Fransa XİN:"Bəşər Əsədlə deyil, müxalifətlə danışıqlar aparmaq lazımdır"
Loran Fabius Suriya müxalifətini dəstəkləməyə çağırıb
4 Fevral 2013 15:15 SiyasətSuriyada münaqişənin həlli üçün müxalifətdən formalaşan koalisiyanı dəstəkləmək vacibdir. Bunu Fransanın xarici işlər naziri Loran Fabius yerli radio kanallarından birinə müsahibəsində deyib.
"Əgər biz Suriyada ekstremizmlə mübarizə aparmaq istəyiriksə, Suriya Milli Koalisiyasını dəstəkləməliyik. Fransa bu koalisiyanı tanıyan ilk ölkədir. Prezident Fransua Ollandla mən həmişə Rusiya kimi qüvvələri demokratiya tərəfdarı olan bu insanlarla müzakirələr aparmağa çağırmışam. Təkliflərim rədd edilsə də, artıq qəbul edildiyini görürəm. Amma yenə də, görüləcək çox iş var. Unutmaq olmaz ki, Suriyada artıq 70 minə yaxın adam öldürülüb. Bu, həqiqətən də, dəhşətlidir." - Loran Fabius belə deyib.
Fransanın xarici işlər naziri həmçinin vurğulayıb ki, Suriya münaqişəsində artıq çoxdan istefaya getməli olan prezident Bəşər Əsədlə deyil, müxalifət lideri Moaz əl-Xətiblə danışıqlar aparmaq lazımdır.