Həmsədrlərin qətiyyətli mövqeyini görmürük - MİLLƏT VƏKİLİ
6 Fevral 2013 13:11 SiyasətHəmsədrlərin qətiyyətli mövqeyini görmürük"Azərbaycan Dağlıq Qarabağ probleminin danışıqlar yolu ilə həlli məqsədilə real təkliflərlə çıxış edir və sülhə nail olmaq üçün böyük səylər göstərir. Lakin Ermənistan tərəfi əks mövqe numayiş etdirir və təxribatlarını davam etdirir". "OLAYLAR"-ın xəbərinə görə, bu fikirləri yap.org.az saytına hakim partiyanın İcra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı səsləndirib. Bildirib ki, Azərbaycan tərəfi Minsk qrupunun sülh prosesinə təsir imkanlarının daha da artırılmasını zəruri hesab edir. Bu mənada onun fəaliyyətindən narazıdır: "Beynəlxalq müstəvidə ikili standartlar açıq şəkildə müşahidə olunmaqdadır. Bir tərəfdən bu və ya digər ölkələrə qarşı koalisiya yaradılaraq həmin ölkələrə hərbi müdaxilədən çəkinmirlər. Digər tərəfdən, təcavüzkar şirnikləndirilir və yaxud da təcavüzkara hansısa formada təzyiqlər göstərilmir. Biz beynəlxalq təşkilatların - BMT-nin, ATƏT-in və digər qurumların ermənilərin işğalına ciddi və əsaslı şəkildə reaksiya vermədiyini görürük. Hələ də aparıcı dövlətlərin, xüsusilə həmsədrlərin qətiyyətli mövqeyini görmürük. Bu bizi çox təəssüfləndirir və Azərbaycan xalqında haqlı narazılıq yaradır, beynəlxalq təşkilatlara inamı sarsıdır".