Molla rejimi daxilində intriqa - ŞƏRH
Seçkilərdən sonra Əhmədinejad qatı müxalifətə keçəcək
5 Fevral 2013 14:46 Siyasətİran siyasi elitasında parçalanma davam edir. Dini liderin adamları hazırkı prezident Mahmud Əhmədinejada qarşı təzyiqləri artırırblar. Fevralın 3-də parlamentin iclasında iştirak edən prezident Mahmud Əhmədinejadla parlamentin sədri Əli Laricani arasında siyasi qalmaqal yaşanıb. M.Əhmədinejad və Əli Laricani bir-birinə qarşı sərt ittihamlar irəli sürüblər. Prezident çıxışında bildirib ki, parlament sədri dövləti idarə etməyə çalışır: " O parlamenti də öz istədiyi kimi idarə edir. Halbuki bu doğru deyil və Konstitusiyamıza ziddir. Mən burada bir səs yazısını sizə dinlətdirmək istəyirəm. Bu səs yazısı Əli Laricaninin qardaşı Fazil Laricani və Tehranın sabiq prokuroru Səid Murtəzəvi arasında saatlarla gedən söhbətin yalnız 20 dəqiqəsidir".
Etirazlara baxmayaraq, M.Əhmədinejad deputatları və Ə.Laricanini səbrli olmağa dəvət edərək, səs yazısını dinlətdirib. Audioyazıda Fazil Laricani və Səid Murtəzəvi dövlətə bağlı olan şirkətlərin müqavilə əsasında satılmasından danışıblar. Səs yazısı dinlənildikdən sonra M.Əhmədinejad deyib ki, bütün bu məsələlərin arxasında Ə. Laricani dayanıb.
Parlament sədri isə prezidentin ittihamlarını cavabsız buraxmayıb: "Məni ittiham etdiniz. Sizin də mənim sözümü kəsməyə haqqınız yoxdur. Siz 3 ildir iddia edirsiniz ki, siyasi məsələlərlə dövlət idarəçiliyinə basqı göstərilir və bunda bizi ittiham edirsiniz. Halbuki əsas səbəbkar özünüzsünüz. Kimin yaxın qohumu olmasından asılı olmayaraq, hər kəsin günahı varsa, məhkəməyə verilərək, cəzalandırılacaq".
Siyasi ekspertlər bu olayı hakimiyyəti təhvil verməkdə olan hazırkı prezidentn son çırpıntıları kimi dəyərəndirirlər. Güneyli ekspert Elçin Hatəmi deyir ki, Əhmədinejadın parlamentdə siyasi intiharı İranda hökumət daxilində ixtilafları getdikcə dərinləşdirir: "Prezident və Ali dini lider Ayətullah Əli Xamneyi əlbir olub islahatçıları, yəni sabiq prezdent Məhəmməd Xatəminin tərəfdarlarını ölkə siyasi səhnəsindən silib atdıqdan sonra bu 2 güvvə bir-birinin canına daraşıblar. 2009-cu ildə İran prezident seçkilərində 24 milyondan çox səslə Mahmud Əhmədinejad seçkinin qalibi elan edildi. İslahatçılar zorakılıqla aradan qaldırdıqdan sonra Əhmədinejad elə sandı ki, ölkə siyasi meydanında özünə rəqib qalmadığını güman etdi. Bu arada Əli Xamneyiyə yaxın olan nazirləri işdən çıxarıb və öz ətrafındakı şəxsləri onların yerinə oturtmağa cəhd elədi, amma Xamneyi tərəfdarlarına qarşı sərt ittihamlarla çıxış etdi. Məsələn, İnqilab Keşikçiləri Korpusunu- "SEPAH"ı qaçaqmalçı qardaşlar adlandırdı. Xamneyinin təklifi ilə nazirlik vəzifəsində yerləşən Təhlükəsizlik və İnformasiya nazirini öz vəzifəsindən azad etdi və nazirliyin məsuliyyətini öz üzərinə götürdü". Elçin Hatəmi hesab edir ki, Əhmədinejadın bu kimi hərəkətləri dini lideri qəzəbləndirdi: "Xamneyi nazirin dərhal vəzifəyə qayıtmasına əmr verdi. Nazir vəzifədə olmadığı müddətdə prezident və onun tərəfdarları Xamneyi və onun yaxınlarına aid 130 min sənədi oğurlayıblar və istədikləri zaman onların əleyhinə istifadə etmək niyyətindədirlər. İranda hesab edirlər ki, Xamneyi bu sənədlərin Əhmədinejad qrupu tərəfindən üzə çıxmasından qorxur və prezidenti üzdə dəstəkləyir. Həm də seçkilərdə Əhmədinejadı dəstəklədiyi üçün istəmir ki, xalqın qarşısında qüruru sınsın". Elçin Hatəmi deyir ki, bir neçə gün bundan öncə parlamentdə daha bir biabırçı hadisə baş verib. Fevralın 3-də parlamentdə Xamneyi və onun tərəfdarlarının razılığı olmadan prezident Tehranın sabiq prokuroru Səid Mortazavini İran soial təminat idarəsində vəzifəyə təyin etmişdi. Səid Murtəzəvinin əmri ilə prezident seçkilərinə etiraz edən bir neçə tələbə Tehranın Kəhrizək həbsxanasında öldürülmüşdü və bir neçə gənc cinsi zorakılıqa məruz qalmışdı: "Murtəzəvinin cinayəti o yerə çatmışdı ki, Xamneyiyə xəbər çatınca bu həbsxananın dərhal bağlanmasına əmr verdi. Murtəzəvinin dövlət orqanında vəzifəyə sahib olması Xamneyi və onun tərəfdarı olan parlament üzvlərini qəzəbləndirdi və parlament üzvləri buna qarşılıqlı olaraq imza toplayaraq İranın əmək, kooperasiya və ictimai rifah naziri Əbdürrza Şeyxülislamiyə impiçment tətbiq ediblər. Əhmədinejad naziri müdafiə etmək üçün parlamentə getdi və spiker Əli Laricaninin qardaşına qarşı sərt ittihamlar irəli sürdü". Elçin Hatəminin firkrincə, Əhmədinejadla Əli Laricani arasında yaşayan olaylar prezidentin çətin durumda olduğunu göstərir. Ekspertlər hesab edir ki, Əhmədinejad prezident postundan gedəcəyini bilir, sadəcə olaraq bütünü gücü ilə çalışır ki, prezidentlikdən sonra başqa bir mühüm vəzifəyə təyin olunsun. Dini liderin komandası isə Əhmədinejadın ümumiyyətlə siyasətdən getməsini istəyirlər. Ehtimal var ki, Əhmədinejad digər eks-prezidentlər kimi Xamneyi iqtidarına qarşı müxalifətə keçəcək.
Hüseyn Meşkinli