İvanişvili Gürcüstanı böhrana atacaq - REGİON
4 Fevral 2013 15:20 SiyasətGürcüstanın baş naziri Bidzina İvanişvilinin Davosdakı çıxışından: "Saakaşvili dünyanı aldadıb, Gürcüstana investisiya yatırmaq üçün şərait yoxdur". Prezident Mixail Saakaşvilinin İvanişviliyə cavabı: "Düşmənimiz Rusiya maraqlı idi ki, ölkəmiz qeyri-sabit ölkə kimi tanınsın. İndi isə bunu Gürcüstanın baş naziri təkrarlayır. İvanişvlinin fikirlərilə Rusiyanın ideyaları üst-üstə düşür. Heç bir dövlət Gürcüstana investisiya qoymaq istəməyəcək. Mən, deyəsən, artıq bu həyatda heç nə başa düşmürəm. İstəyirəm ki, cəmiyyətimiz ayılsın və nəticələr çıxarsın!". Gürcüstan prezidenti Davosda keçirilən Beynəlxalq İqtisadi Forumda bir daha Bidzina İvanişvilinin Vladimir Putinin tapşırıqları üzərindən siyasət yürütdüyünü açıq şəkildə bəyan elədi. İvanişvilinin rusmeyilli addımları isə regionu yeni fəlakətlərə sürükləyə bilər. Abxaziyadan keçən dəmiryol xəttinin açılmasını gündəmə gətirən İvanişvili siyasi analitiklərin onun barəsindəki proqnozlarını alt-üst elədi. Baş nazirin əhatəsi isə bunu Axaziya və Cənubi Osetiyanın müqəddəratının həll edilməsi istiqamətində atılan addım kimi dəyərləndirir. Bidzina İvanişvilinin hakimiyyətə gəlməsindən sonra Abxaziya prezidenti Aleksandr Ankvab dəmiryolunun açılmasına isti münasibət göstərir. Buna qədər isə Abxaziya dəmiryol xəttinin bərpa cəhdlərinə görə dəfələrlə rəsmi Tiflisə etiraz edib. Dəmiryol xəttinin bərpa olunması Cənubi Qafqazda Rusiya Silahlı Qüvvələrinin idxal olunması deməkdir. Digər tərəfdən İvanişvili buna Gürcüstanın Rusiya ilə yaxınlaşması çərçivəsində baxması səhv gedişdir. 2008-ci il Rusiya-Gürcüstan müharibəsindən sonra gürcü dövlətinin Azərbaycandan enerji asılığı artıb. Belə olan təqdirdə İvanişvili öz əlilə Gürcüstanı böhrana atacaq. İndiki məqamda Rusiya iqtisadiyyatı tənəzzül dövürünü keçirir və Gürcüstanın Kreml asılığıana keçməsindən sonra rus hakimiyyətinin gürcü dövlətinə istənilən yardımı göstərəcəyi inandırıcı görünmür. Abxaziya dəmiryol xəttinin bərpası regiona rus hərbi müdaxiləsinin idxalını, qarşıdurmaların, dondurulmuş münaqişələrin
alovlandırılmasına zəmin yaradacaq. Bu çərçivədə də İvanişvilinin xarici siyasəti Rusiya ilə məhdudlaşır. Əslində İvanişvili Rusiya ilə yaxınlaşmaqda əsas mqəsədi Azərbaycana qarşı Rusiya-Gürcüstan-Ermənistan-İran müttəfiqliyinin yaranması üçün münbit şərait yaratmaqdır. Gürcü baş nazirin anti-Azərbaycan simpatiyası bu amildən doğur. Rəsmi Moskvanın Bakı ilə Qəbələ RLS haqqında razılığa gəlməməsi də bununla bağlıdır. Məhz Bidzina İvanişvili Gürcüstan hakimiyyətində möhkəmləndikdən sonra Qəbələ RLS-dən imtina etdi. Bunun da əsl səbəbi Azərbaycanın qonşuluğunda olan Gürcüstan siyasətində öz adamının (İvanişvili) hakimiyyətə gələməsi idi. Azərbaycanın enerji layihələrinin əsas tranzit ölkəsi Gürcüstandır. Yəni ki, Azərbaycan və Gürcüstan arasında baş verəcək hər hansı anlaşılmamazlıq həmin proyektlərin varlığını şübhə altına sala bilər. İvanişvili və Putinə görə isə bu halda Azərbaycan Rusiya ilə yaxınlaşmağa məcbur olacaq. Ona görə də Kreml bu istiqamətdə İvanişviliyə "tarixi fürsət" dəyərini verir. İvanişvili isə onun barəsində region ictimaiyyətində formalaşan "Moskvanın adamı" imicini göstərməmək üçün bəzi siyasi manevrlər edir. Məsələn, Gürcüstanın NATO, Aİ-yə inteqrasiyası, region dövlətlərilə isti əlaqələrin qurulmasına cəhdlər (Türkiyə və Azərbaycan), Bakı-Tiflis-Qars dəmiryol xəttinin çəkilməsinə müsbət yanaşma tərzi pərdələyici funksiyaya malikdir. Lakin, İvanişvili bu siyasəti sözdə göstərir. Xüsusilə İvanişvili Bakı-Tiflis-Qars dəmiryolunun çəkilməsinin qəti şəkildə əleyhinədir. Rusiya da bu layihənin gerçəkləşməsini istəmir. Dəmiryolu Azərbaycanın enerji resurslarının Avropaya daşınmasında xüsusi əhəmiyyətlidir. Layihə fiaskoya uğrasa Moskva düşüncə tərzinə görə bu Azərbaycana böyük zərbə olacaq. İvanişvilinin layihənin ləğv olunması istiqamətində atacağı addım Gürcüstanın beynəlxalq arenadakı imicinə xələl gətirəcək. Buna görə də Gürcüstan prezidenti Mixail Saakaşvili baş naziri müxalifəti satın almaqla günahlandırır və gürcü mediyasını "yalan maşını" adlandırır. İvanişvili isə parlamentdəki qələbəsindən sonra mətbuata açıqlamasında bildirmişdi ki, o, 2 il ərzində Gürcüstandakı problemləri həll edərək siyasətdən gedəcək. Putin də "Avrasiya İttifaqı"nın 2015-ci ilədək formalaşacağını bildirmişdi.
İvanişvilinin iki illik sözü məhz bu tarixə təsadüf edir. Demək ki, Vladimir Putin planları həyata keçirmək üçün 2 il vaxt verib. Qeyd edək ki, Bidzina İvanişvili 6 milyard dollarlıq sərvətini Rusiyada qazanıb.
Mənsur Rəğbətoğlu