ETTELAAT Cənub bölgəsində daha fəaldır - AÇIQLAMA

Elxan Şahinoğlu: “Rusiya və İran Azərbaycandakı sosial gərginlikdən istifadə etməyə çalışırlar”

Mətbuata açıqlama verən KXCP sədri Mirmahmud Mirəlioğlunun sözlərinə görə bölgələrdə baş verən hadisələri xarici qüvvələr həyata keçirir. M.Mirəlioğlu qeyd edib ki, İran ETTELAAT-ı Gəncədə geniş fəaliyyətə sahibdir. "Mirəlioğlunun bu fikirləri hansı faktlara əsaslanıb yürütdüyünü demək bir az çətindir. Amma, mənim müşahidələrimə görə bölgədə baş verən hadisələrdə həm daxili, həm də xarici amillər mühüm rol oynayır. Daxili amil ondan ibarətdir ki, həqiqətən bölgələrdə yaşayan insanların müəyyən hissəsinin sosial durumu ağırdır, bu istiqamətdə də müəyyən narazılıqları var və bu narazılıqları da ifadə etməyə çalışırlar" deyən politoloq Elxan Şahinoğlunun sözlərinə görə Azərbaycandakı mövcud vəziyyətdən istifadə etməyə çalışan xarici qüvvələr var: "Hər halda xarici qüvvələr bu hadisələrin içərisində iştirak etməsələr də gərginliyin artmasına təkan verirlər. Guya ki, İsmayıllının İvanovka kəndində yaşayan ruslar Rusiyaya məktub göndərməyə başlayıblar. Bu amil hadisələrdə xarici izi göstərir, amma birbaşa əlaqələrin olmasını demək çətindir. O ki qaldı İran ETTELAAT-nın Gəncədə möhkəmlənməsinə, çox təəssüflər olsun ki, İran kəşfiyyatı Azərbaycanda çox fəaldır. İran kəşfiyyat orqanları daha çox Azərbaycanın Cənub bölgələrində fəallıq göstərirlər. Əgər onlar Gəncəyə də gəliblərsə demək həmin qurumlar daxildə öz fəaliyyətlərini daha da genişləndiriblər. Məsələdə bir az diqqətli olmaq lazımdır, çünki, Rusiya və İran münasibətlərinin istiləşməsi əbəs yerə deyil. Bu dövlətlər Azərbaycandakı sosial gərginlikdən istifadə etməyə çalışacaqlar" ("OLAYLAR" İA)   

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00