Müxalifətdə fikir ayrılığı - SİYASİ ANALİZ
Radikallar dövlətçilik mövqeyindən uzaqlaşır
4 Fevral 2013 15:28 Siyasətİctimai Palatanın növbəti toplantısında Quba, İsmayıllı və "Binə" olayları müzakirə edilib. Müsavat Partiyasının qərargahında keçirilən dinləmələrdə İP üzvü olmayan partiyaların sədrləri, ziyalılar, hüquqşünaslar, hüquq müdafiəçiləri və digər ictimaiyyət nümayəndələri iştirak edib. Müsavat başqanı, AXCP sədri ilə yanaşı məsələlərə ACP sədri Sülhəddin Əkbər, ADP sədri Sərdar Cəlaloğlu da toplantıda iştirak ediblər. Müsavat rəhbəri və AXCP sədri son günlər baş vermiş hadisələrlə bağlı yenə də əvvəlki kimi qərəzli mövqedən çıxış ediblər, hadisələri radikal müxalifətin mübarizə taktikasına uyğun qiymətləndiriblər. Amma Sərdar Cəlaloğlu, Sülhəddin Əkbər və Mirmahmud Mirəlioğlu dövlətçilik mövqeyindən çıxış ediblər. Sülhəddin Əkbər "Binə" və İsmayıllıda baş verənlərim Rusiyanın maraqlarına cavab verdiyini bildirib. ACP sədrinin sözlərinə görə, Rusiya bölgədə fəallaşıb və baş verən hadisələrdə Rusiya izi axtarmaq doğru olardı. ADP sədri Sərdar Cəlaloğlu da eyni mövqedən çıxış edib. Onun firkincə, müstəqilliyə təhlükə yarandığı bir zamanda siyasi qüvvələr birləşməlidir. KXCP sədri Mirmahmud Mirəlioğlunun mövqeyi daha konstruktivdi. Mirmahmud ağa bildirib ki, Gəncədə İran ETTELAAT-ının təsirində olan adamlar fəallaşıblar. Hər üç konstruktiv müxalifət liderinin çıxışından belə anlaşılır ki, hazırkı dövrdə qeyri-konstruktiv çağırışlara gərək yoxdur, baş verən kortəbi aksiyaları dəstəkləmək lazım deyil. Sülhəddin Əkbər və Sərdar Cəlaloğlunun fikirlərindən anlaşılan odur ki, Rusiya və İran Azərbaycan 1993-cü il ssenarisini təkrar etmək niyyətindədir. ADP sədri elə bu cür deyib: "İndi 93-cü il Elçibəy hakimiyyəti zamanı yaranmış vəziyyətə oxşar situasiya yaranıb". Həqiqətən də belə bir durumda siyasi müxalifət də sayıq davranmalıdır. Söhbət hakimiyyətin tərəfini tutmaqdan getmir. Dövlətçilik prinsipləri daim öndə olmalı və firqə maraqlarına qurban verilməməlidir. Bu gün Azərbaycan müxalifətində Misir və Suriya tipli inqilablarqa çağırışlar var. Amma Sərdar Cəlaoğlu doğru olaraq bildirir ki, bu tipli inqilablar bütövlükdə cəmiyyətə, dövlətçiliyə fayda gətirmir. Bu gün inqilabdan sonrakı Misir hələ də özünə gələ bilmir. Ölkə faktiki olaraq bölünmə ərəfəsindədir. Ölkənin islamçı hakimiyyəti xristian qibtilərin narazılığı qarşısında aciz qalıb. İslamyönümlü islahatlar Misirdə digər əhali qrupları tərəfindən qəbul olunmur. Suriyada inqilab başa çatmayıb, son iki ildə ölkəyə milyardlarla dollar ziyan dəyib. Milli birliyə sağalmaz zərbələr dəyib. Eyni proses istənilən MDB ölkəsində də yaşana bilər. İnqilab istənilən halda dağıdıcıdır. Əgər varlı siniflərin bahalı avtomobilləri, villaları yandırılırsa, ümumi əhalinin istifadə etdiyi infrastrukturlar da sıradan çıxarılır. Ərzaq qıtlığı yaranır, nəqliyyatın hərəkət pozulur. Bu baxımdan Müsavat, AXCP və tərkibində xeyli qisasçı qüvvələri birləşdirmiş Ümid kimi radikal müxalifət partiyaları ADP, AÇP kimi konstruktiv mövqedən çıxış etməlidir. Rusiyanın niyyəti bəllidir. Kreml Avrasiya İttifaqı adı altında SSRİ-nin bərpa etmək istəyir. Gürcüstanda hakimiyyət məsələsi artıq 50 faiz həll edilib. Moskva bu ssenarini digər ölkələrdə də sınaqdan keçirmək istəyir. İP rəsmiləri düşünməlidir: Rusiya Gürcüstanda ənənəvi müxalifəti hakimiyyətə gətirmədi. Kreml özünə sərf edən, ölkənin müstəqilliyinin məhdudlaşdırılmaısna göz yuman qüvvələrlə işləməyə üstünlük verəcək. O halda pozucu aksiyaları dəstəkləməkdə nə fayda var?
Ərhun Abbas