Səfir Fuad İsgəndərov Avropa Komissiyasının vitse-prezidenti xanım Neli Krusla görüş keçirib

Azərbaycan Respublikasının Belçika Krallığındakı Səfiri, eyni zamanda Avropa İttifaqı (Aİ) yanında nümayəndəliyinin rəhbəri Fuad İsgəndərov Avropa Komissiyasının vitse-prezidenti və rəqəmsal gündəlik üzrə Avropa komissarı xanım Neli Krus (Neelie Kroes) ilə görüş keçirmişdir.
Görüş zamanı Səfir beynəlxalq arenada TASİM layihəsinin inkişafının əhəmiyyəti, ölkəmizdə 2013-cü ilin "İKT ili" elan edilməsindən irəli gələn müxtəlif tədbirlərin həyata keçiriləcəyi, Dövlət Neft Fondunda cəmləşmiş maliyyə ehtiyatları hesabına dövlət tərəfindən ilkin olaraq 140 milyon AZN məbləğinin internet infrastrukturunun təkmilləşdirilməsi və internet imkanlarının ölkəmizin hər bir bölgəsinə çəkdirilməsi ("Fiber to Home" layihəsi) və bu rəqəmin yaxın 4-5 ildə daha da artırılacağı barədə məlumat vermişdir. Səfir Azərbaycanda ASAN xidmətinin fəaliyyətə başladığını qeyd edərək, onun tətbiq etdiyi müasir texnologiyalar və idarəetmə üsulları əsasında əhaliyə şəffaf və səmərəli şəkildə birbaşa müxtəlif xidmətlərinin göstərilməsi istiqamətində atılan addımların vacibliyini də Neli Krusun diqqətinə çatdırmışdır.
Səfir eyni zamanda, ölkəmizdə internet azadlığı mövzusuna toxunaraq, Azərbaycanda sosial şəbəkə istifadəşilərinin sayının durmadan artdığını və misal olaraq, "Facebook" istifadəçilərinin sayının 1 milyondan çox olduğunu bildirmişdir. Səfir cəmiyyətimizdə hər bir şəxsin internetdən sərbəst istifadə hüququ olduğunu və Hökumət tərəfindən internetdən istifadəyə heç bir məhdudiyyət və nəzarət mexanizmlərinin tətbiq edilmədiyini vurğulamışdır. Səfir bildirmişdir ki, öz iqtisadi inkişaf templəri ilə yanaşı Azərbaycan eyni zamanda İKT sahəsini daha da inkişaf etdirmək niyyətindədir. Qeyd edildi ki, bu kimi proseslərdə Aİ təcrübəsinin öyrənilməsi ikitərəfli əməkdaşlıq dialoqunun gücləndirilməsinə xidmət edə bilər.
Xanım N.Krus ölkəmizlə dost münasibətlərinin və səmimi tərəfdaşlığının formalaşmasında maraqlı olduğunu, internet azadlığı sahəsində Aİ ilə daimi dialoqun aparılmasının vacibliyini qeyd etmişdir. Azərbaycanda bu istiqamətdə görülən işlər barədə məlumatlı olduğunu bildirən N.Krus, Azərbaycanın müasir idarəetmə üsullarının tətbiqi sahəsində müəyyən islahatların davam etdiyini və ümumiyyətlə insan haqlarının qorunması ilə birbaşa bağlılığı olan İKT sahəsinin getdikcə Azərbaycanda daha da inkişaf edəcəyinə əmin olduğunu vurğulamışdır.

N.Krus xüsusilə qeyd etmişdir ki, o, həm Avropa Komissiyasının vitse-prezidenti, həm Avropa komissarı, həm də Holland xalqının təmsilçisi olaraq, Azərbaycanın hərtərəfli inkişafına inanır və birgə əməkdaşlıq səylərini artırmaq üçün Hökumətimizlə bütün səviyyələrdə ikitərəfli dialoq üçün faydalı olacaq maraqlı əməkdaşlıq təkliflərini nəzərdən keçirməyə hazırdır.
Görüş zamanı Səfir İKT sahəsində fəal olan QHT-lər və özəl sektor dairələrinin iştirakı ilə cari il ərzində Aİ - Azərbaycan İnternet/İKT Forumunun təşkil olunmasını, eləcə də internet idarəçiliyi mövzusunda Aİ ilə müxtəlif əməkdaşlıq aspektlərinin müzakirə edilməsi imkanlarının araşdırılmasını təklif etmişdir.
Görüş səmimiyyət və tərəfdaşlıq ruhunda keçirilmişdir.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00