Müxalifət daxilində rəqabət artır - SİYASİ ANALİZ

Ənənəvi müxalifət hesab edir ki, İlqar Məmmədovu qəhrəman etmək üçün tutublar

Real Hərəkatının həmsədri İlqar Məmmədovun və Müsavat başqanının müavini Tofiq Yaqublunun  həbsi müxalifət daxilində gizli gedən rəqabət meyllərini çılpaqlığı ilə üzə çıxardı. Müsavat Partiyası və AXCP-yə yaxın mətbuat orqanları, sosial şəbəkələrdə aktiv müsavatçılar, cəbhəçilər İlqar Məmmədova qarşı soyuq yanaşma sərgilədilər. Siyasi ekspertlərin fikrincə,  ənənəvi müxalifət Real hərəkatını və onun lideri İlqar Məmmədovun ortaya çıxmasını istəmir. İndiyə qədər İlqar Məmmədova qarşı açıq mövqe qoyulur, onu tənqid edirdilər. İndi isə həbs  edilib deyə, sosial şəbəkələrdə üstüörtülü yazılır.   Başqa ad altında yazılan şərh və statuslarda  müsavatçılar, cəbhəçilər İlqar Məmmədovun bilərəkdən həbs edildiyini, hansısa dairələr tərəfindən guya onu qəhrəmanlaşdırmaqdan ötrü tutulduğunu iddia edirlər. Aşkar görünür ki, ənənəvi müxalifət üçüncü qüvvənin ortaya çıxmasını istəmir. Müsavata yaxın siyasi şərhçilər açıq yazırlar ki, üçüncü qüvvə artıq məhv oldu. Onlar hesab edirlər ki, İlqar Məmmədovun həbsinə etiraz edənlər olmadısa, deməli, üçüncü qüvvə də yoxdur. Ənənəvi müxalifətin sabiq AMİP-çi İlqar Məmmədova qarşı qısqanclığı anlaşılandır. Köhnə müxalifətdə onun keçmiş fəalliyyəti unudulmayıb. Həm də onun dəyişib başqa adam olduğuna inanmırlar. Ən pisi odur ki, ənənəvi müxalifətin Bəybala Əbil, Asəf Quliyev və Arif Hacılı zehniyyətində olan fiqurları İlqar Məmmədovun hansısa hakimiyyətiçi qruplar tərəfindən ortaya atıldığını düşünürlər. Onlar Emin Millini də bu gözdə görürlər. Elə buna görədir ki, müxalifət yenilənə, yeni qan əldə edə bilmir.  Ənənəvi müxalifət nəinki kənarda yetişən yeni nəsli, öz daxilindən çıxan gəncləri də qəbul etmir. Məsələn, bir zamanlar Qubad İbadoğlunun fəallığı nəzərə çarpırdı. Hətta onun Müsavat başqanlığına namizəd olması məsələsi də gündəmdə idi. Ancaq İsa Qəmbərin başqanlıqdan getməsini istəməyənlər elə piar apardılar ki, Müsavat elektoratında İbadoğluna qarşı şübhə oyandı. Onun rəhbərlik etdiyi QHT-nin dövlət şurasından qrant almasını qabartdılar və sadə müxalifətçidə Qubad bəyə qarşı şübhə oyatdılar. Eyni ssenari ənənəvi müxalifəti dəfələrlə ələ salan, tənqid edən İlqar Məmmədov haqqında da işə salınıb.  Amma bir fərqi var ki, ənənəvi müxalifətə bu dəfə cavab verən var. Ziyalılar Forumunun üzvü Eldar Namazov mətbuata açıqlamasında İlqar Məmmədovu dəstəkləyib və dolayısı ilə ənənəvi müxalifətin tezislərini tənqid edib. O bildirib ki, son aksiyalar üçüncü qüvvənin artıq meydanda olduğunu göstərir. Eldar Namazov hesab edir ki, yanvar ayı ərzində baş verən hadisələrdə ənənəvi müxalifətin heç bir rolu olmayıb.  Və bu da onu göstərir ki, bu ilki seçkidə müxalifət adına başqa qüvvələr də iddia edəcək.

Ənənəvi müxalifətin başqa rəqibləri də var. İlqar Məmmədov və Eldar Namazov görünən fiqurlardı. Hələ "üçüncü qüvvə" adlanan qrupun arsenalında  Rüstəm İbrahimbəyov da var. İbrahimbəyovun yaradacağı "El" hərəkatı ənənəvi müxalifətə daha böyük problem yaradacaq. Ehtimal ki, ana müxalifət adı uğrunda mübarizə bu iki qüvvə arasında gedəcək. "El" hərərkatın və İctimai Palatadan hansı biri islamçıların dəstəyini alsa, güclü də o, olacaq.

Ərhun Abbas  

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00