Rusiya Dağlıq Qarabağla bağlı mövqeyini Azərbaycanın lehinə dəyişə bilər

Mübariz Əhmədoğlu: “Moskva başa düşür ki, Şərqdə ən yaxşı müttəfiq Azərbaycan ola bilər”

"ABŞ başda olmaqla Qərbin mövqeyi MDB-də üstünlük təşkil edir. Bu mənada demək olar ki, Rusiyanın sovetləşmə siyasəti iflasa uğrayıb. Belorus prezidenti A.Lukaşenko və Qazaxıstan prezidenti N.Nazarbayev bəyan etdilər ki, Rusiyanın nazı ilə oynamaq fikrində deyillər". Bu barədə fevralın 5-də mətbuat konfransı keçirən politoloq Mübariz Əhmədoğlu deyib. M.Əhmədoğlunun sözlərinə görə Qazaxıstan və Belorus Rusiyanın Gömrük İttifaqına qoşulmaqdan rəsmən imtina ediblər. Politoloq qeyd edib ki, Ukrayna Provaslav Kilsəsi də Ukraynanın ittifaqa qoşulmasının qəti əleyhinədir. "Ermənistan Gömrük İttifaqına daxil olmaqla bağlı verdiyi vədin icrasını yubadır. Yanvarın əvvəlində üzvlüklə bağlı sənədləri hazırlayıb imzalanmalı olsa da Rusiyanın bütün səylərinə baxmayaraq Ermənistan bəhanə ilə bu qərara getmədi" deyən M.Əhmədoğlunun sözlərinə görə Azərbaycanın Rusiyanın MDB məkanındakı inteqrativ layihələrinə münasibəti əvvəldən neqativ olub: "Gürcüstanda hakimiyyət dəyişikliyi Rusiyada müəyyən ümidlər yaradıb. Ruslar ictimai diplomatiya vasitəsilə Gürcüstanı MDB-yə üzv olmağa dəvət edirlər. Böyük ehtimalla Gürcüstan MDB üzvü olan kimi onun Gömrük İttifaqına üzv olması məsələsi gündəliyə çıxarılacaq. Rusiyanın MDB-də apardığı sovetləşmə siyasəti nəticəsində bir çox dövlətlər var ki, müstəqil siyasət yürüdə bilmirlər. Həmin dövlətlərin başında Ermənistan gəlir. Bildiyiniz kimi bu yaxınlarda Ermənistanda prezidentliyə namizəd Paruyr Ayrikyana sui-qəsd edildi. Rusiya ciddi namizədlərin prezident seçkilərində iştirakına maneəçilik törətməklə Serj Sərkisyana "yaşıl işıq" yandırdı. Əvəzində isə Sərkisyan yanvarda Ermənistanın Gömrük İttifaqına üzv olması ilə bağlı sənədləri imzalamaq vədini vermişdi, lakin məlum oldu ki, Sərkisyan Rusiyanı aldadıb. Yanvarın son günündə bu hadisənin törədilməsi özü də bir simvol ola bilər. RF belə addımlarla Sərkisyanın prezident seçilməsinə imkan verməyəcəyini diqqətə çatdırır. P.Hayrikyanın öldürülməməsi də bunun mesaj olduğunu göstərir. Lakin, Rusiyanın bütün cəhdlərinə baxmayaraq. Buna görə də Rusiya Dağlıq Qarabağ münaqişəsinin həllində status -kvonu Azərbaycanın lehinə dəyişə bilər. Çünki, Rusiya başa düşür ki, Şərqdə Rusiyanın ən yaxşı müttəfiqi Azərbaycan ola bilər. Dağlıq Qarabağ münaqişəsi həll edilən kimi güclü Rusiya-Azərbaycan müttəfiqliyi yaranacaq. İndiki məqamda da Rusiya bunu gerçəkləşdirməsi üçün Dağlıq Qarabağın həllini Azərbaycanın lehinə dəyişməsini götür-qoy etmək istəyir və Rusiyada bunun işartısı görünür. Rusiya bunu etməyə məcburdur" ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00