən daha çox  əsas namizəd məsələsinə üstünlük verilir ki, əslində həmin namizədi də  partiyalar seçmir. Əsas namizədi cəmiyyət, elektorat seçir, əsas namizəd o, olur. Daha doğrusu, hiss olunur ki, onun təşkil etdiyi mitinqlərə ən çox adamlar gəlir, ən çox ölkənin tanınmış simaları, ictimai xadimləri, ziyalıları onu dəstəkləyirlər və sair. Yəni, bu, təbii yolla, ictimai dəstəyi qiymətləndirərək müəyyənləşir ki, kim daha güclü, daha şanslı namizəddir və sonda da o, olur əsas namizəd. Mənə elə də gəlir ki, bu, daha düzgün yanaşmadır, nəinki vahid namizəd ideyası ətrafında müzakirələr aparmaq".

Qeyd edək ki, xüsusilə, son aylar vahid namizəd məsələsini  daha çox özünü müxalifətin əsas güc mərkəzi sayan İctimai Palata və orada təmsil olunan Müsavatla AXCP müzakirə predmetinə çevirib. Belə olan halda, burada ziddiyyətli məqam yaranmış olmur ki? Məsələyə münasibət bildirən  E.Namazovun sözlərinə görə, bu məsələyə dəqiq cavab tapmaq üçün mövcud  mənzərəni bir qədər aydınlaşdırmaq lazımdır: "Hər dəfə kənardan bu və ya digər müsahibəni, informasiyanı oxuyan adamlar üçün bu mənzərəni təhlil edib, qiymətləndirmək çox çətin olur. Bir var vahid namizəd ideyası. Bu o deməkdir ki, özünü müxalifət adlandıran hər bir partiya gəlib bu prosesdə iştirak edir. Söhbət də haradasa 20,30, 40 partiyadan gedir ki, bunların heç  çoxlarının  mövqeyi bəlli deyil, eyni zamanda, onların kiməsə bağlılıqları ilə əlaqədar şübhələr var və bilinmir ki, onların ətrafında heç olmasa, yüz adam var, yoxsa, yox. Ona görə bu ideyaya demokratik düşərgədə bir az şübhə ilə yanaşılır. Ancaq başqaları da var ki, deyirlər daha geniş koalisiya ilə seçkilərə gedilsin. Bu zaman isə çərçivə adətən məhdudlaşır, yəni, şanslı namizədi haradasa 5-6 aparıcı partiyanın arasında müəyyənləşdirməkdən söhbət gedir.  Düzdür, bəziləri daha geniş koalisiya deyəndə, yenə də başlayırlar məsələni fırlatmağa və söhbəti yenidən vahid namizəd məsələsinin üstünə gətirirlər. Ancaq əslində geniş koalisiya deyərkən, burada 5-6 aparıcı partiyadan, siyasi qurumdan söhbət gedir və bu da normal yanaşmadır. Yeri gəlmişkən, bəziləri vahid namizəd deyərkən, bildirirlər ki, burada 40-50 partiyadan - hansı ki, bunlar daha çox özlərini  müxalifət adlandıran partiyalardır - və onun namizədindən söhbət getməlidir. Bunların arasında hətta, elələri var ki, parlamentdə oturublar və bu, o, parlamentdir ki, biz onun nə cür formalaşdırıldığını Gülər Əhmədova ilə bağlı məlum videoda görmüşük. Ona görə də müxalifət tərəfindən vahid namizəd ideyasına bir az  şübhə ilə yanaşılır ki, bunu ortalığa atan adamlar nə qədər səmimidirlər və onların məqsədi nədir. Həqiqətənmi, məqsəd bütün müxalifətin bir araya gəlməsidir, yoxsa, əksinə, müxalifəti parçalayıb dağıtmaq üçün bunu deyirlər? Lakin bir daha təkrar edirəm, daha geniş koalisiya deyəndə, o, nəzərdə tutulur ki, demokratik düşərgədə 5-6 aparıcı qüvvə var və onların bir araya gəlməsi vacibdir."  

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının  katibi Elçin Mirzəbəyli qeyd edib ki, E.Namazov  açıqlamasında vahid namizəd məsələsinin ortaya atılmasında parlamentdə təmsil olunan və özlərini müxalifət adlandıran partiyaların da maraqlı, umumiyyətlə, bunun hakimiyyətin əsas müxalifətə qarşı bir tələsi olduğunu vurğulayıb. Amma o da maraqlıdır ki, vahid namizəd məsələsini ortaya atan daha çox elə özünü aparıcı müxalifət hesab edən AXCP-dir. Əslində isə  vahid namizəd məsələsinin kimlər tərəfindən ortaya atıldığını  hər kəs bilir: "Kimsə İsa Qəmbəri, yaxud, İctimai Palata adlanan qurumda təmsil olunan digər şəxsləri məcbur etməyib ki, vahid namizəd məsələsini gündəmə gətirsinlər, bu məsələ ətrafında təxminən 2 il davam edən bir müzakirə açsınlar, bir-birini müxalifəti parçalamaqda ittiham etsinlər, sonda öz iddialarını ortaya qoyub qarşılıqlı ittihamlarla çıxış etsinlər. Eldar Namazov bu açıqlama ilə "klub ortağı" Rüstəm İbrahimbəyovun "vahid namizəd yox, əsas namizəd" kimi fikirlərindən sonra çıxış edib. Yəni, bu yanaşma eyni mətbəxdə hazırlanan ssenarinin tərkib hissəsidir. Amma siyasi analitikanı dramaturji materialın təhlilindən fərqləndirən çox böyük amillər var. Siyasət mübaliğəni sevmir. Siyasi kombinasiyalarla dramaturji materialın süjet xəttində yer alan bədii və obrazlı keçidlər arasında çox böyük fərqlər var. Dramaturji materialın remarkalarından fərqli olaraq siyasətin remarkaları yazılmır. O ki, qaldı Eldar Namazovun parlamentdə təmsil olunan siyasi təşkilatların ünvanına "özünü müxalifət adlandıranlar" deməsinə, sabiq dəftərxana işçisinin diqqətinə çatdırım ki, artıq bu ifadə kimsəni qıcıqlandırmır. İstədiyi qədər təkrar etsin və təsəlli alsın. Amma bu mövcud reallıqları dəyişməyəcək".

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00